Şrift:
Urmiyənin imam cüməsi azərbaycanlı öyrəncilərin fəaliyyətindən narahatdır
18.12.2017 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini lideri Əli Xameneinin Qərbi Azərbaycan nümayəndəsi, Urmiyənin imam cüməsi Mehdi Qüreyşi dekabrın 15-də cümə namazı xütbələrində türk öyrəncilərinin Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardıqları fəaliyyətdən nigaranlığını bildirib.

İmam cümə dekabrın 11-də Urmiyə Universitetində Öyrənci Günü münasibəti ilə keçirilən görüşə işarə edərək mərasimdə türk öyrəncilərinin dilə gətirdikləri şüarları “əsassız tələblər” adlandırıb.

İmam cümənin çıxışı İslam Cümhuriyyəti Teleradio Təşkilatının xəbər agentliyində geniş şəkildə dərc olunub. O türk öyrəncilərinin mərasimdə dilə gətirdikləri tələbləri “kor-koranə siyasi hərəkat” kimi qiymətləndirib.

Bu kimi hərəkətlərin nifaq salmaq məqsədi güddüyünü deyən M.Qüreyşi azərbaycanlı öyrəncilər arasında oyanış dalğasının genişlənməsindən nigaranlığını bildirib, bu barədə ciddi xəbərdarlıq edib.
İmam cümənin Öyrənci Günü münasibəti ilə keçirilən mərasimdən narahat olub ona cümə namazı xütbələrində işarə etməsi gözlənilən idi. Ona görə ki, bu mərasimdə azərbaycanlı öyrəncilər müxtəlif şüarlar səsləndirib və milli zəmində bir çox tələblər irəli sürüblər. Öyrəncilər əsasən ana dilində təhsil, Urmu gölünün canlandırılması, söz azadlığı və s. zəmində şüarlar səsləndirib. Onlar mərasim zamanı üzərində şüarlar yazılmış plakatlar da qaldırıblar.

Türk öyrəncilərindən biri tribuna arxasına keçərək Azərbaycan türklərinə qarşı edilən iqtisadi, ictimai və siyasi ayrı-seçkiliklərdən danışıb. Lakin öyrəncinin cəsarətli çıxışından təşvişə düşən mərasim təşkilatçıları ona söhbətini yekunlaşdırmağa icazə verməyiblər.

Türk öyrəncinin çıxışı mərasim iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

N.S
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed