Şrift:
Bakı Uşaq Teatrının 2017-ci ildəki fəaliyyəti - Hesabat yazısında.
26.12.2017 [15:20] - Gündəm, Afişa, Mədəniyyət
Bu il yeni teatr mövsümünün açılışını Qusarda, Şahdağ Qış-Yay Turizm Kompleksində həyata keçirmiş Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı açılışdan ilin sonuna qədər ümumilikdə 81 tamaşa olmaqla 48-i uşaqlar, 33-ü isə böyüklər üçün tamaşa təqdim etmişdir. 4 xeyriyyə tədbiri ilə çıxış edən teatr Beynəlxalq Ahıllar Günü münasibətlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında qonaq olmuşdur. Müxtəlif rəqs, mahnı, bədii qiraət nömrələri ilə çıxış edən qonaqlar pansionatın sakinləri tərəfindən maraqla qarşılanmışlar. Həmçinin teatrın aktyoru olan Tofiq əmi də öz illuziya nömrələri ilə çıxış etmişdir.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində "Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış etmişdir.
Tamaşa oktyabr – noyabr aylarında Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin 18 tamaşa olmaqla 15 cəzaçəkmə müəssisəsində nümayiş olunub və maraqla qarşılanıb.
Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Tamaşa maarifləndirici xarakter daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə "Həyatla oyun" tamaşası 6 cəzaçəkmə müəssisəsində nümayiş olunmuşdur. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün cox təsirli təbliğat vasitəsidir. Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi “Həyatla oyun” tamaşasında hadisələr real həyatdan götürülmüşdür. Tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub. Müddəti 1 saat 15 dəqiqədir.

Bakı Uşaq Teatrının kollektivi 2017-ci il noyabrın ilk ongünlüyündə Hacıqabul, Sabirabad, İmişli, Saatlı,Şirvan rayonları, Sumqayıt və Xırdalan şəhərlərində tamaşaçılarla görüşdə olub. Səfərlər zamanı gənclərə teatrın repertuarındakı “Günahsız Günahkarlar” tamaşası nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Аzərbаycаn Rеspublikаsının İnsаn alvеrinə qаrşı mübаrizəyə dair 2014-2018-ci illər üçün Milli Fəаliyyət Plаnı”nın icrası çərçivəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanmış, insan alverinə qarşı mübarizədə maarifləndirmə məqsədi daşıyani tamaşa indiyə qədər ölkə ərazisində müxtəlif auditoriyalarda nümayiş olunub və xüsusi maraqla qarşılanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Bakı Uşaq Teatrı Şəki şəhəri və Xələc qəsəbəsində də maarifləndirmə işi aparmışdır. Həmin ərazilərdə yerləşən cəzaçəkmə müəssisələrində də “Həyatla oyun” tamaşası nümayiş olunmuşdur.
BAKI UŞAQ TEATRI BEYNƏLXALQ FESTİVALDA
Bakı Uşaq Teatrının kollektivi Türkiyənin Bilecik şəhərində keçirilən Beynəlxalq Teatr festivalında artıq iki ildir ki, ölkəmizi təmsil edir.
Festival çərçivəsində teatr kollektivinin ifasında nümayiş olunmuş Azərbaycanın dövlət bayrağına və himninə həsr olunan ”Vətən” və vətənpərvərlik hissləri aşılayan “Sıravi Dursun” tamaşaları böyük maraqla qarşılanıb.
XI Beynəlxalq Bilecik Teatr festivalının İstanbulda keçirilən açılış mərasimində bir sıra tanınmış teatr sənətçisi və Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı ilə yanaşı, Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru İntiqam Soltan da "Kristal Çinar" mükafatına layiq görülüb.
XII Beynəlxalq Bilecik Teatr festivalında da uğurla iştirak edən kollektivin bu şəhərdə yerləşən Şeyx Edebalı Universitetində tələbələrlə görüşü də yaddaşlarda iz qoyub. Görüşdə tələbələrin Azərbaycan, Azərbaycan teatrı, aktyor və rejissor sənəti haqqında sualları cavablandırılıb, gələcəyini teatr sənətinə bağlamaq istəyənlərə tövsiyələr verilib.

AZƏRBAYCANIN TEATR ƏNƏNƏLƏRİ ÇİNDƏ TƏQDİM OLUNUB
2017-ci il iyunun 18-22-də Çin Xalq Respublikasının Yinchuan şəhərində 15-ci Çin Teatr Festivalı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun birinci toplantısı keçirilib. Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan və ssenarist Arzu Soltan həmin forumda iştirak edərək, Azərbaycan teatr ənənələrini nümayiş etdirən geniş təqdimatla çıxış ediblər.
Azərbaycanın ənənəvi səhnə sənətlərinin yaşadılmasında Bakı Uşaq Teatrının rolu haqqında geniş çıxış edən Arzu Soltan həm də teatrın yaradıcısı və rəhbəri İntiqam Soltanın iş metodundan bəhs edib. Beynəlxalq Teatr İnstitutunun rəhbərliyinin, eləcə də Avropa və Asiyanın bir sıra ölkələrindən teatr institutlarının nümayəndələrinin, aktyor, rejissor, ssenarist və tənqidçilərin, digər teatr mütəxəssislərinin qatıldığı toplantıda Azərbaycanın təqdimatı böyük maraqla qarşılanıb.
Tədbirdə Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun İdarə Heyəti yaradılıb. İntiqam Soltan həmin İdarə Heyətinin üzvü seçilib.
Toplantının keçirildiyi günlərdə iştirakçılar müxtəlif teatr tamaşaları, sərgilər, konsertlərdə olublar. Eləcə də Yinchuan şəhərinin görməli yerlərini, tarixi abidələri, muzeyləri ziyarət ediblər.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed