Şrift:
Azərbaycanlı əmək fəalının həyat yoldaşı saxlanılıb – Tehranda
27.12.2017 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hazırda Kərəcin Rəcayişəhr zindanında məhbus həyatı yaşayan azərbaycanlı əmək fəalı Rza Şahabinin həyat yoldaşı Rübabə Rzayi Tehranda saxlanılıb.

R.Rzayi bazar günü Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin qarşısında daha bir neçə fəalla birlikdə etiraz aksiyası keçirib.

Məlumata görə, R.Rzayi bir neçə aksiya iştirakçısı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

Xanım Rzayi bundan öncə həyat yoldaşının ağır vəziyyətdə zindanda saxlanılmasına etiraz olaraq bazar günü nazirliyin binası qarşısında aksiya keçirəcəyini elan edib, bu barədə çağırış etmişdir.

Qeyd edək ki, azərbaycanlı əmək fəalı Rza Şahabi ötən günlərdə həbsxanada ikinci dəfə beyin insultu keçirib.

Səhhətində ciddi problem yaranan məhbusun normal xəstəxanada müalicə olunmasına icazə verilmir.

Məsələyə münasibət bildirən Tehran Avtobus Şirkəti İşçiləri Sendikası R.Şahabinin məhkumluq müddətinin bitdiyini, lakin hökumət rəsmilərinin onun azad edilməsinə mane olduqlarını deyib.

“Şahabinin sol gözü iradəsindən asılı olmayaraq yumulub, gözündən dayanmadan yaş gəlir. Dodaqlarının sol tərəfi əyilib. O yeriyərkən ayağını çəkir. Üzünün sol tərəfi isə şişib və bihiss olub. Onun gözünün altı da batıb”- deyə Tehran Avtobus Şirkəti İşçiləri Sendikasının açıqlamasında qeyd olunur.

Bundan öncə 2015-ci il sentyabr ayında azərbaycanlı əmək fəalı Şahrox Zamani Kərəcin Rəcayişəhr zindanında müalicə olunmasına icazə verilmədiyi üçün xəstəlikdən vəfat etmişdir.

R.Şahabi əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir. Ötən illərdə Tehrana köçən fəal Tehran Avtobus Şirkəti İşçiləri Sendikasının İdarə Heyətinin üzvü olub. Əmək fəalı ötən illərdə müəyyən fəaliyyətlərinə görə, dəfələrlə saxlanılıb və həbs edilib. O 2011-ci ildə (hicri-şəmsi təqvimi ilə 1389-cı ildə) məhkəmə tərəfindən 6 il həbs cəzasına məhkum edilib. Fəal bir müddət həbsdən sonra müalicə almaq məqsədi ilə məzuniyyətə buraxılıb, lakin ötən yayda yenidən həbs edilib. Yaxalanarkən Tehran Prokurorluğu onun 17 ay həbs ediləcəyini açıqlamışdır.

Amnesty International sentyabr ayında Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən bəyanat yayaraq onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

N.S
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed