Şrift:
Naxçıvanda İslam mədəniyyətinin nümunələri – körpülər
06.02.2018 [10:48] - Mədəniyyət
Naxçıvanın Cənubi Qafqazla Yaxın Şərqi bağlayan qədim yolların kəsişməsində yerləşməsi bölgənin iqtisadi-mədəni inkişafında mühüm rol oynayıb. Tarixən yüksək mədəni ənənələrə sahib olan Naxçıvanda İslam dininin qəbulu elm və mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, memarlıqda da intibah və çiçəklənməyə səbəb olub.

Bu sözləri müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

“Naxçıvan Muxtar Respublikasının ərazisində mövcud olan İslam mədəniyyəti nümunələri rəngarəngliyi və özünəməxsusluğu ilə fərqlənir. İslam mədəniyyətinə aid nümunələr arasında mülki tikililər xüsusi yer tutur. Yaşayış, ticarət binaları, hamamlar, mədrəsələr və digərlərindən ibarət olan həmin mülki tikililər arasında körpülərin özünəməxsus yeri var”, - deyən Vəli Baxşəliyev qeyd edib ki, orta əsrlərdə Naxçıvanın iqtisadi-mədəni inkişafını bunlarsız təsəvvür etmək mümkün deyil. Yaşayış məskənlərinin dağlıq ərazidə yerləşməsi orta əsrlərin ən mühüm kommunikasiya vasitələrindən biri olan körpülərin tikintisini zəruri edib. Muxtar respublika ərazisində aparılan araşdırmalar göstərir ki, bu tip tikililər vaxtilə daha çox olub, lakin onların çox az bir qismi günümüzədək salamat qalıb.

Vəli Baxşəliyev bildirib ki, muxtar respublikadakı qədim körpüləri iki qrupa ayırmaq olar. Birinci qrupa aid körpülər vaxtilə Araz çayı üzərində salınıb. Belə körpülərdən biri Culfa rayonunun Gülüstan kəndi yaxınlığında olub. Körpünün xarabalıqları indi də qalmaqdadır. Bu mülki tikili elmi ədəbiyyatda “Ziya-ül-Mülk körpüsü”, xalq arasında “İsgəndər körpüsü” də adlandırılıb. Orta əsr müəllifi Həmdullah Qəzvini “Nüzhət əl-Qülub” əsərində Mərənd tümənindəki Gərgər haqqında məlumat verərək yazıb ki, “...onun yanında, Araz çayı üstündə Ziya-ül-Mülk Naxçıvani gözəl körpü tikib. Bu, xeyriyyəçilik sahəsində ən parlaq tikililərdən biridir”. Ziya-ül-Mülk Naxçıvaninin həyatı ilə bağlı məlumat olmasa da, Gülüstan körpüsü orta əsr Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir. Mənbələrin məlumatına görə, Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqаmətindən Nахçıvаnа gələrkən Ziya-ül-Mülk körpüsündən kеçib.

“Gülüstan körpüsünün yaxınlığında xalq arasında “Şah Abbas körpüsü” adı ilə tanınan ikinci bir körpü, onun yaxınlığında isə Araz çayının hər iki sahilində karvansaray var. Ehtimal ki, bu körpü Gülüstan körpüsünün dağılıb öz əhəmiyyətini itirməsindən sonra inşa edilib”, – deyən AMEA-nın müxbir üzvü bildirib ki, körpülər və karvansaraylar orta əsrlərdə Azərbaycanın, o cümlədən Naxçıvanın iqtisadi-mədəni və ticarət əlaqələrinin tənzimlənməsində mühüm rol oynayıb.

İkinci qrupa daxil olan körpülər həm Naxçıvan kəndlərinin bir-biri ilə əlaqələrini təmin edib, həm də digər ölkələrlə iqtisadi-mədəni əlaqələrdə müəyyən rol oynayıb. Belə körpülərdən Əlincəçay üzərində salınan Ləkətağ və Qazançı körpülərini, Gilançay və onun qolları üzərində salınan Biləv, Bist, Məzrə, Ələhi körpülərini, Arpaçay üzərindəki Dədəli körpüsünü və digərlərini göstərmək olar.

Vaxtilə Naxçıvanda inşa olunan körpülərin Azərbaycanda daxili və beynəlxalq ticarətin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran Vəli Baxşəliyev vurğulayıb ki, bu gün qədim diyarda tarix və mədəniyyət abidələri dövlət qayğısı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri, o cümlədən İslam mədəniyyəti abidələri qeydə alınaraq pasportlaşdırılıb. Son illərdə bərpa və tədqiq edilən Xanəgah Memarlıq Kompleksi, Əlincəqala, Gülüstan türbəsi və onlarla digər abidələr İslam mədəniyyəti nümunələrinə göstərilən yüksək qayğı və diqqətin nəticəsidir.

Qeyd edək ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri bu il İslam mədəniyyətinin paytaxtıdır.
Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed