Şrift:
Ustad Barışmazın heykəlinin açılış mərasimi keçirilib – Marağada
09.12.2017 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Marağa şəhərində “Barışmaz” təxəllüsü ilə tanınan görkəmli şair və yazıçı ustad Heydər Abbasinin heykəlinin açılış mərasimi keçirilib.

Tanınmış şairin heykəli Marağa Bələdiyyə İdarəsi tərəfindən Ustad Heydər Abbasi meydanında ucaldılıb.

Cümə axşamı günü keçirilən mərasim ustad Barışmaza həsr olunan Yaradıcılıq Gecəsi ilə eyni günə təsadüf edib.

Mərasimdə çıxış edən Marağanın bələdiyyə başqanı Məhəmmədrza Əhmədi bildirib ki, bu heykəl böyük ustadın yaradıcılıq fəaliyyəti və şəxsiyyətinə hörmət əlaməti olaraq ucaldılır.

“Bu meydanda aparılan təmir-yenidənqurma işləri, həmçinin ustadın heykəlinin hazırlanması üçün bir milyard iki yüz milyon (1 200 000 000) rial məbləğində vəsait xərclənib. Mədəniyyət sahəsinin böyük şəxsiyyətlərini qiymətləndirmək Bələdiyyə İdarəsi üçün prioritet əhəmiyyət kəsb edir. Biz gələn il mayın 6-da – “Marağa Günü” ilə eyni vaxtda ustad Kərimi Marağalının büstünü də onun öz adına olan meydanda ucaldacayıq”- deyə o bildirib.

Ustad Barışmazın heykəli heykəltəraş Fərdin İsfəndiyari tərəfindən hazırlanıb, onun hündürlüyü 5 metrdir.

Qeyd edək ki, dekabrın 6-7-də Marağa şəhərinin Əbdülqadir Marağalı Mədəniyyət və İncəsənət Kompleksində ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib.

Heydər Abbasi 1943-cü ildə (hicri şəmsi təqvimi ilə 1322-ci il) Güney Azərbaycanın Marağa şəhərində doğulub. İbtidai təhsilini doğulduğu şəhərdə alan şair, ingilis dili ixtisası üzrə ali təhsil alıb.

Heykəltəraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dillərini mükəmməl bilir. Ən çox türk dilində yazıb-yaradan şair 50-dən çox dəyərli əsərin müəllifidir. Nəhcül-Bəlağənin təfsiri və türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed