Şrift:
Baxçalının Ərdoğanı dəstəkləməsinə Azərbaycandan reaksiyalar
10.01.2018 [10:03] - Xəbərlər, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasının 2019-cu ilin 3 noyabrında ölkədə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyi ilə bağlı qərarı böyük rezonans doğurub.

MHP lideri D.Baxçalı bildirib ki, MHP prezidentliyə namizəd irəli sürməyəcək: “Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyrinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm.

MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Ərdoğanı dəstəkləməyi qərara alacağıq”.

Bu açıqlamasının ardından D.Baxçalı daha mühüm açıqlamalar verib. O, 2019-cü ildən sonra daha beş il Ərdoğana dəstək verə biləcəklərinin anonslarını verib.

“Bu dəstək və qatqımız 2019-cu ildə keçiriləcək prezident və parlament seçimlərində də mütləq davam edəcək. Hətta 2019-dan sonrakı beş il boyunca da yeni sistemin oturuşmuş hala gəlməsi üçün sürəc birliyinin, əxlaqi ittifaqın gərəyini könül hüzuru ilə davam etdirəcəyik”-o deyib.

MHP-ni qərarı qardaş ölkə ilə yanaşı, Azərbaycanda da ciddi müzakirələrə səbəb olub. Doğrudur, əksəriyyət Baxçalının indiki şəraitdə doğru qərar verdiyini düşünür, onun Türkiyə üzərinə günü-gündən artan hücumları göstərərək, FETÖ qiyamından sonra ölkə daxilində dövlətçiliyi qorumaq üçün belə bir birliyə ehtiyacın olması barədə fikirlərini dəstəkləyirlər. Lakin bununla yanaşı MHP-nin qərarına qarşı çıxanlar da var. Onlar hesab edirlər ki, bir ölkənin müxalif qurumun belə bir dəstək verməsi onu iqtidara alternativ qurum olmaqdan çıxarır. Xüsusilə, seçkilərə 22 ay qaldığı bir zamanda belə bir dəstəyin tez olduğu vurğulanır.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn başqa bir ölkədə bir siyasi qurumun verdiyi qərara qarışmağın əleyhinədir: “Bu hər bir partiyanın tam daxili və suveren işidir. Bizə istənilən addımın Türkiyə dövlətçiliyi və xalqı üçün uğurlu olmasını arzu etməkdən başqa bir şey qalmır. Biz Türkiyənin daxili siyasi məsələlərinə Azərbaycandan hər hansı bir formada müdaxilənin tərəfdarı deyiləm. Yalnız uğur arzulamaq qalır. Biz bu məsələlərdə tərəf olaraq, mövqe tutmuruq”.

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bildirdi ki, tək Türkiyədə deyil, bütövlükdə bölgədə gərgin vəziyyət yaranıb: “Məsələləri iki baxımından qiymətləndirmək lazımdır. Biri var ki, ölkəyə kənardan baxıb, baş verənləri dəyərləndirəsən, biri də var ki, daxildə hakimiyyət uğrunda savaşda nəyin doğru olub-olmadığına baxasan. Bəlkə qardaş ölkədə bizim bilmədiyimiz elə ciddi məsələlər var ki, bunu MHP bilir və hesab edir ki, bu gün Ərdoğanın iş başında olması, gələcəkdə AKP-MHP birliyi məqbuldur. İnanıram ki, Baxçalı şəxsi və partiya maraqlarından çıxış etmir, dövlət mənafelərini əsas götürür.

Orada “İyi” Partiya yaranandan sonra MHP-nin gücünün bir hissəsinin transfer olduğu bir həqiqətdir. Bundan sonra da transferlərin olacağını da gözlənilir. Seçkilərdə MHP-nin təkbaşına qalib gəlmə imkanları da çox aşağıdır. Bu baxımdan daxili dəyərləndirmədə hakimiyyət uğrunda mübarizədə perspektivsizlik də nəzərə alınıb. Amma Türkiyənin daxili işlərinə qarışmıram.

Hər şey türk xalqının iradəsindən asılıdır, nə olacaqsa biz ona hörmətlə yanaşırıq. Yəqin ki, Ərdoğana verilən dəstək qarşılıqsız olmaz. Bir anlaşmanın olacağı istisna deyil. Hakimiyyət bölgüsü baxımından da anlaşma olacaq. Ölkənin taleyinin təhdid altında olduğunu düşünərək, Dövlət bəyin belə bir qərar verdiyinə daha çox inanıram. Türkiyədə elektorat elədir ki, hər şeyi Dövlət bəyin çağırışları ilə edəcəklərinə inanmıram. Türkiyə cəmiyyəti kifayət qədər siyasiləşib. Orada hər bir sürpriz gözləniləndir. Hər halda Dövlət bəyin dəstəyinin böyük təsirləri olacaq”.


AĞ Partiya başqanı Tural Abbaslı MHP-nin qərarını tam dəstəklədiyini bildirdi: “Cənab Dövlət Baxçalı bəyin bu addımını tam dəstəkləyirəm. Baxçalının bu addımı çox zamanında və yerində atılmış bir addım idi. Çünki Türkiyə dövləti bu gün dünyada başqa nümunəsi olmayan, dövlətin bütün qan-damar sisteminə yerimiş FETO adlı təhlükəli terror təşkilatı ilə üzbəüz dayanıb. Bu terror təşkilatı nə DAEŞ, nə Əl-Qaidə, nə Hizbullah, nə də digər terror təşkilatları kimi deyil. Bu təşkilat uzun illərdən bəri bəzi böyük dövlətlərin xüsusi xidmət orqanları tərəfindən çox həssaslıqla və planlı şəkildə formalaşdırılıb və Türkiyə cümhuriyyətinin içinə yeridilib. Bu gün bu terror təşkilatının dağıdıcı fəaliyyəti nəinki hazırkı AK partiya hakimiyyətinə , hətta dövlətin müstəqilliyinə və mövcudluğuna belə təhlükə yaradır. Bu fövqəladə vəziyyət şəraiti yaradır. Fövqəladə vəziyyət dönəmində də siyasilər və siyasi partiyalar da fövqəladə addımlar atmağa hazır olmalıdırlar. Necə ki, bu hazırlığı Dövlət Baxçalı timsalında MHP göstərdi.

Həmçinin heç kimə sirr deyil ki, Türkiyə böyümək, siyasi-iqtisadi azad olmaq istiqamətində böyük gedişlər edir. O da sirr deyil ki, Türkiyənin bu istiqamətdə atdığı addımlar və bir dünya dövlətinə çevrilmək arzusu digər böyük imperialist dövlətlərə sərf etmir.

Onlar da öz növbələrində müxtəlif siyasi və iqtisadi gedişlərlə bu prosesin qarşısını almağa çalışırlar. Baxçalı kimi təcrübəli siyasi xadim də təbii ki, bunları analiz edir və görür. Həm də o təcrübəli dövlət adamı kimi belə bir zamanda şəxsi siyasi maraqlarının deyil, dövlət maraqlarının öndə gəlməli olduğunu anlayır. Ona görə də müxalifətdə olmasına baxmayaraq hakim partiyanın namizədini dəstəkləyəcəyini bəyan etdi. Bu addım digər milli maraqları öndə tutan bütün siyasi qüvvələrə də nümunə olmalıdır.

Bu qərar 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin taleyinə birbaşa təsir edəcək. AK partiyanın indiki məqamda Baxçalı timsalında MHP kimi milli bir partiyanın dəstəyini qazanması onlar üçün çox önəmli dividentdir. Həmçinin burada önəmli və nümunə ola biləcək digər məqam da Baxçalının bu dəstəyi heç bir siyasi maraq güdmədən və siyasi bazarlıq etmədən vermiş olmasıdır. İnşallah ki, bu dəstək Türkiyənin siyasi gələcəyini müsbətə doğru dəyişən önəmli addımlardan biri olacaq.

Azərbaycanda bu addımın birmənalı qarşılanmama səbəbini daha çox Türkiyə siyasətindən məlumatsızlıq və siyasi savadsızlıqla bağlı olduğunu düşünürəm. Ümumiyyətlə Azərbaycanda, əsasən də, müxalifət sektorunda AK partiya hökumətinə və Ərdoğana qarşı adekvat olmayan nifrətin mövcudluğunu anlaya bilmirəm. Təbii ki, burada Amerika və Qərbin, eləcə də, "con dayılarının" mövqeyinə uyğun mövqe sərgiləyirlər. Təəssüflə qeyd etməliyəm ki, uzun illərdir ki, Azərbaycan siyasi səhnəsinin aktyorları müstəqil qərar vermə və addım atmaqdan özünü məhrum edib. Bizdə siyasi partiyalar hansısa qərar verərkən ya Amerika və Qərbə, ya Rusiyaya, ya da İrana baxırlar və onların mövqelərinə uyğun olaraq da öz mövqelərini formalaşdırırlar. Unutmaq lazım deyil ki, Dövlət Baxçalı Türkiyə kimi qəliz və qarışıq siyasi mühitə malik bir arenada yetişmiş və lider olmuş təcrübəli siyasətçidir.

Belə bir siyasətçinin qərarı təbiidir ki, uzun və dərin analizlərdən sonra verilir. Azərbaycan siyasi arenasındakı siyasi oyunçuları buraya həm Azərbaycan iqtidarı, həm də Azərbaycan müxalifəti daxildir Dövlət bəyin bu addımından nümunə götürməyə çağırıram. Hamı anlamlı və qəbul etməlidir ki, ümummilli dövlət maraqları məsələsi gəldikdə hər kəs öz cılız şəxsi və partiya maraqlarını kənara qoymağı bacarmalıdır. Belə olan təqdir həmin dövlətdə milli barışıq mühiti hökm sürər, bu da dövləti kənardan olan təsir və təzyiqlər qarşısında güclü edər, inkişafı və rifahı sürətləndirər. Məqamı gəlmişkən mən bir daha bəyan edirəm ki, AĞ partiya olaraq bizim üçün Azərbaycanın ümummilli maraqları özümüzün siyasi ambisyalarımızdan çox öndə gəlir.

Biz bunu yaranan gündən qeyd etmişik və bu belə olaraq da qalacaq. Biz düşünürük ki, bu gün Türkiyədə gedən siyasi proseslər Türkiyəni daha güclü və qüdrətli dövlət edəcək istiqamətində gedir. AĞ partiya da hər zaman "Güclü Türkiyə, güclü Azərbaycandır" şüarını özünə rəhbər bilib və bundan sonra da belə olacaq”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed