Şrift:
Urmiyənin millət vəkili: Əli Laricani Urmu gölü məsələsinin gündəmə gətirilməsinə imkan vermir
06.01.2018 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təxminən 2.5 ay əvvəl Urmu gölünün canlandırılmaması ilə bağlı İran prezidenti Həsən Ruhaniyə ünvanlanan sual hələ də gündəmə gətirilməyib.

2017-ci il oktyabrın 26-da 115 deputat hökumətin Urmu gölünə laqeyd münasibəti ilə bağlı parlamentə müraciət ediblər. Parlamentin Rəyasət Heyəti bəri başdan prezidentə sual ünvanlanan müraciətə qarşı çıxıb.

Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur yanvarın 5-də öz rəsmi portalında açıqlama yayıb.

“1 saat ərzində müxtəlif qövmlərdən olan 115 deputatdan imza aldıq. Lakin parlamentin sədri (Əli Laricani) prezidentə sual ünvanlamağa imkan vermir. Ona görə də biz bir çox iclaslar keçirməli olduq və müzakirələrin nəticəsi haqda prezidentə məktub göndərdik”- deyə o bildirib.



Nadir Qazipur həmçinin Urmu gölünün canlandırması uğrunda heç bir iş görülmədiyinə də işarə edib. “Bizim sualımız bundan ibarətdir ki, Urmu gölünə edilən valyuta (ərz) yardımları bəs hardadır? Bu məsələdə şəffaflıq təmin olunmayıb”- deyə millət vəkili vurğulayıb.

İran Konstitusiyasının 88-ci maddəsinə əsasən, deputatların dörddə biri (72 nəfərdən çox) prezidentə onun səlahiyyətləri haqda hərhansı sual ünvanlayarsa, prezident bir aydan az bir müddətdə parlamentə gəlib deputatların qarşısında ünvanlanan suala cavab verməlidir. Urmu gölü məsələsində bu qanun da keçərsizdir. 115 deputatın imzaladığı müraciət qanunsuz olaraq Parlamentin Rəyasət Heyəti tərəfindən gündəmə gətirilmir. Göldə isə vəziyyət günü-gündən gərginləşir.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed