Şrift:
Ermənilər axundun burnunu, qulağını kəsib, başının dərisini soydular - Mart qırğınları
13.12.2017 [11:55] - Xəbərlər, DAVAMın yazıları
Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq. Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb. Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

Modern.az bu səbəbdən, mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara davam edir. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

Amma bildiyimiz kimi mart qırğınları təkcə Bakı ilə bitmirdi. Bakıdan əvvəl və sonra bir neçə bölgədə də bu qırğınlar həyata keçirildi. Ermənilər bir neçə bölgəmizdə yerli əhalini qətlə yetirib, onlara olmazın işgəncələrni verdilər. Bu bölgələrdən biri də Bakıya daha yaxın olan Şamaxı idi. Şamaxıya daxil olan ermənilər əvvəlcə hiyləyə əl atdılar. Onlar ilk anda yerli əhaliyə toxunmayacağını bildirdilər.

Lakin erməni məkri çox davam edə bilmədi, Tezliklə Şamaxı şəhəri top atəşinə tutuldu. Axşamüstü isə silahlı erməni dəstələri şəhərə daxil olub, əvvəlcədən nəzərdə tutduqları qırğını həyata keçirtdilər. İki gün ərzində şəhərdə azərbaycanlıların evi yandırıldı, talan edildi, günahsız insanlar amansızcasına qətlə yetirildilər. Heç bir silahı olmayan dinc əhali özünü müdafiə edə bilmədi. Hadisənin üçüncü günü soyqırımı müvəqqəti olaraq dayandırıldı. Vahimə içində olan şəhər əhalisi qorxudan küçəyə çıxa bilmir, müqavimət göstərmirdi. Hadisələrin qarışıqlığından istifadə edən ermənilər Şamaxıda özlərinin yerli hökumətini yaratdılar. Qondarma erməni hökuməti hamıya evdə oturmaq, küçəyə çıxmamaq barədə göstəriş verdi. Əhaliyə belə bir fikir aşılandı ki, küçəyə çıxmayanlara qarşı heç bir cəza tədbirləri görülməyəcəkdir. Əslində isə bu, qondarma erməni hökumətnin məkrli niyyəti idi. Bir qədər sonra bu niyyət üzə çıxdı. Şəhərə tam hakim kəsildikdən, yəni yiyələndikdən sonra erməni silahlı dəstələri salamat qalmış, yandırılmamış müsəlman evlərinə soxuldular, silah, hədə-qorxu gücünə soyğunçuluq etməyə başladılar. Onlar kişiləri guya “idarəyə aparırıq” adı ilə evdən çıxarıb kütləvi şəkildə öldürdülər. Şamaxı qırğınının sədası tezliklə hər tərəfə yayıldı. Ermənilər Gəncədən müsəlmanların silahlı dəstələri gələnə qədər öz çirkin fəaliyyətlərinin davam etdirir, hər yerdə azərbaycanlıları vəhşicəsinə öldürürdülər. Gəncədən köməyə gələn silahlı dəstələr Şamaxı şəhərini tezliklə bu qaniçənlərdən azad etdilər. Xalq bu qırğın zamanı qətlə yetirilənləri hələ ayırd etməmiş, dəfn eləməyə macal tapmamış Bakıdan gələn erməni silahlı dəstələrinin təzyiqi altında Gəncə silahlıları şəhəri tərk etməyə məcbur oldular, Şamaxı yenə də ermənilərin əlinə Şamaxı əhalisinin başına bu dəfə daha dəhşətli bəlalar açıldı. Şəhərdən qaçan azərbaycanlılar qarşılarına çıxan müsəlman əhalisinə öz canlarını xilas etməyə, Şamaxının mərkəzində ermənilərin görünməmiş vəhşiliklər elədiyini bildirdilər.
Zavallı axundun faciəsi

Əhali özünü xilas etmək üçün başqa yerlərə qaçırdı. Amma Göyçaydan gəlmiş bir nəfər axund bu “şayiələrə” inanıb qaçmamağı, ermənilərlə danışıqlar aparacağını və bundan sonra müsəlman əhalisinə heç bir xətər toxunmayacağını vəd etdi. Başlarına min bir müsibət gətirilən azərbaycanlılar axundun dediyinə, danışıqların bir səmərə verəcəyinə inanıb qaçmadılar. Şəhər sakinlərinin xeyli hissəsi ev eşiklərini tərk etməyib daha bu dəhşətli qırğına məruz qalmayacaqlarına inandılar. Bir neçə gün sonra isə Şamaxı ikinci dəfə qan ocağına çevrildi. Azərbaycanın başqa ərazilərində qırğınlar törədən erməni quldurları Şamaxıda misli görünməmiş cinayətlərə əl atdılar. Onlar qadınların və kişiləri tənasüf üzvlərini kəsmiş, körpə uşaqları yerə mıxlamış, meyidlərin başına min bir oyun açmışdılar. Əhalinin qabağını kəsib şəhərdən çıxmağa qoymayan, onlara şirin vədlər verən axundun özü də ermənilərin qəzəbinə düçar olmuşdu. Əvvəlcə onun dilini, qulaqlarını, burnunu kəsmiş, sonra isə başının dərisini soymuşdular.

Dəhşətdən də o tərəfə

Araşdırmaçılar Vaqif Arzumanlı, Vəli Həbibov və Kamran Muxtarlının mart soyqırımılarına həsr etdikləri tarixi araşdırmalarda Şamaxı qırğınları barəsində dəhşətdən də o yana olan qeydlər verilib. Hələ araşdırmaçılar bəlkə də çox şeyi yazmamışdılar. Amma onlar üçün nə qədər çətin olsa da, tarixi həqiqəti çatdırmaq üçün yazmağa məcbur olduqları bəzi qeydləri sizə təqdim edirik:

“S.Lalayevi əmri ilə erməni quldurları cavan qadınları, qızları onun Şamaxıdakı evinə aparırdılar. Burada onları soyunduraraq, əvvəlcə spirtli içki içdirir, sonra da silah gücünə onları zurna altında rəqs elətdirir, elə oradaca zorlayır və bir qismini öldürür, bir qismini isə hündür eyvandan küçəyə atırdılar. Şamaxıya türk qoşunlarının gəlməsi ilə bu qadınlardan cəmi 8 nəfəri xilas edilə bildi. Erməni azğınları bu köməksiz qadınları, qızları öz vəhşətlərinin, ehtiraslarının qurbanı etdikdən sonra, vəhşicəsinə öldürmüşdülər”.


E.Nihad
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed