Şrift:
Siyamək Mirzayi haqqında qondarma ittihamla yeni dosye təşkil olunub
07.12.2017 [14:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Evin zindanının təhlükəsizlik bölümünün məsulları həbsxananın 8-ci korpusunda məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal mühəndis Siyamək Mirzayi haqqında qondarma ittihamla yeni dosye təşkil ediblər.

Hüquqlarının pozulduğuna görə zindandan səlahiyyətli rəsmi şəxslərə məktub yazmaq, 18 günlün aclıq aksiyası keçirmək və s. kimi hərəkətləri ilə məhkəmə və təhlükəsizlik orqanlarını qəzəbləndirən azərbaycanlı fəal bu dəfə yeni bir ssenari ilə üzləşib. Belə ki, bir müddət öncə zindan məsulları suç uydurmaq məqsədi ilə bir məhbusu S.Mirazyi ilə dava eləməyə təşviq ediblər. Məqsədyönlü şəkildə təşkil olunan davadan sonra təhlükəsizlik bölümünün məsulları fəalı “rəhbəri təhqir etmək və ümumi asayişi pozmaq”da günahlandıraraq yeni dosye təşkil ediblər. Fəala qarşı irəli sürülən ittiham Tehran müqəddəs 33 nahiyyəsi məhkəməsinin 4-cü şöbəsinin hakimi tərəfindən təsdiqlənib, o həmin ittihama görə 100 milyon tümənlik mülki vəsiqə qərarı ilə üzləşib.

Qeyd edək ki, İranın əksər zindanlarında siyasi məhbuslarla ağır cinayətlərdə ittiham olunan məhbuslar eyni korpusda saxlanılır. İran rejimi siyasi məhbusları, təhlükəsizlik məsələləri ilə bağlı məhbus adlandıraraq onlara xüsusi korpus ayırmaqdan imtina edir. Bu vəziyyət bir çox azərbaycanlı siyasi məhbusu, o cümlədən S.Mirzayini təhlükə ilə üz-üzə qoyur.

S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

S.Mirzayi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed