Şrift:
Ulu Öndərə qarşı sayqısızlıq!!! - VİDEO
15.06.2012 [12:28] - Sosial
Rəsulzadənin adı zibil qutularının üzərinə yazılıb

Paytaxt sakinlərindən birinin Binəqədi rayonu ərazisində zibil qutularının üzərinə “M.Ə. Rəsulzadə qəsəbəsi” yazılmasını xəbər verəndə, əvvəlcə buna inanmadıq. Amma qəsəbə ərazisinə gəlib deyilənlərin doğru olduğunu görəndə, təəccübdən donduq. Binəqədi rayonunun Ağamalıoğlu küçəsinin tininə qoyulan zibil qutularının üzərinə həqiqətən də görkəmli dövlət xadiminin adı, daha dəqiqi M.Ə. Rəsulzadə qəsəbəsi sözlərini yazıblar. Qəsəbənin ərazisindəki Hacıyev küçəsində də eyni mənzərə ilə qarşılaşdıq. Rəsulzadənin adının zibil qutularının üzərində əks olunması elə ərazidə yaşayan sakinləri də narazı salıb.

Zibil qutularının yaşayış yerinin adı ilə adlandırılmasını araşdırmaq üçün paytaxtın müxtəlif rayon və qəsəbələrində çəkilişlər apardıq. Dahi şairimiz Mikayıl Müşfiqin adını daşıyan qəsəbədə heç bir zibil qutusunda onun adına rast gəlmədik. Qəsəbə ərazisindəki bütün küçələrdəki zibil qabları vaxtında daşınmasa da, heç olmasa üzərində yalnız əraziyə xidmət edən Mənzil Kommunal İstismar sahəsinin nömrəsi yazılmışdı. Yasamal rayonu ərazisində də oxşar mənzərənin şahidi olduq, yeşiklərin üzərində MKİS-nin nömrəsi əks olunmuşdu. Bu dəfə yolumuzu Biləcəri qəsəbəsindən saldıq. Burada isə əksinə, qəsəbənin adının zibil qutularının üzərində həkk olunduğunun şahidi olduq. Yenidən M.Ə. Rəsulzadə qəsəbəsinə baş çəkib məsələ ilə bağlı əlaqədar qurumların mövqeyini öyrənmək istədikdə, gördükərimiz bizi çaşdırdı. Belə ki, dünən çəkiliş apardığımız ərazidə üzərində M.Ə. Rəsulzadə qəsəbəsi yazılan zibil qutularının bəzilərinin yazısı rənglənərək pozulmuşdu. Yazını pozmağa çalışanlar eyiblərini ört-basdır etməyə çalışsalar da, buna bir o qədər müvəffəq olmamışdılar. Çünki yazı yenə aydınca oxunur.

Məsələ ilə əlaqədar Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi İcra Nümayəndəliyindən mövqe öyrənmək istəsək də, idarədə bir səlahiyyətli nümayəndə tapmadıq. Yalnız onu öyrəndik ki, İcra Nümyəndəliyi tullantıların daşınması işini “Yüksəl” adlı şirkətə həvalə edib. Həmin şirkətin nümayəndəsi isə telefon zənglərimizə cavab vermədi. Azərbaycanın görkəmli mütəfəkkirinin adının zibil qutularının üzərində görünməsinə ictimai-mədəni xadimlərin də münasibəti birmənalı oldu.

Hər bir halda ölkənin ictimai-mədəni tarixində xüsusi rolu olan şəxsiyyətlərin adına belə ləyaqətsiz münasibət bağışlanan deyil. Və bu səhvi düzəltmək üçün yalnız boyalamaq kifayət deyil.

Bu xəbər oxucular tərəfindən 1403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed