Şrift:
İranın keçmiş deputatı: “İslam respublikası devriləcək, İran parçalanacaq”
08.02.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin keçmiş deputatı Əhməd Təvəkküli, fevralın 6-da jurnalistlərə açıqlamasında hakimiyyəti bürümüş korrupsiyadan, məcburi hicabdan və rejimin süqut təhlükəsi ilə üz-üzə qalmasından danışıb.

Hakimiyyət daxilində, bəzi rəsmilərin tutduğu vəzifədən sui-istifadə edərək milyardlarla oğurluğundan danışan Təvəkküli deyib ki, ölkədə korrupsiya, fəsad və qanundan yayınma halları gündən-günə artır: “Əgər hakimiyyəti bürümüş sistemli korrupsiyaya qarşı mübarizə aparılmasa, islam respublikası hökmən devriləcək, İran parçalanacaq, şiəliyin də kökünü qazacaqlar. Buna misal da, ölkədə baş verən son etirazlarda məscidlərə edilən hücumlardır. Bu hücumların bir mesajı var. Biz həmin mesajı başa düşməliyik. Təəssüflər olsun ki, millət indiki durumdan artıq məyus olub. Bizim isə belə hallara göz yumaraq susub sakit qalmağımız vəziyyətin bu yerə gətirib çıxarmasına səbəb olub.

İctimai problemlərə, o cümlədən də hicab məsələsinə gəldikdə isə, hesab edirəm ki, biz elə etməliyik ki, hicabla bağlı sıxıntılar nisbətən azalsın, qadınlar özlərini rahat hiss etsinlər. Rahat da namazlarını qılsınlar. Həm də düşünürəm ki, qəzetlər daha sərbəst olmalı, cəmiyyətdə olan problemləri sərbəst işıqlandırmalıdırlar. İnsanlar da öz sözlərini rahat deyə bilməli, öz fikrlərini sərbəst ifadə edə bilməlidirlər. Lakin hökumət insanlara təlim keçməli, nədən danışıb-danışmamağı onlara öyrətməlidir”.



Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib.

Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin çoxunun “intihar” etdiyini iddia edirlər.

“Bahalığa yox” şüarı adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Məşhəd şəhərindən başlanan etirazlar, az sonra radikallaşaraq molla rejiminin əleyhinə yönəlib. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.



A.M
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed