Şrift:
İki azərbaycanlı şəhidin adı “Urmiyə Qəbiristanlığı Təşkilatı” saytının axtarış sistemindən silinib
07.12.2017 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
2006-cı il may hadisələrində (hicri-şəmsi təqvimi ilə 1385-ci il xordad hadisələri – Milli Qiyam) canlarını vətən uğrunda fəda etmiş iki azərbaycanlının adı “Urmiyə Qəbiristanlığı Təşkilatı” saytının axtarış sistemindən silinib.

Əldə olunan məlumata görə, Eyvəz Səyyahi və Fərzad Əsədpurun adları axtarış sistemindən (http://motavafian.urmia.ir) təhlükəsizlik qüvvələrinin təzyiqi ilə silinib. Bundan öncə isə adı çəkilən şəhidlərin məzarının harada yerləşdiyi haqda axtarış sistemindən informasiya almaq mümkün olub.

Urmiyəli milli-mədəni fəallar bu qanunsuz hərəkətin necə baş verdiyini araşdıraraq şəhidlərin adlarını yenidən axtarış sisteminə əlavə etdirməyə çalışırlar.

Şəhid Eyvəz Səyyahi urmiyəli olub, o 2006-cı il mayın 23-də Urmiyədə keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yaralandıqdan sonra aparıldığı xəstəxanada həyatını itirib.

Şəhid Fərzad Əsədpur da Urmiyə sakini olub. O 2006-cı il mayın 24-də keçirilən etiraz aksiyasında İranın təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilib. Mayın 25-də basdırılan şəhidin dəfn mərasimində yalnız valdeynlərinin iştirakına icazə verilib.

2006-cı ildə Tehranda nəşr olunan “İran” qəzetində türkləri təhqir edən karikaturanın dərc olunmasına etiraz məqsədi ilə azərbaycanlılar mayın 22-də küçələrə çıxmış, öz milli hüquqlarını tələb etmişdilər. Bir neçə həftə davam edən aksiyalarda milyonlarla insan “haray, haray, mən Türkəm”, “mənim dilim ölən deyil, başqa dilə dönən deyil” və s. kimi şüarlar səsləndirərək öz istək və tələblərini bildirmişdi. Etiraz aksiyaları hakimiyyətin güc strukturları tərəfindən vəhşicəsinə yatırılmışdır ki, bunun da nəticəsində onlarla insan şəhid olmuş və çox sayda insan yaralanmışdı. Bu hadisələr zamanı və hadisələrdən sonra minlərlə azərbaycanlı milli fəal müxtəlif bəhanələrlə həbs və işgəncələrə məruz qalmışdı.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed