Şrift:
Milli Qəhrəman Şirin Mirzəyevi anım mərasimi keçirilib
21.06.2012 [01:14] - Bildiriş
Bu gün onun döyüş dostları və yaxınları əfsanəvi komandirin məzarını ziyarət ediblər

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant Şirin Mirzəyevin həlak olmasının 20 illiyi ilə bağlı onun döyüşçü dostları, yaxınları və ailə üzvləri mərhum alay komandirinin Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Bu barədə Ş.Mirzəyevin rəhbərlik etdiyi hərbi hissənin ilk kəşfiyyat dəstəsinin əsgərlərindən biri olan Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, ziyarət iştirakçıları Ş.Mirzəyevin döyüş yolundan, onun Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar. Tədbirdə mərhumun döyüş əsgərləri Firudin Məmmədov, kəşfiyyat dəstəsinin komandiri Əkbər Məmmədov, əsgər Rafiq Qarayev və həyat yoldaşı Flora Mirzəyeva çıxış ediblər. Onlar Qarabağ probleminin həlli yollarından danışaraq dünya ictimaiyyətini bu məsələdə bir tərəfli olmaqda, yəni ermənipərəst mövqe tutmaqda qınayıblar. Keçmiş döyüşçülər son günlər cəbhə bölgəsində düşmənin atəşkəs rejimini pozması nəticəsində baş verən insidentlər zamanı Azərbaycan ordusu ilə bağlı yayılan qeyri-obyektiv və xoşagəlməz məlumatlardan təəssüfləndiklərini bildirib, torpaqlarımızın azad olunması üçün başlayacaq hərbi əməliyyatlarda ön sırada olacaqlarını deyiblər.

Tədbirdə Ş.Mirzəyevin həyatından bəhs edən “Sərkərdə” kitabının müəllifi hərbi jurnalist İbrahim İbadoğlu da iştirak edib.

Xatırladaq ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt- Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı həlak olub, iyunun 20-də Şəhidlər Xiyabanında dəfn olunub. Həmin gün onunla birlikdə yaxın qohumları Mübariz və Araz Mirzəyev də qəhrəmancasına şəhid olublar. Ölümündən sonra Ş.Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed