Şrift:
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb
04.01.2018 [10:19] - Güney Azərbaycan xəbərləri
İranda hakim axundların dini rejiminə qarşı bir həftə əvvəldən başlanan xalq üsyanı və kütləvi etirazlar davam edir.

Yanvarın 2-də paytaxtın bütün əsas küçə və meydanlarının rejim qüvvələri tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, on minlərlə etirazçı Tehranın Əmirabad məntəqəsində və digər küçlərdə toplaşaraq islam respublikasına və onun rəhbərlərinə qarşı şüarlar səsləndiriblər.

“Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək”, “Millət acından dilənir, Ağa (Xamneyi) isə Allahlıq edir”, “Siyasi məhbuslara azadlıq” və digər şüarlar səsləndirən aksiyaçılar, rejimə etirazlarını gecə saatlarına qədər davam etdiriblər. Həmin gün, etirazlar ölkənin Rəşt, Əhvaz, Həmədan, İslamabadi-Qərb və Kərəcin Gövhərdəşt məntəqəsində də davam edib.

Həmədanda aksiyaçılar “Xamneyi qatildir, onun daşıdığı vəzifə qanunsuzdur” şüarını səsləndirərək İranın dini liderinin hökmranlığına və onun özbaşınalığına son qoyulmasını tələb ediblər. Kərəcin Gövhərdəşt məntəqəsində isə etirazçılarla hökumət qüvvələri arasında toqquşma yaranıb. Aksiyaçılar onlara atılan gözyaşardıcı qazı zərərsizləşdirmək üçün küçədəki zibil yeşiklərini yandırmaq məcburiyyətində qalıblar. Bildirilir ki, bir gün əvvəl həmin məntəqədə keçirilən aksiyada, etirazçılar hökumətin “Kövsər” bankına hücum edərək ona od vurublar.

Əhvazda, hüquq-mühafizə qüvvələrinin qarşısında dayanıb rejim rəsmilərinə etiraz bildirən aksiyaçılar, “Polis! dətək ver, dəstək ver” şüarını səsləndirərək hüquq-mühafizə əməkdaşlarını xalq sıralarına qoşulmağa çağırıblar. Keçirilən bütün etirazlarda onlarla aksiyaçı yaxalanaraq naməlum istiqamətə aparılıb.

Yayılan son məlumatlara əsasən, yanvarın 2-də müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayı 24 nəfərə çatıb. Onlardan 3-ünün polis əməkdaşı olduğu bildirilir. Qeyd olunur ki, son günlər etirazlara qatılan 1000-dən çox insan yaxalanıb.
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam edir.



Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed