Şrift:
Avropa Komissiyası havanın keyfiyyəti ilə bağlı ultimatum irəli sürüb
01.02.2018 [11:07] - Gündəm, Sosial
Avropa Komissiyası havanın keyfiyyəti problemi ilə bağlı Avropa İttifaqının (Aİ) üzvü olan 9 ölkəyə ultimatum irəli sürüb.

Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya normaların yerinə yetirilməsi üzrə planlarını gələn həftənin sonuna qədər Avropa Komissiyasına təqdim etməlidirlər. Aİ-nin ətraf mühit məsələləri üzrə komissarı Karmenu Vella vurğulayıb ki, dövlətlər qarşıya qoyulan tələbləri vaxtında yerinə yetirməsələr, onlara qarşı iddia Aİ Məhkəməsinə göndəriləcək. O xatırladıb ki, havanın çirklənməsi səbəbindən Aİ ölkələrində 400 min adam vaxtsız dünyasını dəyişib.

Söhbət ilk növbədə atmosferin azot oksidləri və çox xırda toz hissəcikləri ilə çirklənməsindən gedir. Yanvarın 30-da Brüsseldə K.Vellanın Avropa İttifaqı Məhkəməsində iddia təhlükəsi qarşısında olan dövlətlərin nümayəndələri ilə görüşü olub.

Xatırladaq ki, Avropa Komissiyası ötən il Polşa, habelə Bolqarıstan barəsində də Aİ Məhkəməsinə iddia göndərib. İddia havanın keyfiyyət normalarının pozulması ilə bağlı olub.

Nigar Cəfərli
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed