Şrift:
İrəvandakı mətbuatımızın tarixi – ARAŞDIRMA
29.01.2018 [11:04] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
Enter.News tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın İrəvanda nəşr olunan mətubatımız haqqında olan yazısını təqdim edir:

XIX əsrin sonları, XX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan dilində nəşr edilən mətbuatın sıralarının genişlənməsi İrəvanda da mətbuata olan marağın artmasına səbəb olmuşdu. Həmin dövrdə artıq İrəvanda ədəbi-ziyalı mühiti formalaşmağa başlamışdı. İrəvanlı ziyalılar, xüsusən də İrəvandakı məktəblərin müəllimləri və məzunları “Əkinçi” (1875-1877), “Kəşkül” (1883-1891), “Kaspi” (1881-1919), “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905-1906), “İrşad” (1905-1907), “Füyuzat” (1906-1907), “Molla Nəsrəddin” (1906-1931) kimi qəzet və jurnallarla əməkdaşlıq edirdilər.

İrəvanda Azərbaycan dilində ilk mətbuat çar Rusiyası dövründə işıq üzü görmüşdür. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikasının mövcudluğu dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmamışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildən etibarən müəyyən fasilələrlə İrəvanda Azərbaycan dilində qəzet çap olunmuşdur. Ona görə də İrəvanda Azərbaycan dilində nəşr olunan mətbu orqanlarının tarixini iki mərhələyə bölmək olar: Çar Rusiyası dövrü və Sovet hakimiyyəti dövrü.

Çar Rusiyası dövründə İrəvan ziyalılarından Mirzə Kazım Qazi Əsgərzdə (“Mütəlle”) və Hacı Seyid Rza Əmirzadə (“Sabir”), Məhəmmədəli bəy Vəliyev “Əkinçi” qəzeti ilə əməkdaşlıq etmişlər. Firudin bəy Köçərli, Haşım bəy Vəzirov İrəvanda yaşadıqları dövrdə “Kəşkül” qəzetinin səhifələrində çıxış etmişlər.

Görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin həyatının müəyyən dövrü İrəvan şəhəri ilə bağlı olmuşdur. Mirzə Cəlil 1901-1903-cü illərdə İrəvanda yaşadığı dövrdə həm məhkəmə vəkili olmaq üçün imtahanlara hazırlaşmış, həm də “Kaspi” qəzetində İrəvanda yaşayan azərbaycanlıların hüquqların tapdalanmasından bəhs edən məqalələr dərc etdirmişdir. Mirzə Cəlilin “Kaspi” qəzetinin 7 mart 1902-ci il tarixli nömrəsində “İrəvan müxbirimizdən” başlıqlı yazısında şəhərin cənub-qərbində, Zəngi çayının sahilində salınan Dəlmə arxı ilə suvarılan azərbaycanıların minbir əziyyətlə saldıqları, sayı 60-a çatan meyvə-üzüm bağlarını şəhər bələdiyyəsinin ələ keçirmək üçün həyata keçirdiyi qanunsuz əməllərdən bəhs edilir. Müəllifin “C.M.” imzası ilə 28 mart 1902-ci ildə “Kaspi” qəzetində dərc edilən “İrəvan” başlıqlı məqaləsində şəhər Dumasının iclaslarında azərbaycanlıların ərizələrini müzakirə etmədən onlara rədd cavablarının verilməsindən bəhs edilir. Ədibin bu məqalələri XX əsrin əvvəllərində İrəvan şəhərində yaşayan azərbaycanlıların hüquqlarının rəsmi dövlət orqanları tərəfindən kobudcasına pozulmasının əyani nümunələridir.

Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus yeri olan, 1886-cı ildə İrəvan Oğlanlar Gimnaziyasını bitirən, “Kaspi” qəzetinin İrəvan quberniyası üzrə müxbiri, yazıçı-publisist Eynəli bəy Sultanovun 1905-1906-cı illərdə İrəvan şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında həmin qəzetin səhifələrində silsilə məqalələri dərc olunmuşdur. Məhz həmin məqalələr o vaxt İrəvan şəhərində baş verən hadisələr haqqında obyektiv məlumatlar əldə etmək imkanı verir.

İrəvandakı mətbuatımızın tarixi – ARAŞDIRMA
1906-cı ildə öz dövrünün nöqsanlarını, eybəcərliklərini satira dili ilə və karikatura vasitəsilə oxucularına çatdıran “Molla Nəsrəddin” adlı jurnalın işıq üzü görməsi böyük əks-səda doğurmuşdu. “Molla Nəsrəddin” qısa bir zamanda İrəvanda da özünə xeyli oxucu kütləsi qazanmışdı. İrəvanlı ziyalılar içərisindən mollanəsrəddinçilər dəstəsi formalaşmışdı. Cabbar Əsgərzadə (Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə, 1885-1966), Əli Məhzun (Əli Hacı Zeynalabdinzadə Rəhimov, 1886-1934), Məmmədəli Nasir (Məmmədəli Nasir Hacı Məmmədzadə İrəvani, 1899-1982), Mirzə Məhəmməd Axundov, Məşədi Mehdi Sadıqzadə kimi ziyalılar “Molla Nəsrəddin” jurnalının səhifələrində çıxış edirdilər. İrəvanda meydan sulayan cəhalətpərəstlərin, xalqın savadlanmasını istəməyən bəzi din xadimlərinin, müasir tipli məktəblərin açılması və gənclərin maariflənməsi üçün var-dövlətini əsirgəyən bəzi varlı irəvanlıların qorxusundan “Molla Nəsrəddin”in İrəvandan olan müxbirləri gizli imzalarla çıxış edirdilər. Müxbirlərdən Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə”, Cabbar Əsgərzadə (Aciz) “Məhkəmə pişiyi” kimi imzalardan istifadə edərək özlərini qaragüruhçulardan qorumağa çalışırdılar.

“Molla Nəsrəddin”in səhifələrində 1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan canını qurtararaq Bakı və Yelizavetpol (Gəncə) quberniyalarına pənah gətirən qaçqınların acınacaqlı vəziyyətinə biganə qalan sahibkarlar, varlı və imkanlı adamlar tez-tez tənqid atəşinə tutulurdu.

İrəvanda 1911-1912-ci illərdə və 1914-cü ildə “Эриванский вестник” (“İrəvan xəbərləri”) qəzeti nəşr olunmuşdur. Faydalı Biliklərin Yayılması üzrə İrəvan Cəmiyyətinin orqanı olan bu gündəlik qəzet “İctimai-ədəbi qəzet” rubrikası altında üç dildə – rus, tatar (Azərbaycan) və erməni dillərində məqalələr dərc edirdi. Bu qəzetdə rus dilində təhsil almış İrəvanın azərbaycanlı ziyalıları, İrəvan Gimnaziyasının və İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı tələbələri də öz məqalələrini dərc etdirirdilər.

İrəvan şəhərində Azərbaycan dilində ilk mətbu orqanı “Lək-lək” (Leylək”) adlı satirik məcmuə olmuşdur. İrəvan ziyalılarından Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə İrəvan qubernatorunun 21 yanvar 1914-cü il tarixdə onlara verdiyi icazəyə əsasən həmin il fevralın 22-də “Lək-lək”in ilk nömrəsini buraxmışdılar. İrəvandakı “Luys” (“İşıq”) mətbəəsində həftədə bir dəfə 8 səhifə həcmində nəşr edilən “Lək-lək”in hər nömrəsində başlığının altında “Lək-lək” türk dilində həftəlik məzhəkəli məcmuədir” sözləri yazılırdı. Məcmuənin ilk nömrəsində verilən “Baş məqalə”də və irəvanlılara ünvanlanan “Lək-lək”in salamı” şeirində “Ləl-lək” öz məsləyini “Molla Nəsrəddin” sayağı bəyan etmişdir. Elə jurnalın ilk nömrəsindən başlayaraq İrəvanın ictimai-siyasi həyatındakı eybəcərliklər, xalqın balalarının məktəbdən, təhsildən uzaq qalması, xalqı avam yerinə qoyan “möminlərin” din pərdəsi altında çıxardıqları hoqqalar, satirik dillə oxuculara çatdırılırdı. Jurnalın səhifələrindəki tənqidi yazılar “Lək-lək”, “Hərif”, “Kələmbaş”, “Şeytan”, Yetim cücə”, “Kefli”, Şərxəta”, “Dul toyuq” “Naqqal”, “Məlik Naqqal”, “Bayquş”, “Hərdəmxəyal”, “Palazqulaq”, “Məhkəmə pişiyi”, “Həpənd” və s. kimi imzalarla təqdim edilirdi. Bu imzalardan bir çoxuna “Molla Nəsrəddin”in səhifələrində də rast gəlinmişdir. “Hərdəmxəyal” gizli imzası Məmməd Səid Ordubadiyə, “Məlik Naqqal” imzası Əliqulu Qəmküsara, “Şeytan” və “Dul toyuq” imzaları isə Məmmədəli Nasirə məxsus idi.

İrəvanda qaragüruhçular əhalini maariflənməyə, dünyada gedən proseslərdən xəbərdar olmağa səsləyən qələm sahiblərinə qarşı fiziki terror tətbiq edir, onlara hədə-qorxu gəlirdilər. “Molla Nəsrəddin”in İrəvan müxbirləri Əli Məhzun və Cabbar Əsgərzadəni öldürmək haqqında hökm verilmişdi. Gənc müxbir Məmmədəli Nasiri xəncərlə yaralamışdılar. “Lək-lək” 28 may 1914-cü il tarixli nömrəsində “Nəsihət” başlıqlı şeirdə xəbərdarlıq edirdi:

Özünü topla a “leylək”, bircə rahət otur!

Olmasın çox da işin seyid ilən, həm bəy ilən!

Görmüyürsən a quzum, Nasiri xəncərlədilər,

Mərvdə Yusifi öldürmədi bir çəkməsilən?
İrəvandakı mətbuatımızın tarixi – ARAŞDIRMA
Şeirdə adı çəkilən Yusif İrəvan qəzasının Qəmərli kəndində anadan olmuş, bir müddət İrəvanda yaşadıqdan sonra Mərv şəhərinə (Türkmənistan) getmiş, oradakı məktəbdə müəllimlik etməklə yanaşı, Bakıda nəşr edilən “İqbal” qəzetində məqalələrlə çıxış edirdi. Yusif Heydərzadə Mərv şəhərindəki Əhmədiyyə məktəbində uşaq teatrı təşkil etmişdi. O, çıxışlarının birində bəzi əyanların xeyir işlərdə laqeydlik göstərdiklərini tənqid etdiyinə görə, 1914-cü ilin fevral ayında vəhşicəsinə öldürülmüşü. “Lək-lək” məcmuəsi 1914-cü il 17 iyun tarixlı sayında Yusif Heydərzadənin ölümü ilə bağlı nekroloq dərc etmişdi.

Jurnalın səhifələrində İrəvan şəhəri ilə yanaşı, Bakıdan, Tiflisdən, Naxçıvandan, Ordubaddan, Makudan, Təbrizdən alınan xəbərlər satira janrında oxuculara çatdırılırdı. “Lək-lək” xarici ölkələrdə baş verən prosesləri ibrətamiz şəkildə oxucularına çatdırmaqla, onlarda milli özünüdərk prosesinə xeyli təkan vermişdi. Məcmuənin səhifələrində İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin fəaliyyəti tez-tez işıqlandırılır, cəmiyyət üzvləri arasında olan narazılıqların dolayısı ilə təhsilin və mədəniyyətin inkişafına maneçilik törətməsi oxucuların nəzərinə çatdırılırdı.

“Lək-lək”in 5 may və 19 may 1914-cü il tarixli nömrələrində “Dil məsələsi” başlıqlı yazı dərc olunmuşdur. Məmmədəli Nasirin “Dul toyuq” imzası ilə dərc edilən bu yazısında öncə danışığında rus kəlmələri işlədən “intiligentlər”, sonra isə ərəb və fars dillərindəki qəliz ifadələri işlədərək dilimizi korlayan mollalar, vaizlər, xanəndələr, savaddan yarımçıqlar tənqid atəşinə tutulmuşdur.

Cəmisi 12 nömrəsi işıq üzü görən məcmuənin sonuncu nömrəsində “Lək-lək”in müdir və naşirləri M.Mirfətullayev və C.Əsgərzadənin imzası ilə oxuculara müraciət dərc olunub. Müraciətdə “Lək-lək”in qapanacağını, əvəzində müştərilərinə “Çınqı” adında yeni məcmuənin göndəriləcəyi bildirilirdi. Həmçinin qeyd edilirdi ki “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin birgə redaktorluğu və müdirliyi ilə, İrəvanın bir neçə maarifpərvər gənclərinin maddi və mənəvi köməyi ilə nəşr olunacaq. Lakin “Çınqı”nın taleyi indiyədək qaranlıq qalır.

Fədakar tarixçi alim, publisist və tərcüməçi, 1972-ci ilə İrəvanda “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsrafil Məmmədov ilk dəfə “Lək-lək” və “Bürhani-həqiqət” məcmuələrinin bütün nömrələrini müxtəlif aspektlərdən təhlil etmişdir. İsrafil Məmmədovun 2002-ci ildə çap etdirdiyi “İrəvan dəftəri” kitabında “Lək-lək” və “Bürhani-həqiət” jurnallarının hər birinə ayrıca fəsillər ayrılmışdır.

“Lək-lək” məcmuəsinin bağlanmasından 1916-cı ilin sonunadək keçən müddət ərzində İrəvanda Azərbaycan dilində hər hansı bir mətbuat orqanının işıq üzü görməsi haqqında heç bir məlumat yoxdur.

Birinci Dünya müharibəsi dövründə rus qoşunları Qafqaz cəbhəsindən Şərqi Anadolu üzərinə hücuma keçmişdi. Rusiyanın Türkiyə torpaqlarını işğalına yardım etmək üçün İrəvan şəhərində erməni könüllü dəstələri formalaşdırılır və bir müddət sonra cəbhə bölgələrinə göndərilirdi. Şəhərdə əllərində silah dolaşan erməni əsgərləri azərbaycanlılara qarşı zorakılıqlar edirdilər. Digər tərəfdən, Şərqi Anadoludan kütləvi surətdə Cənubi Qafqaza gələn erməni qaçqınlarının əksəriyyəti İrəvan şəhərinə və onun ətraf kəndlərinə üz tuturdular. Belə bir şəraitdə Azərbaycan dilində mətbuat nəşr etdirmək olduqca çətin bir iş idi.

Lakin uzun yazışmalardan sonra tanınmış mollanəsrəddinçi, şair, publisist Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görmüşdür. “Bürhan” kəlməsi ərəbcədir və mənası dəlil, sübut, isbat deməkdir. “Bürhani-həqiqət” birinci sayında “Həqiqət” adlı redaksiya məqaləsində məcmuənin adı ilə əməlinin üst-üstə düşdüyünü gələcək nömrələrində oxucularına sübut edəcəyini bəyan etmişdi.

İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə idi. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmisi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi üçün məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. Tanınmış mollanəsrəddinçi Cabbar Əsgərzadə (Aciz), fars və rus dillərində dərsliklər müəllifi Mirzə Cabbar Məmmədov, təbiət elmləri və təbabət mövzusunda məqalələr yazan ziyalılardan Rəhim Naci, Vahid Muğanlı və Təhvil İrəvani, şairə xanımlardan Şöhrət, Nigar, Səri, Əbdülhəqq Mehrinisə, Fatma Müfidə, Rəmziyyə kimi qələm sahibləri “Bürhani-həqiəti”in müəllifləri idilər.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed