Şrift:
Diaspor Komitəsi ittihamlara cavab verdi
30.01.2018 [11:10] - Diaspor
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan xarici ölkələrdə fəaliyyət göstərən bir qrup nümayəndəsi fəxri adlar və “Tərəqqi” medalı ilə təltif olunub. Bəzi diaspor fəalları bundan narazılıq ediblər. Onların iddiasına görə, Diasporla iş üzrə Dövlət Komitəsi şəxsi münasibətlər zəminində siyahı hazırlayaraq, təltiflər üçün təqdim edib, bu sahədə böyük xidmətləri olanlar isə unudulub.

Məsələ ilə bağlı Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna verilən cavabda ittihamlar əsassız hesab olunub.

“Fəxri ad və medalla təltif olunanlar həqiqətən illərdir Azərbaycan diasporunun inkişafında, ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin təbliğində və dövlətimizin mənafelərinin qorunmasında xidməti olan insanlardı. Bu faktdır və sübuta ehtiyacı yoxdur. Ona görə də Azərbaycan diasporunun inkişafında xidməti olan bu insanlarin fəaliyyəti, əməyi vaxtaşırı olaraq Azərbaycan dövləti tərəfindən qiymətləndirilir. Özünü təltif olunanlar sırasında görmək istəyən həmvətənlərimizin olması təbii və başadüşüləndir. Amma bəzilərinin şəxsi maraqlarına aludə olaraq əsassız ittihamlar irəli sürməsi və dedi-qoduların yayılmasına şərait yaratması xoşagəlməz haldır.
Bu gün Azərbaycan dövlətinin hər bir diaspor nümayəndəsinin fəaliyyətinə hansı qiymət vermək lazım gəldiyini müəyyən edə biləcək imkanları var. Təltifə layiq görülənlərə də, görülməyənlərə də münasibətdə obyektivlik və ədalət prinsipi maksimum dərəcədə gözlənilib”.

Komitə bildirib ki, xaricdə yaşayan və fəal mövqeyə malik, sağlam, obyektiv düşüncəli həmvətənlərimizin hamısını eyni vaxtda təltif etmək də mümkün deyil.


“Qarşıdakı illərdə də diaspor, lobbi quruculuğunda, Azərbaycanın təbliğində xidmətləri olan soydaşlarımızın fəaliyyətinin fəxri adlar, medallarla və digər formada qiymətləndirilməsi prosesi davam etdiriləcək.
Təltif olunmayan bəzi adamların isə son addımları onlara münasibətdə ədalət prinsipinin pozulmadığını bir daha sübut etdi”,-Dövlət Komitəsi bəyan edib.
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed