Şrift:
Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin işçiləri üçüncü gündür etiraz aksiyasını davam etdirir
19.12.2017 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin möhürlənməsinə etiraz edən işçilər üçüncü gündür etiraz aksiyasını davam etdirir.

Məlumata görə, 220 zavod işçisi dekabrın 18-də Sənaye Avadanlıqları Zavodunun qapısının önündə toplaşıblar.

Bu barədə işçilərin bir neçəsi dekabrın 18-də “İlna” xəbər agentliyinə danışıb.

“Etiraz aksiyaları üçüncü gündür davam edir. İşçilər zavodun möhürlənməsinə etiraz edir və bu barədə məsullardan tədbir görmələrini tələb edirlər”- deyə etirazçılar bildirib.

İşçilərdən biri bəyan edib ki, “sənaye müəssisəsi ötən cümə axşamı günündən Təbriz Ədliyyə Şöbəsinin İflas etmiş Şirkətlərin İşləri üzrə İdarəsi tərəfindən möhürlənib. Bu səbəbdən iş yerlərini itirən zavod işçiləri qeyri-müəyyən vəziyyətdə qalıblar. Biz hələ də məsullardan bu haqda tədbir almalarını gözləyirik, lakin ötən 3 gün ərzində bizə heç bir cavab verilməyib.”

Başqa bir xəbərə görə, Təbrizin İran parlamentindəki 4 millət vəkili sözügedən sənaye müəssisəsində yaranan problemlə bağlı Daxili İşlər və Ədliyyə nazirlərinə məktubla müraciət edərək şirkətin yenidən fəaliyyətə başlamasını tələb ediblər.

“Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin mülkiyyət məsələsi öz həllini tapdıqdan, onun Traktorqayırma Şirkətinə təhvil verilməsi haqda qərar verildikdən sonra belə bir problemin yaranması, istehsal sahəsinə zərər verməklə yanaşı zavodun işçiləri üçün də bir çox problemlər yaradıb. Xahiş olunur ki, problemi aradan qaldırmaq üçün lazımi tədbirlə alınsın”- deyə məktubda qeyd olunub.


Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin işçiləri üçüncü gündür etiraz aksiyasını davam etdirir
Müraciət məktubu azərbaycanlı millət vəkilləri Məhəmməd Hüseyn Fərhəngi, Zəhra Sai, Əhməd Əlirzabeygi və Məhəmməd İsmail Səidi tərəfindən imzalanıb.

Mövzu ilə bağlı Təbriz Şəhər Şurasının üzvləri də səlahiyyətli şəxslərə xitabən açıq məktub ünvanlayıblar. Məktubda bildirilib ki, Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkəti özəlləşdirmə prosesinin qurbanı olub.

Sözügedən şirkəti 1992-ci ildə hökumət orqanlarının tələbi əsasında Təbrizin Traktorqayırma Zavodundan ayrılaraq müstəqil fəaliyyətə başlayıb.

Təbriz Məhkəməsinin 7 və 11-ci şöbələri 2017-ci il aprelin 26-da şirkəti müflis elan edərək onun idarəçiliyini İflas etmiş Şirkətlərin İşlərinə Baxan İdarəyə buraxıb.

Təbriz Əmək Evinin icraçı katibi Kərim Sadiqzadə şirkətin iflasa uğramasına səbəb kimi yanlış idarəçilik və şirkətin düzgün şəkildə özəlləşdirilməməsini göstərib.

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələri hökumətə yaxın şirkət və ya fiziki şəxslərə ötürülüb, onların əksəriyyəti hazırda maliyyə böhranı içindədir.

N.S
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed