Şrift:
Azərbaycanın təhsil tarixinə dəyərli töhfə - “İrəvanda milli maarifçilik mühiti”
16.01.2018 [10:27] - Gündəm
Filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru dosent Cəlal Allahverdiyevin həmmüəllifi olduqları “İrəvanda milli maarifçilik mühiti” kitabı “Şərq-Qərb” mətbəəsində çapdan çıxıb.

Qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan İrəvan şəhərində Azərbaycan maarifçilik hərəkatının yaranmasından və təhsil məsələlərindən bəhs edən bu dəyərli və sanballı nəşrin elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafadır. Kitaba professorlar Əjdər Ağayev, Rüfət Hüseynzadə, Mahirə Nağı qızı və pedaqoji elmlər doktoru Həsən Bayramoğlu rəy veriblər.

Müəlliflər erməni şovinizmi əhatəsində İrəvanda fəaliyyət göstərən anadilli məktəblərimizin inkişaf xüsusiyyətlərindən və üzləşdiyi problemlərdən, bu məktəblərin pedaqoji kadrlarla təmin olunmasında böyük rol oynamış ali təhsil ocaqlarından bəhs edirlər. Nəşrdə, həmçinin milli kadrların hazırlanmasında böyük fədakarlıq göstərmiş və möhkəm iradə nümayiş etdirmiş ziyalılarımızın fəaliyyətindən söhbət açılır. Kitabda 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra yeni tipli sovet məktəblərinin yaranmasında İrəvandakı azərbaycanlı qadınların ədəbi-mədəni və ictimai-siyasi həyatdakı rolundan, eləcə də erməni şovinistlərinin azərbaycanlı məktəblərinə maneçilik törətməsindən bəhs olunur. Eyni zamanda, İrəvanda yeni əlifba islahatı (1922-1929-cu illər), İrəvan Yeni Türk Əlifba Komitəsi, İrəvan Pedaqoji Məktəbinin və İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumunun tarixi barədə məlumatlar verilir. Kitabda İrəvan Pedaqoji Məktəbinin məzunlarının fəaliyyəti də işıqlandırılıb. Bununla yanaşı, 1928-1937-ci illərdə Qərbi Azərbaycanda (indiki Ermənistanda) repressiyaya məruz qalmış azərbaycanlıların siyahısı, eləcə də orden və medallarla təltif edilmiş azərbaycanlıların siyahısı verilib.

Professor B.Xəlilov “İrəvanda milli maarifçilik mühiti”nə yazdığı “Ön söz”də kitabı yüksək qiymətləndirir: “1979-cu ildə Ermənistan SSR-də xalq təhsilinin tarixi ilə bağlı kitab çapdan çıxmışdır. Kitabın müəllifi B.A.Baqdasaryan Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra orta və ali təhsil barədə xeyli məlumat vermişdir. Ancaq Azərbaycan məktəblərindən və təhsilindən bu kitabda bir kəlmə də danışılmamışdır. Görünür ki, B.A.Baqdasaryan bunu məqsədli etmişdir. O, Ermənistanda orta və ali məktəblərin Azərbaycan dilində olmasını, maarifçilik mühitinin zənginliyini, bu sahədəki irəliləyişləri gizlətmişdir. Professor Cəfər Cəfərovun və dosent Cəlal Allahverdiyevin “İrəvanda milli maarifçilik mühiti” adlı bu kitabı təhsil tariximizə yeni bir töhfə kimi dəyərləndirilməlidir”.

Kitabdan Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, magistrlər, tədqiqatçılar və geniş oxucu kütləsi istifadə edə bilər.
Bu xəbər oxucular tərəfindən 3358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed