Şrift:
Bakı küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Aqarunovun adı veriləcək
05.02.2018 [10:33] - Xəbərlər, Sosial
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi əbədiləşdiriləcək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.

Xatırladaq ki, Albert Aqarunov Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Albert 25 aprel 1969-cu il Bakı şəhərində anadan olub.

1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.

Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını Albert adlandırırdı...ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed