Şrift:
Hüseyn Cavid və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirilib
18.12.2017 [10:21] - Gündəm, Mədəniyyət
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEK-də “Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı konfrans keçirilib.
Tədbir Türk dünyasının iki böyük simasının - Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin və Türkiyə dövlət və hərbi xadimi Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunub.
Tədbirdə AMEA-nın, dövlət və ictimai qurumların, ali məktəblərin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Hüseyn Cavid və Kazım Qarabəkir mövzusuna müraciət etmiş sənətşünaslar, filoloq alimlər, rəssamlar, musiqi ifaçıları, aktyorlar, Hüseyn Cavid və Kazım Qarabəkirin ailə üzvləri iştirak ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Hüseyn Cavidin və Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalından azad edilməsində mühüm rol oynamış Türk Ordusunun Şərq cəbhəsinin komandanı və Hüseyn Cavidin dostu Kazım Qarabəkir Paşanın xatirəsinə həsr olunmuş tədbirin türk elinin məslək və dostluq coğrafiyası üzərində qurulduğunu bildirdi. Direktor Mərkəzi Elmi Kitabxananın elmi və ictimai mərkəz kimi türkologiyaya həsr olunmuş bir sıra elmi layihələrin və təşəbbüslərin müəllifi və icraçısı olduğunu, türkdilli mənbələrin ən zəngim kataloquna malik, Hüseyn Cavid və Kazım Qarabəkirin fondları da daxil olmaqla bir çox mənbələri unikal layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasında mühafizə etdiyini nümunə gətirdi.
“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki mütəffəkkirin milli xidmətlərindən, türk dünyasındakı rolundan danışıb, onların dostluqlarını Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olması baxımından yenə də aktual və çağdaş olduğunu söyləyib.
AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, Mədəniyyət və Turizm Nazirinin müavini professor Sevda Məmmədəliyeva tədbiri təqdirəlayiq adlandırıb, hər iki ictimai xadimin tariximizdəki əhəmiyyətli xidmətlərinə toxunaraq mövzunun “Bir millət, iki dövlət” anlayışına növbəti lazımlı töhvə olduğunu bildirib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral iki məslək sahibinin adına təşkil edilən tədbirin əhəmiyyətinə toxunaraq qələmlə və silahla mücadilə edən bu iki tarixi simanın daima yad olunduğunu və bu mənada MEK-də keçirilən toplantını yüksək qiymətləndirib.
“Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir “Kazım Qarabəkirin həyat və mübarizə yolu” haqqında geniş çıxış edib.
AMEA-nın muxbir uzvu, professor Əyyub Quliyev “Kosmik obyekt Huseyn Cavid –
Huseyn Cavid planet” mövzusunda çıxış edib. Professor Cəlal Qasımov Hüseyn Cavidin türkçülük məfkurəsinin dirçəlişinə, Turan elinin milli təfəkkürünün oyanışı uğrunda çalışan böyük türk övladı kimi qələmi ilə mübarizə aparmasından bəhs edib. Alim ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsini şairin tək cismani olaraq Azərbaycana qaytarılmasının deyil, türkçülüyün Azərbaycana qaytarılmasının başlanğıcı kimi qiymətləndirdi. Professor Tahirə Məmməd “Məslək qardaşları – Hüseyn Cavid Əfəndi və Kazım Qarabəkir Paşa” adlı çıxışında yaşıd və dost olan ədibin və hərbi xadimin talelərinin kəsişən məqamlarından danışıb. "Kazım Qarabəkirin mədəniyyət sahəsində fəaliyyəti" haqqında filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva, “Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrul Cavid” mövzusunda isə Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə məruzə edib. Professor Asif Rüstəmli elmi yazılarda Hüseyn Cavid haqqında rast gəlinməyən faktlara və apardığı araşdırmalara, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli və digər çıxışçılar hər iki şəxsiyyətin fəaliyyətində örnək olan məqamlara toxunublar.
Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış xalçaçı rəssamı Afaq Kərimovanın “Təsviri sənətdə Hüseyn Cavid” adlı sərgisi təqdim olunub. Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ulviyyə Hacıbəylinin Ərtoğrul Cavidin piano üçün variasiyalarının ifasının ardından AzTV-nin solisti, vokalist Aynur İsgəndərli və ADMİU-nun müəllimi, fortepiano ifaçısı Sevda Axundova Üzeyir Hacıbəylinin “Cırpınırdın, Qara dəniz" və Ərtoğrul Cavidin Nigar Rəfibəylinin sözlərinə yazdığı “Eşq olsun" bəstələrini, həmçinin, Kazım Qarabəkirin “İstiqlal” marşını səsləndiriblər. Fikrət Əmirovun Hüseyn Cavidin “Şeyx Sənan” dram əsərinin eyni adlı musiqi tamaşından “Kor ərəbin mahnısı” parçasını isə əməkdar artist Eyyub Yaqubov ifa edib.
Məruzələrdən və müsiqi kompozisiyalarından sonra Hüseyn Cavidin ailəsi adından cıxış edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova təşkilatçılara və iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə edib.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed