Şrift:
Fərəc Quliyev Gürcüstana xəbərdarlıq edilməsini tələb etdi (mətn,audio)
29.12.2017 [14:56] - Xəbərlər, Borçalı, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərək, Gürcüstanın baş nazirinin Ermənistana alternativ yol verə biləcəkləri ilə bağlı verdiyi bəyanata sərt münasibət bildirib. O, bunun Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən addim olacağını bildirib və bununla bağlı Gürcüstana xəbərdarlıq edilməli, izahat tələb edilməli və onlara Azrbaycan tərəfindən edilən güzəştlərə yenidən baxılmalı olduğunu bildirib. Millət vəkili Milli Məclisi bu məsələyə münasibət bildirməyə səsləyib.

Çıxışın mətni:
"Hörmətli Sədr,fürsətdən istifadə edib Sizi, bütün kolleqalarımı və Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə əvvala təbrik edirəm.
Bir məsələyə münasibət bildirmək istəyirəm. Bu yaxınlarda Gürcüstanın baş naziri Azərbaycanın mənafelərinə uyğun olmayan ,bəlkə də Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi şəkildə xələl gətirə biləcək bir bəyanatla çıxış elədi. Fors-major vəziyyətlərdə Ermənistana Osetiya və Abxaziya üzərindən alternativ yol –dəhliz vermək məsələsini gündəmə gətirdi. Amma heç kimə sirr deyil ki, ermənilər mütəmadi olaraq bu yollardan istifadə edərsə, təbii ki silah daşımaq məqsədli də istifadə edə bilərlər. Ermənistanın güclənməsi üçün bu təklifin verilməsi Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi şəkildə xələl gətirən məsələdi. Azərbaycan Gürcüstana qarşı hər zaman xoş münasibətdə olubdu. Həm enerji daşıyıcılarını çox ucuz qiymətə satmaqda, tranzit məsələlərində, onlar pis vəziyyətdə olanda uzunmüddətli kreditlər verilməsində və.s. Bu siyahını uzatmaq da olar. Üstəlik orda beş yüz mindən çox azərbaycanlı, türk soydaşımız yaşayır. Onlar Gürcüstan-Rusiya müharibəsində birmənalı şəkildə Gürcüstanın bütövlüyünü dəstəklədilər və Gürcüstan ərazi bütövlüyündə, Gürcüstanın dövlət suverenliyinin qalmasında xidmətləri oldu, amma ermənilər o dönəmdə Axakalakidə fərqli davrandılar. Hələ ondan əvvəl 1992-1993-cü illərdə Abxaziyasını Kiçik Ermənistan adlandırırdılar. Xatırlayırsınızsa o vaxt ermənilərin Baqramyan batolyonu vardı. Ora süqut edəndə bəyanat verirdilər ki, artıq bu Kiçik Ermənistan dövləti azad oldu və bizim dənizə çıxışımız açıldı. Çox qəribədir ki, indiki Gürcüstan hakimiyyəti ermənilərin mövqeyindən çıxış edir . Saakaşvili dönəmində Axakalakidə -indi onlar Cavxetiya deyirlər seperatizmə rəhbərlik edən adam həbs edildi ,amma bugünkü hakimiyyət iş başına gələndən sonra onu həbsdən azad etdi. İndi Suxumidə yetmiş minə qədər erməni yaşadığı halda və bu əraziləri Ermənistan əraziləri adlandırdığı halda vəziyyətə göz yumulur. Bilirsiniz ki,Abxaziya, Osetiya, Rusiya tərəfindən işğal olunandan sonra yerli gürcülərin əksəriyyəti buradan getməyə məcbur oldu və bu ərazilərdə onların evlərini ermənilər tutublar. Bunu bilə-bilə, birmənalı şəkildə Ermənistana dəstək verirlər. İndi o öz işləridir, Ermənistana işləyirlər ,özləri bilərlər. Amma nə məqsədlə olur-olsun Ermənistana dəhliz verməklə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək bizim tərəfimizdən susqun qarşılana bilməz. Mən hesab edirəm ki, bu məsələ və Gürcüstana olunan güzəştlər gündəmə gətirilməlidir, müzakirə olunmalıdır. Hesab edirəm ki, dostluq qrupu və başqa qurumlar da Gürcüstana xəbərdarlıq etməlidirlər və bizim xoşməramlə davranışımızın qarşısında belə davranışa dərhal Gürcüstan tərəfindən izahat olmalıdır və onlar bu bəyanatların izahın verməlidirlər. Əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycanla Gürcüstan arasında münasibətlər bu cür davam edə bilməz. Mən istəyirəm ki, parlament bu məsələyə münasibət bildirsin.
Təşəkkr edirəm."


F.Quliyevin həmin çıxışının səs yazısını təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed