Şrift:
Mehdi Əmirinəjadın 2 il həbs cəzası təsdiqlənib / Həbib Sasaniyan yenidən məhkəməyə çağırılıb
07.02.2018 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi azərbaycanlı milli-mədəni fəal Mehdi Əmirinəjad barəsində çıxarılan həbs cəzasını təsdiqləyib, digər milli-mədəni fəal Həbib Sasaniyanı isə məhkəməyə çağırıb.

Məlumata görə, H.Sasaniyan fevralın 7-də Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsinə müraciət etməlidir.

M.Əmirinəjad isə bundan öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən 2 il müddətinə həbs cəzasına məhkum edilib. Son məlumata görə, Ettelaat İdarəsinin təzyiqi altında fəaliyyət göstərən Apelyasiya Məhkəməsi, İnqilab Məhkəməsinin hökmünü olduğu kimi qüvvədə saxlayıb.

M.Əmirinəjad Gamo qrupunun yaradılmasında iştirak etmək, qrupda müavin kimi fəaliyyət göstərmək, evində milli zəmində müxtəlif iclaslar keçirmək və s. kimi qondarma ittihamlarla həbs cəzasına məhkum edilib.

H.Sasaniyan və M.Əmirinəjad 2016-cı il mayın 15-də daha 3 fəalla birlikdə Ərdəbildə yaxalanıb. H.Sasaniyan 15 ay yarım qanunsuz olaraq saxlanıldıqdan sonra 2017-ci il avqustun 28-də 350 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. M.Əmirinəjad isə aylarca saxlandıqdan sonra 500 milyon tümənlik vəsiqə qarşılığında azad edilib.

H.Sasaniyan dosyenin əsas müttəhimi kimi qiyabi olaraq 10 il həbs cəzasına məhkum edilib. O qanunsuz şəkildə təşkil olunan dosyesinə etiraz olaraq məhkəmə prosesinə qatılmaqdan imtina etmişdir. Fəal yanvarın 28-də keçirilən Apelyasiya Məhkəməsi prosesinə də qatılmayıb.

Məmurlar fevralın 5-də Sasaniyan ailəsi ilə əlaqə saxlayaraq onlardan H.Sasaniyanın təyin olunmuş vaxtda Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsinə müraciət etməsini tələb ediblər. Məmurlar bildirib ki, fəal çağırışa məhəl qoymayacağı təqdirdə sənədi məhkəmənin girovunda olan əmlak dövlət tərəfindən müsadirə ediləcək.

Hər iki fəal özlərinə qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onlar inanır ki, təhlükəsizlik qüvvələri onların mədəni fəaliyyətlərini dayandırmaq məqsədi ilə barələrində ağır hökmlər çıxarmağı planlaşdırır.

Xatırladaq ki, adını çəkdiyimiz fəallar ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə bağlı maarifləndirmə fəaliyyəti ilə məşğul olduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar əsassız etiraflar etmək üçün ağır işgəncəyə məruz qalıblar.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed