Şrift:
“Azərbaycan nəhəng potensiala malik ölkədir”
19.10.2011 [09:27] - Xəbərlər
“ABŞ Azərbaycanla ekstremizmə qarşı mübarizə və enerji marşrutlarının diversifikasiyası üzrə əməkdaşlığı davam etdirməyə hazırdır”

“Azərbaycan ABŞ üçün mühüm və uzunmüddətli tərəfdaşdır”. APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin müavini Uilyam Börns Bakıda bəyan edib. U. Börns Azərbaycanın nəhəng potensiala malik ölkə olduğunu vurğulayıb: “ABŞ bu potensialı inkişaf etdirməyə sadiqdir”. O, həmçinin qeyd edib ki, ABŞ Azərbaycanla ekstremizmə qarşı mübarizə və enerji marşrutlarının diversifikasiyası üzrə əməkdaşlığı davam etdirməyə hazırdır.

Dövlət katibinin müavini Azərbaycana səfərinin məqsədinin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi yolları barədə fikir mübadiləsi aparmaq olduğunu açıqlayıb, qeyd edib ki, səfər çərçivəsində keçirdiyi görüşlərdə enerji məsələləri və demokratik islahatlarla bağlı müzakirələr aparıb.

Azərbaycan prezidenti ilə görüşü barədə danışan U. Börns deyib ki, İlham Əliyevə Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib. Dövlət katibinin müavini görüşdə demokratik islahatların daha da gücləndirilməsinin vacibliyini vurğuladığını da açıqlayıb.

U. Börns Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşdüyünü qeyd edib: “Mən onların ideyaları ilə bağlı fikir mübadiləsi aparmaq istəyirdim”.

Qeyd edək ki, Uilyam Börnsün Azərbaycana səfəri başa çatıb. O, Bakıdan Tiflisə yola düşüb.

Xatırladaq ki, bu, Uilyam Börnsün dövlət katibinin müavini kimi Azərbaycana ikinci səfərdir. O, ilk dəfə Azərbaycana ötən ilin fevralında gəlib.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed