Şrift:
İranda “Məcburi hicaba yox” kampaniyası geniş vüsət alır, daha bir neçə şəhərdə qadınlar baş örtüklərini açıb atıblar
01.02.2018 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda molla rejiminin ölkə qadınlarına zorla qəbul etdirdiyi hicaba və qara çarşaba qarşı sivil etirazı gündən-günə geniş vüsət alır. Yanvarın 30-da daha bir neçə şəhərdə qadınlar “Məcburi hicaba yox” kampaniyasına qatılaraq küçə və meydanlarda baş örtüklərini açıb atıblar.

Yanvarın 30-da paytaxt Tehranda, Gilan əyalətinin Rəşt şəhərində və daha bir neçə şəhərdə onlarla qadın, şəhərin əsas küçə və meydanlarında baş örtüklərini açmaqla hakimiyyətin qadınlara qarşı zorakılığına və onun məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Qadınların mədəni etirazı, küçədən keçən digər vətəndaşlar tərəfindən dəstəklənib.

Baş örtüklərini açan qadınların polis qüvvələrinin hadisə yerinə gəlib onları həbs etməsinə qədər davam edib. Tutulduqdan sonra naməlum istiqamətə aparılan etirazçı qadınların hazırda harada saxlandığı barədə məlumat yayılmayıb.

Xatırladaq ki, son günlər paytaxt Tehran, İsfahan, Şirazd, Rəşt və digər şəhərlərdə onlarla qadın, küçə və meydanlarda baş örtüklərini açaraq, totalitar molla rejiminin məcburi hicab siyasətinə öz etirazlarını bildiriblər.
Qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı bir qadın Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşaraq vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan beynəlxalq hüquq təşkilatlarının etirazından sonra azadlığa buraxılıb.

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşirlər.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed