Şrift:
Təbrizdə zavod işçilərinin etiraz aksiyası bir aydan çoxdur davam edir
17.01.2018 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin möhürlənməsinə etiraz edən işçilərın aksiyası 34-cü günə daxil olub. İşçilərin etirazına məhəl qoymayan rəsmi orqanlar bu barədə heç bir tədbir görmür.

Mövzu ilə bağlı zavod işçilərindən biri “İlna” xəbər agentliyinə danışıb.

“Biz 220 işçiyik və bir aydan çoxdur ki, işimizin gələcəyi ilə bağlı zavodun möhürlənməsinə etiraz edirik. Bizim əsas problemimiz ailəmizin tələbatını ödəməkdir. Ona görə də səlahiyyətli məsullardan 10 aydır gecikən maaşımız və işimizdə yaranan problemlə bağlı tədbir görmələrini tələb edirik”- deyə o bildirib.

Zavod işçisi vurğulayıb ki, “sənaye müəssisəsi, Təbriz Ədliyyə Şöbəsinin İflas etmiş Şirkətlərin İşləri üzrə İdarəsi tərəfindən möhürlədiyi gündən heç bir orqan işçilərin tələblərinə baxılmayıb. Lakin biz onlardan əməli tədbirlər gözləyirik və etirazımızı davam etdiririk.”

40 ildir fəaliyyət göstərən Sənaye Avadanlıqları Zavodu 2017-ci il dekabrın 14-də bağlanıb, onun 220 işçisi işsiz qalıb.

2017-ci ilin dekabr ayında Təbrizin İran parlamentindəki 4 millət vəkili sözügedən sənaye müəssisəsində yaranan problemlə bağlı Daxili İşlər və Ədliyyə nazirlərinə məktubla müraciət edərək şirkətin yenidən fəaliyyətə başlamasını tələb etmişdilər.

“Traktorqayırma Zavodunun Sənaye Avadanlıqları Şirkətinin mülkiyyət məsələsi öz həllini tapdıqdan, onun Traktorqayırma Şirkətinə təhvil verilməsi haqda qərar verildikdən sonra belə bir problemin yaranması, istehsal sahəsinə zərər verməklə yanaşı zavodun işçiləri üçün də bir çox problemlər yaradıb. Xahiş olunur ki, problemi aradan qaldırmaq üçün lazımi tədbirlə alınsın”- deyə məktubda qeyd olunub.

Məktub azərbaycanlı millət vəkilləri Məhəmməd Hüseyn Fərhəngi, Zəhra Sai, Əhməd Əlirzabeygi və Məhəmməd İsmail Səidi tərəfindən imzalanmışdır.

Təbriz Əmək Evinin icraçı katibi Kərim Sadiqzadə isə şirkətin iflasa uğramasına səbəb kimi yanlış idarəçilik və şirkətin düzgün şəkildə özəlləşdirilməməsini göstərib.

Sözügedən şirkət 1992-ci ildə hökumət orqanlarının tələbi əsasında Təbrizin Traktorqayırma Zavodundan ayrılaraq müstəqil fəaliyyətə başlayıb.

Təbriz Məhkəməsinin 7 və 11-ci şöbələri 2017-ci il aprelin 26-da şirkəti müflis elan edərək onun idarəçiliyini İflas etmiş Şirkətlərin İşlərinə Baxan İdarəyə buraxıb.

Qeyd edək ki, son illərdə Güney Azərbaycanın əksər sənaye və istehsal müəssisələri hökumətə yaxın şirkət və ya fiziki şəxslərə ötürülüb, onların əksəriyyəti hazırda maliyyə böhranı içindədir.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed