Şrift:
Cəlil Xəlilov: Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanmaq əzmindədir
13.01.2018 [11:37] - Gündəm, Hərb
Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, Ermənistanın həyata keçirdiyi mənfur düşmənçilik siyasəti Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasının daim diqqət mərkəzində saxlanılmasını zəruri edir. Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib.

Bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a müsahibəsində deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Ordumuz Azərbaycan xalqının tarixi ənənələrinə sadiq qalmaqla gündən-günə daha da güclənir. Beynəlxalq reytinq göstəricilərində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında ən qüdrətli ordular sırasındadır. Bütün bunlar qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin, uğurlu ordu quruculuğunun və güclü iqtisadiyyatın sayəsində mümkün olub.

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin gücünün artırılmasına daim xüsusi diqqət göstərir. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, ordumuzun peşəkarlığının artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin bariz nümunəsidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləyir, onları nəzarətdə saxlayır.

Ehtiyatda olan polkovnik deyib: “Bunlar sübut edir ki, ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Silahlı Qüvvələrimiz peşəkar kadrlarla, yüksək hərbi təhsilli, vətənpərvər zabitlərlə komplektləşdirilib. Əsgərlərimizin döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Maddi-texniki baza daim yenilənir, gücləndirilir, daha yaxşı nəticələrin əldə edilməsi üçün müasir silah və sursatla təmin edilir. Ordunun təminatının ödənilməsi üçün lazım olan, müasir tələblərə cavab verən hərbi texnika, silah-sursatın böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Bu, ordumuzun hərbi-texniki təchizatı baxımından xarici dövlətlərdən asılılığını azalmaqla yanaşı, iqtisadiyyatımızın inkişafına da mühüm töhfə verir. Bu gün Ordumuzun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri hesab edilir. 2016-cı ilin aprel döyüşlərini bu uğurun göstəricisi hesab etmək olar. Ordumuzun qonşu dövlətlərlə birgə həyata keçirdiyi təlimlər də peşəkarlığın artırılmasına xidmət edir. Bütün bunlar döyüş hazırlığının yüksəlməsinə təsir edən mühüm amillərdir”.

C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətin ölkəmizin tarixinə, qədim dövlətçilik ənənələrinə sadiqliyini sübut edir. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, ordu quruculuğu təcrübəsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımında “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi yüksək dəqiqliklə düşünülmüş addımdır.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed