Şrift:
Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqlar Şirkətinin işçiləri də işsiz qaldı, şirkət möhürləndi
18.12.2017 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin İflas etmiş Şirkətlərin İşlərinə Baxan İdarəsi iflasa uğramış Traktorqayırma Zavodunun Sənaye Avadanlıqlar Zavodunu möhürləyib, işə gedən işçilər qapı arxasında qalıb.

Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqlar Şirkəti 1992-ci ildə hökumət orqanlarının tələbi əsasında Təbrizin Traktorqayırma Zavodundan ayrılaraq müstəqil fəaliyyətə başlayıb.

Sənaye Avadanlıqlar zavodunun möhürlənmiş qapısına belə bir banner asılıb: “2017-ci il dekabrın 14-də icarə müqaviləsinin müddəti bitib, kiraçı isə icarə müddətini uzatmağa maraq göstərmir. İflas haqqında qanunların Sənaye Avadanlıqları Şirkəti tərəfindən riayət edilmədiyini nəzərə alaraq zavodun giriş qapısı, həmçinin bütün bina və sexlərin (karqah) qapısı İflas etmiş Şirkətlərin İşlərinə Baxan İdarə tərəfindən möyürlənib.”
Bildirişdə həmçinin qeyd olunub ki, “artıq işçilər və digər şəxslər şirkətin həyətinə daxil ola bilməz. Qanunu pozanlar 3 aydan 2 ilədək həbs oluna bilər.”

Təbriz Məhkəməsinin 7 və 11-ci şöbələri 2017-ci il aprelin 26-da şirkəti müflis elan edərək onun idarəçiliyini İflas etmiş Şirkətlərin İşlərinə Baxan İdarəyə buraxıb. Bundan sonra idarə həmin şirkətin satışı ilə bağlı elan verib, lakin onun satılıb-satılmadığı və ya kimə satıldığı barədə heç bir məlumat yoxdur.

Təbriz Əmək Evinin icraçı katibi Kərim Sadiqzadə şirkətin iflasa uğramasına səbəb kimi yanlış idarəçilik və şirkətin düzgün şəkildə özəlləşdirilməməsini göstərib. Zavodda hazırda 200 işçinin olduğunu bildirən Sadiqzadə zavodun möhürlənməsinə etiraz edərək bunun nəticəsində işçilərin haqqının tapdalanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələri hökumətə yaxın şirkət və ya fiziki şəxslərə ötürülüb, onların əksəriyyəti hazırda maliyyə böhranı içindədir.

N.S
Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqlar Şirkətinin işçiləri də işsiz qaldı, şirkət möhürləndi
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed