Şrift:
Folklor İnstitutunun direktoru: “Hansısa yazıçı folklor nümunəsi yaratmaq fikrinə düşürsə...” - MÜSAHİBƏ
27.01.2018 [11:10] - Müsahibə
Muxtar İmanov: “Folklorda ifa prosesini araşdırmaq çox vacibdir”



Davam.az Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun Modern.az saytına verdiyi müsahibəni təqdim edir:




– Muxtar müəllim, bildiyimiz kimi, Folklor İnstitutunun fəaliyyətində əsas istiqamətlərdən biri xalq ədəbiyyatı nümunələrinin toplanmasıdır...


– Bəli, gördüyümüz başlıca işlərdən biri ayrı-ayrı bölgələr üzrə folklor nümunələrinin toplanıb nəşr edilməsidir. Masallı, Yardımlı, Saatlı, Gədəbəy, Şərur, Tovuz və başqa rayonlar üzrə hazırlanmış “Folklor örnəkləri” adlı çoxcildliklər artıq oxucuların ixtiyarına verilib. 10 cilddən ibarət Qarabağ toplusu da bölgə “Folklor örnəkləri” silsiləsinə daxildir. Həmin silsilədən olan çoxcildlik “Qarabağ: folklor da bir tarixdir” adı ilə nəşr olunub.


– Qeyd etdiyiniz toplularda hansı cəhətlər diqqəti daha çox cəlb edir?



– “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyində, eləcə də digər bölgələrə aid toplularda diqqəti xüsusi olaraq cəlb edən cəhətlərdən biri şifahi tarixlə bağlı materiallara kifayət qədər geniş yer verilməsidir. Aydınlıq naminə deyim ki, xalq arasında şifahi ədəbiyyatla yanaşı, şifahi tarix nümunələri də yaşayır və nəsildən-nəslə ötürülür. Yaxın və uzaq keçmişi götür-qoy etməkdə şifahi tarix heç də az əhəmiyyət daşımır və yazılı tarixin qida mənbələrindən birinə çevrilir. Təsadüfi deyil ki, avropalılar şifahi tarixə aid materialların toplanıb nəşr olunması və öyrənilməsi ilə nə vaxtdan məşğul olurlar. Əvvəl-axır bu işlə biz də məşğul olmalı idik və məşğul olmağa başladıq. Nəticədə folklor toplularına xeyli miqdarda bu cür material daxil edildi. Nəşr etdiyimiz şifahi tarix materialları müxtəlif tarixi hadisələrə, o cümlədən çar Rusiyası dövründə və sovet hakimiyyətinin ilk illərində baş vermiş qaçaqçılıq hərəkatına aid materiallardır. Çarizm dövrünün qaçaqçılığına aid dastan-rəvayətlər az-çox işıq üzü görsə də, sovet dövrünün qaçaqçılığı məlum siyasi səbəblərə görə diqqətdən kənarda qalıb. Bu məsələyə nə söyləyici maraq göstərib, nə də toplayıcı. Bir yox, neçə-neçə topluda sovet dövrünün qaçaqları ilə bağlı memorat (xatirə) nümunələrinə xüsusi yer verilməsi mövzuya marağın artmasından xəbər verir.


Sovet dövründəki toplulardan bugünkü topluların məzmunca bir fərqi də dini materialların get-gedə artmasında özünü göstərir. Bu materiallar xatirə, rəvayət, əfsanə, nağıl və s. kimi müxtəlif janrları və bir sıra özünəməxsus cəhətləri əhatə edir. Bu özünəməxsusluq, istər-istəməz, yeni elmi araşdırmalar tələb edir. Məsələn, dini motivli nağıllar bu janrın digər qruplarından – heyvanlar haqda nağıllar, sehrli nağıllar və məişət nağıllarından fərqlənir. Və ehtiyac yaranır ki, dini motivli nağıllar ayrıca araşdırma mövzusuna çevrilsin. Yeri gəlmişkən deyim ki, belə bir mövzunu xüsusi şəkildə araşdırmağı gənc mütəxəssis Xanım Mirzəyevaya həvalə etmişik. Xanım Mirzəyeva araşdırma zamanı maraqlı elmi nəticələr əldə edib.


– Bəs Cənubi Azərbaycan folklorunun toplanıb nəşr edilməsi və araşdırılması nə səviyyədədir?


– İnstitutumuzda ayrıca “Cənubi Azərbaycan folkloru” şöbəsi var. Həmin şöbə xətti ilə “Güney Azərbaycan folklor örnəkləri” çoxcildliyinin nəşrinə başlamışıq. Dediyim çoxcildlik silsiləsindən artıq 6 kitab işıq üzü görüb və bir neçə kitab da çapa hazırdı. Qəti şübhəm yoxdur ki, Cənubi Azərbaycan folklor örnəklərinin hərtərəfli toplanıb nəşr edilməsi bütövlükdə Azərbaycan folkloru barədə təsəvvürümüzü xeyli genişləndirəcək və bu, yeni-yeni tədqiqatlara rəvac verəcəkdir.


– Cağdaş ədəbiyyatda folklor örnəklərindən geniş şəkildə istifadə olunur. Bəs qədim dövrlərdə necə? Qədim dövr ədəbiyyatımızda folklora münasibət necə olub?


– Farsdilli ədəbiyyatımızı nəzərdə tutursunuzsa, bilin ki, bu ədəbiyyat da folklorsuz ötüşə bilməyib. Farsca yazan Qətran Təbrizi, Xaqani Şirvani və Nizami Gəncəvi sövq-təbii şifahi xalq ədəbiyyatı stixiyası üstündə köklənməli olublar. Məsələn, Qətran Təbrizi öz əsərlərində bu cür atalar sözü və məsəllər işlədir: ilan vuran ala çatıdan qorxar; cidanı çuvalda gizlətmək olmaz; balığı at dəryaya, balıq bilməz, xaliq bilər. Yaxud Nizami Gəncəvidə belə atalar sözü və məsəllərlə qarşılaşırıq: qurdla quzu bir yerdə otlayır; doşab almışam, bal çıxıb; heç kim öz ayranına turş deməz. Qətran Təbrizi və Nizami Gəncəvidən gətirdiyimiz bu cür nümunələr fars dilində yoxdursa, demək, həmin nümunələri farsdilli şairlərimiz öz folklorumuzdan götürüblər. Azərbaycan türkcəsindən götürülən xalq ədəbiyyatı örnəkləri, sadəcə olaraq, fars dilində səsləndirilib.


–Folklor İnstitutunda aşıq sənətinin öyrənilməsi istiqamətində hansı işlər görülür?


– Aşıq sənətinin öyrənilməsi sahəsində başlıca qayğılarımızdan biri bu sənəti sözlə musiqinin vəhdəti əsasında araşdırmaqdan ibarətdir. Bu məsələ nə vaxtdan bəri elmi həllini gözləyən məsələlərdəndir. Vaxtilə professor Bülbül “Koroğlu” dastanının toplanıb çap olunmasını Aşıqlar Qurultayındakı çıxışında təqdir etdi, amma onu da xüsusi nəzər-diqqətə çatdırırdı ki, dastanın şeirləri, üstündə oxunduğu aşıq həvalarının not yazıları ilə birlikdə oxucuya çatdırılmalıdır. Sözlə musiqinin vəhdətdə öyrənilməsinin, musiqi folkloruna diqqəti daha da artırmağın, eləcə də folklor mətnlərini təbii ifadan qeydə almağın vacibliyini nəzərə alıb, Folklor İnstitutunda Folklor Studiyası yaratdıq. Həmin studiya xətti ilə xüsusi fikir verdiyimiz sahələrdən biri məhz aşıq yaradıcılığı oldu. XX əsrin ustad aşıqlarının ifası ilə bağlı albom-disk buraxdıqdan sonra “Azərbaycan xalq dastanları” silsiləsindən albom-disklərin nəşrinə başladıq. Artıq 3 cildini tamaşaçıların ixtiyarına verdiyimiz o albom-disklərlə öləziməkdə olan bir ənənəyə – dastan ifası ənənəsinə diqqət və marağı cəlb etmək istədik. Bu gün həmin məqsədə doğru addımlamaqda davam edirik. Təqdirəlayiq haldır ki, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov dastan ifaçılığını diqqət mərkəzinə çəkməklə bağlı təşəbbüsümüzü dəstəklədi. Qərara gəldik ki, 2018-ci ilin yanvar ayından etibarən “Dastan gecəsi” layihəsinin icrasına başlayaq. Xatırladım ki, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə işi kimi nəzərdə tutulan həmin layihə 7 konsert proqramını əhatə etməlidir.


– Bu gün folklorun öyrənilməsi sahəsində hansı problem sizi daha çox narahat edir?


– Araşdırma sahəsində təxirəsalınmaz vəzifələrdən biri folklor mətnlərinin ifa prosesini ciddi şəkildə öyrənməkdən ibarətdir. İfa prosesinin, başqa sözlə desək, ifa konkestinin dünya elmi meyarları səviyyəsində öyrənilməsi folklorun bir şifahi sənət sahəsi olaraq əsl mahiyyətini üzə çıxarmağa, bu sənətin yazılı ədəbiyyatdan xeyli dərəcədə fərqli sahə olmasını ayırd etməyə imkan yarada və yeni yöndə tədqiqatlara yol aça bilər.


– Folklor nümunələrinin yaranması ənənəsi bu gün də davam edirmi?


– Bu və bu kimi digər suallara hərtərəfli cavab vermək Folklor İnstitutundakı “Müasir folklor” şöbəsinin öhdəsinə düşür. Bu şöbənin başlıca vəzifəsi foklorun müasir vəziyyətini öyrənmək, bu gün folklorda baş verən dəyişmələri aşkara çıxarmaqdır. Məkanın, mühitin dəyişməsi, folklor daşıyıcılarının kənddə və yaxud şəhərdə yaşaması folklorun forma və məzmununa öz təsirini göstərirmi? Qaçqın və köçkün həyatı öz əks-sədasını folklor nümunələrinin ifasında necə tapır? Belə suallar ətrafında araşdırmalar aparmaqla sizin qoyduğunuz məsələyə aydınlıq gətirmək elə də çətin olmur. Çağdaş prosesləri izləmək imkan verir ki, folklorun ayrı-ayrı janrlarına, ən çox da bayatı və lətifələrə aid nümunələrin bu gün belə yaranmasından danışa bilək. Bəli, məlum lətifə və bayatı modelləri əsasında bu janrların “yeni-yeni” nümunələrinin yaranması üzdə olan folklor faktlarındandır.


– Bölgələrdə yaşayan yazar və şairlərin də folklor sahəsindəki yaradıcılığını öyrənirsinizmi?


– İstər bölgədə, istərsə də paytaxtda yaşasın, fərqi yoxdur. Əgər hər hansı yazıçı folklor nümunəsi yaratmaq fikrinə düşürsə, bu fakta tələm-tələsik folklor faktı kimi baxmaq düzgün olmazdı. Nəzərə alınmalıdır ki, “yazar”ın, şairin qələmə alıb ortaya çıxardığı qoşma, gəraylı, təcnis, bayatı… şifahi ədəbiyyat yox, yazılı ədəbiyyat nümunəsidir. Və həmin nümunədən məhz şifahi və yazılı ədəbiyyat əlaqələri kontekstində bəhs edilməlidir.


Söhbəti qələmə aldı: Mahmud Əyyub
Bu xəbər oxucular tərəfindən 57 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed