Şrift:
Bu gün Vaqif Mustafazadənin anım günüdür
16.12.2017 [10:51] - Xəbərlər, Mədəniyyət, Bildiriş
Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri Vaqif Mustafazadənin anım günüdür. V.Mustafazadə 1940-cı il mart 16-da Bakıda anadan olub.

O, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub. Burada kiçik konsertlər verib və klublarda çıxış edib. Dəyərli sənətkar əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", "Monte-Karlo") laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülür.

V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed