Şrift:
Cümhuriyyətin yüz ilində “Qızıl amnistiya” olacaqmı?
25.01.2018 [10:06] - Xəbərlər, Siyasət, Hüquq, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Geniş amnistiyanın verilməsi mümkündür”;

Mirvari Qəhrəmanlı: “Əfv və amnistiya verilərsə...”

Deputat, Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızı Azərbaycanda “Qızıl amnistiya”nın imzalana biləcəyini deyib. Qarşıdakı ayların birində belə bir sərəncamın verilmə ehtimalları yüksək dəyərləndirilir.

Xüsusilə bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz ilinin tamam olması və ölkə başçısının bu ili “Cümhuriyyət ili” elan etməsi bu məsələni daha da aktuallaşdırıb. “Qızıl amnistiya”nın məhz 28 may ərəfəsində veriləcəyi barədə xəbərlər dolaşmaqdadır. Bu ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı verilən qərarın əhəmiyyətini daha da artırmaq üçün bu tipli amnistiyanın verilməsinə böyük ehtiyacın olduğu vurğulanır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev “Qızıl amnistiya”nın verilməsinin vacibliyindən söz açdı: “Bu il bizim üçün çox əlamətdar bir ildir, həm daxili auditoriya, həm də beynəlxalq ictimai rəy üçün müəyyən addımlar atmaq lazımdır. Belə bir addım atılarsa, yəni ”Qızıl amnistiya" verilərsə, cəmiyyətdə sıfırdan yenidən münasibətlərə baxmaq məsələsinə başlanıla bilər. Nəticədə böyük bir milli barışıq üçün zəmin yaranar. Həbsxanada çoxsaylı günahkar insanlar var ki, səhvlərini anlayıblar, cəzalarının müəyyən hissəsini çəkiblər. Mən də məhbəsdə olmuşam. Orada elələri var ki, azad edilməsi doğru sayılmaz. Həbsxanada hər cür adamlar olur. Amma ümumi götürəndə düşünürəm ki, “Qızıl amnistiya” verilsə, əhəmiyyətli bir hadisə olar. İstənilən halda, bəzi şəxslərin azadlığa buraxılıb-buraxılmaması götür-qoy edilməlidir. Bu, kütləvi xarakter ala bilməz. “Qızıl amnistiya” elə bir şeydir ki, hamıya şamil olunan əfv sayılır. Bunu məhbəs həyatındakı məhbuslar bu cür qəbul edirlər. Düşünürəm ki, tam o mənada olmasa da, geniş amnistiyanın verilməsi mümkündür".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Cümhuriyyətin yüz illiyinin əsas bayramlardan biri olduğunu söylədi: “Həm dövlətimiz, həm də xalqımız adına çox ciddi bir bayramdır. Çox güman ki, hökumət bu bayramla əlaqədar bir sıra tədbirlər planı hazırlayacaq. Bunlar hökumətin işidir və bizlərin bununla bağlı təklif, tövsiyələr vermək səlahiyyəti yoxdur. Biz, sadəcə, təklif vermişik ki, bu bayramı təşkil etmək üçün vətəndaş cəmiyyətinin nümayəndələri də komissiya tərkibinə daxil edilsinlər. Hüquqları pozulan insanlarla ən çox təmasda olan hüquq müdafiəçiləridir. Bunu tam məsuliyyətimlə deyirəm. Biz bir təşkilatıq və bizə aylıq gələn şikayətin sayı azından yüz olur. Ola bilsin ki, ”Qızıl amnistiya" verilsin və siyasi məhbuslara olan maddələr ora salınmasın. Amma vətəndaş cəmiyyəti nümayəndələri təklif etdiyimiz komissiyaya daxil edilsələr, o zaman çoxsaylı insanlar azadlığa çıxa bilər. Bunların içərisində də günahsız insanlar ola bilər. Cümhuriyyətin yüz illiyi ilə bağlı ölkədə başqa islahatların da keçirilməsini çox istərdik. Bu problemlərin həlli əhali üçün böyük bayram müjdəsi olardı. Hökumət siyasi məhbus anlayışını qəbul etmir və hesab edir ki, həbs olunanlar siyasi motivlərlə həbs edilməyiblər. Amma hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi insanlar var. Çox istərdik ki, mart ayında siyasi məhbusların azadlığa buraxıldığı bir əfv sərəncamı verilsin, yaxud amnistiya ilə yanaşı da əfv imzalansın. Bunları etmək üçün bəhanələr, günlər kifayət qədərdir. Heç belə günlər olmadan da bir qrup insanı azad etmək olar. Bir sıra şəxslər var ki, onların tərəfdarları, onları müdafiə edən şəxslər var, onların azad edilməsi üçün beynəlxalq qurumların tələbləri ortadadır. Bu sırada öncəliklə İlqar Məmmədovun adını qeyd etmək olar ki, onun hazırda azadlığa buraxılması çox vacibdir. Digər tərəfdən, yaxşı olardı ki, həbsdə olan qadınlar bu sərəncamlarla azadlığa buraxılanlar sırasında çoxluq təşkil edərdilər. İki gün öncə də Gözəl Bayramlıya üç il həbs cəzası verildi. Çox istərdim ki, əfv və amnistiya verilərsə, bu sırada qadınlar çoxluq təşkil etsinlər. Mayın 28-dəki önəmli bayramımızla bağlı çox istərdim ki, yaradılan müvafiq qurum cəmiyyətin sosial sifarişini yerinə yetirsin. Bununla Azərbaycan dünya miqyasında daha çox müsbət mövqelər alardı. Daha çox ölkə daxilində bu müsbət imicin yaranmasını istərdim. Açığı, beynəlxalq mövqe mənim üçün o qədər də böyük önəm kəsb etmir".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed