Şrift:
Xoy şəhərində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb
16.12.2017 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xoy şəhərinin fəalları şəhərin müxtəlif yerlərində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asıblar.

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə qurulan Azərbaycan Milli Hökumətinin ildönümü günlərində asılan posterlər üzərində hazırda İran zindanlarında həbsdə olan azərbaycanlı fəallar Siyamət Mirzayi və Nasir Xülusinin şəkilləri əks olunub.

Adı çəkilən fəallar Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə İran rejimi tərəfindən qondarma ittihamlarla uzunmüddətli həbslərə məhkum edilib.

Fəallar bu vasitə ilə azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

N.Xülusi 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il azadlıqdan məhrum edilib. O oktyabrın 30-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə yaxalanaraq zindana aparılıb.

S.Mirzayi isə öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. O hazırda Tehranın Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayır.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed