Şrift:
“Təbriz 2018” layihəsinin açılış mərasimi keçirilib - VİDEO
06.01.2018 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yanvarın 4-də Təbrizin məşhur Neft-kimya salonunda “Təbriz 2018” layihəsinin açılış mərasimi keçirilib.

Mərasimdə İranın İslami İrşad və Mədəniyyət naziri Abbas Salehi, ölkənin Mədəni İrs Təşkilatının rəisi Əli Əsğər Munesan, Xarici İşlər Nazirliyinin sözçüsü, bir neçə xarici ölkənin İrandakı səfiri və Şərqi Azərbaycan Əyalətinin yerli rəhbərliyi iştirak edib.

Öz çıxışında Azərbaycanın ünvanına təriflər yağdıran İslami İrşad və Mədəniyyət naziri dövlətin sözügdeən layihəyə laqeyd münasibəti və büdcə vəsaiti ayırmaması haqda heç nə bildirməyib.



“Təbriz, 2018-ci ildə İranın dünya üzrə nümayəndəsi kimi çıxış edəcək, bu şəhər bizim incəsənət və mədəniyyət diplomatiyamızın simvolu rolunu oynayacaq. Azərbaycan və Təbriz hər zaman İran üçün bir fürsət olub. Əgər Azərbaycan və Təbriz olmasaydı, İran bir çox şeylər itirərdi, bu ölkənin hər zaman Azərbaycana mənəvi borcu olub”- deyə o çıxışının bir hissəsində qeyd edib.

Azərbaycan və Təbrizi İranın mədəniyyət və incəsənət beşiyi kimi qiymətləndirən A.Salehi əlavə edib ki, Təbrizdə “Şairlər məqbərəsi” (“Məqbərətül-Şüəra” var, orada farsca yazan çox sayda böyük türk şairləri dəfn olunub. Şübhəsiz ki, bu bölgənin mədəniyyəti hər zaman yaşayacaq”- deyə o bəyan edib.

Mərasimdə Şərqi Azərbaycan valisi Məcid Xudabəxş də geniş məruzə ilə çıxış edib. O bildirib ki, “Təbrizin islam ölkələrinin turizm paytaxtı kimi seçilməsinə əsas səbəb, bu şəhərin dünyanın qeyri-madi mədəni irs siyahısına daxil olmuş tarixi məkanlarıdır. Bu o deməkdir ki, dünya ictimaiyyəti bu tarixi əsərlərə baxış keçirib onlardan bəhrələnməlidir.”

Mərasimin canlı olaraq Səhənd, Şoma və Əlaləm telekanallarından yayıldığını deyən vali bu fürsətdən istifadə edərək bütün İran vətəndaşlarını Təbrizə səfər etməyə çağırıb.



Mərasimdə həmçinin “Odlar” qrupu rəqs və “Barış” qrupu Azərbaycan musiqisi ifa ediblər.



“Təbriz 2018” layihəsi o halda start götürür ki, bu şəhərdə bir neçə banner və posterdən başqa bu önəmli hadisəni göstərən heç bir yeniliyə rast gəlinmir. Ötən günlərdə Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd Hüseyn Fərhəngi sözügedən layihə üçün dövlət tərəfindən ayrılan 700 milyard tümən məbləğdən yalnız 10 milyard tümən məbləğin ödənildiyini bildirib.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

VİDEO:
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed