Şrift:
Umud Rəhimoğludan cəbhədəki vəziyyətlə bağlı çağırış
11.06.2012 [10:40] - Sosial
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu son günlər cəbhə xəttində ermənilərin hücumları nəticəsində yaranmış vəziyyətlə yanaşı bu gərgin durumda bir sıra mətbuat orqanlarının və jurnalistlərin davranışından çox narahatdır.

U.Rəhimoğlu birinci Qarabağ savaşı dövründə olduğu kimi, yenə də Ermənistan tərəfinin hücumlarının Azərbaycana qarşı yalan məlumatlarla dolu informasiya savaşı ilə müşayiət olunduğunu bildirib. O, bir çox məqamlarda bəzi mətbuat orqanlarının da erməni tərəfinin bu yalan dolu məlumatlarına istinad etməklə düşmən dəyirmanına su tökən davranışından təəssüfləndiyini deyib: “Son günlər cəbhə xəttində ermənilərin atəşkəsi pozma hallarının intensivləşməsi, düşmənin Azərbaycan ordusunun mövqelərinə ardıcıl hücumları haqlı olaraq cəmiyyətdə narahatçılıq yaradıb. Amma bu narahatçılıqla yanaşı belə ağır vəziyyətdə bir sıra mətbuat orqanlarının, jurnalistlərin Azərbaycanın deyil, Ermənistan mətbuat orqanlarında planlı şəkildə yayılan yalan məlumatlara istinad etmələri və ya qeyri-peşəkar davranmaları məndə böyük təəssüf hissi doğurur”.

U.Rəhimoğlu Azərbaycan üçün belə bir həssas məqamda mətbuat və vətəndaş cəmiyyəti təmsilçilərinə müraciət edib: “Belə bir çətin məqamda çox diqqətli olmalı, Azərbaycanımızın dövlət təhlükəsizliyinə zərbə vura biləcək düşmən ölkənin mətbuatının məlumatların deyil, Azərbaycan rəsmi qurumlarının və digər mənbələrin təsdiq olunmuş obyektiv məlumatlarının yayılmasına çalışmaq lazımdır. Vətəndaş cəmiyyətinin nümayəndələri də bu məqamda ayıq-sayıq olmalı, Azərbaycan dövlətinin təhlükəsizliyinə zərbə vuran halların qarşısının alınmasıda əlindən gələni etməli, bu işdə media və müvafiq qurumlarla birgə çalışmağa təşəbbüs göstərməlidir”.

Unutmayaq ki, əsgər və zabitlərimiz bu gün cəbhə xəttində vətənimizin müdafiəsində fədakarcasına döyüşərək torpaqlarımızı düşmən həmlələrindən qoruyur. Belə ağır vaxtda ordumuza arxa, dayaq olmalı, onları sarsıdan yalan və yanlış informasiyaları yaymamalıyıq. Hamımız Ermənistanın Azərbaycana qarşı olan yalan informasiya savaşına qarşı birləşməliyik.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed