Şrift:
ABŞ-dakı mərkəzlər hakimiyyətə qarşı hərəkətə keçdilər
09.02.2018 [10:25] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Freedom House” təşkilatının sabiq prezidenti Kramer və ABŞ dövlət katibinin sabiq müavini Melia seçkilərin erkən keçirilməsini tənqid etdi; Bakıdan da sərt reaksiyalar var

Azərbaycanda aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ABŞ və Qərbin bəzi dairələrinin bəyanatları ilə müşahidə olunmaqdadır.

Sərt açıqlamalardan biri “Freedom House” təşkilatının sabiq prezidenti və hazırda Florida Beynəlxalq Universitetinin aparıcı elmi əməkdaşı David Kramerə məxsusdur. O, açıq şəkildə beynəlxalq aləmi növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Azərbaycan tərəfi qınamağa çağırır.

Sitat: “Seçkiləri erkən keçirmək qərarı pis qərardır. Bu, müxalifətə hazırlaşmaq üçün vaxt, rəqabət aparmaq imkanı vermir. Azərbaycan mühüm ölkədir. Mən Azərbaycanın müvəffəq olmasını, çiçəklənməsini və başqaları üçün nümunə olmasını istəyirəm. Ancaq bu ölkənin götürdüyü istiqamət onun gələcəyi ilə bağlı ciddi narahatlıqlara əsas verir”.

“Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün təbliğat direktoru Philippe Dam fevralın 9-da Avropa Birliyinin (AB) baş diplomatı Federika Mogerinin Brüsseldə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla olacaq görüşünə toxunaraq, öz tənqidi mövqeyini sərgiləyib.

“Azərbaycan aprelə növbədənkənar seçki təyin edib, bu qəfil addım tənqidçilərin daha artıq sıxışdırılmasıyla sonuclana bilər. Mogerini Məmmədyarova mütləq deməlidir ki, Azərbaycanın ədalətsiz yerə həbs olunanları buraxmaması və vətəndaş cəmiyyətinə məhdudiyyətlərə son qoymaması hər hansı yeni tərəfdaşlıq sazişinə AB-nin dəstəyinə təhlükə yaradır” deyə, HRW təmsilçisi vurğulayır.
2010-15-ci illərdə ABŞ dövlət katibinin müavini olan və sonralar USAİD-in köməkçisi vəzifələrində işləmiş Tomas Melianın məqaləsi də açıq şəkildə Azərbaycana hücum kimi qiymətləndirilir. O, əslində qərəzli mövqeyi qeydləri ilə göstərib. Dövlət katibinin sabiq müavininin məqaləsinin bu hissəsinə diqqət edək: “Azərbaycanda prezident seçkilərinə bənzəyən nəsə keçiriləcək. Və əgər tarix nəyisə öyrədirsə, ovuclarını Azərbaycan Dövlət Neft Şirkətinin səxavətində qızdıran bir dəstə çirkli Avropa siyasətçisi bu seçkilərin legitimliyini tərif edəcəklər. Lakin əgər Əli Kərimli kimi gerçək müxalif siyasətçilər ölkənin mediasından təcrid edilir və dəfələrlə səsvermədən kənarda saxlanılırsa, bu seçkilərdə, ümumiyyətlə, heç bir real mübarizədən danışmağa dəyməz”.

Bu tipli təzyiqlər mətbuat səviyyəsində də gəlməkdədir. Belə ki, “Vaşinqton Post” qəzeti və “Blomberg” agentliyi kimi nüfuzlu mətbu orqanlarda dərc olunan yazılarda Azərbaycanda keçiriləcək seçkilərə toxunulur. Həmin yazılarda seçkilərin ön tarixə çəkilməsi qeyd olunur, bunun nəticəsində müxalifətin böyük bir kəsiminin seçkiləri boykot etdikləri bildirilir və bütün bunlar tənqid olunur.

Siyasi şərhçilər belə təzyiqlərin seçkilərə doğru hər an güclənə biləcəyini qeyd edirlər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bu cür təzyiqlərə sərt reaksiya verdi: “Bizdən İlqar Məmmədovun azad edilməsini tələb edirlər. Qardaş Türkiyə böyük dosyelər hazırlayıb və Fətullah Gülənin ekstradisiyasını istəyir. Amma daim cavab verirlər ki, biz məhkəmə işinə müdaxilə edə bilmərik. Azərbaycanda isə hakimiyyətin məhkəmənin işinə müdaxilə etməsini tələb edirlər. Heç bir şəxsin statusu onu məsuliyyətdən yayındırmır. Seçkilərlə bağlı baş verənlər də işimizə birbaşa qarışmaqdır. Əslində prezident səlahiyyətinin 6 ayını itirir, yəni vaxtından əvvəl seçkilərə gedir. Burada müəyyən səbəblər var və tamamilə doğru qərardır. Burada söhbət yalnız Azərbaycanın milli maraqlarından gedir. Bizim əraziləri işğal edən Ermənistan seçkilərə gedir. Eyni zamanda Rusiyada da seçkilərdir. Bu ölkələrdə keçiriləcək seçkilərin birbaşa Qarabağ məsələsinə də təsiri var. Daim Ermənistan tərəfi seçkilərdən dərhal sonra danışıqların sıfırdan başlamasına çalışır. Burada nəinki hakimiyyət, həm də sistem dəyişikliyi baş verir. Azərbaycan tərəfi bunların fərqindədir. Nəzərə alaq ki, yay dövrü dünya siyasətinin yatan dövrüdür. Biz yaydan sonra seçkilərə getsək, ermənilər hazırlıqlı şəkildə payıza qədəm qoyacaqlar. Əgər ermənilər yenə payızda ənənəvi üsullarına əl atmağa çalışsalar, o zaman biz lazımi addımlarımızı ata biləcəyik. Bunları seçki vaxtı etmək çətindir. Müxalifətdə olan partiya lideri kimi mənə də iki ay seçkiyə hazırlıqla 6 ay hazırlıq arasında böyük fərqlər var. Amma bizim üçün dövlət maraqları partiya maraqlarından üstündür. Bu cür qərarlarla böyük dövlətlər, beynəlxalq qurumlar göstərirlər ki, ölkəmizə qarşı qərəzli münasibətləri dəyişməyib. Bu baş verənlər Amerika dövlətinin mövqeyi deyil. Bu hakimiyyətdəki bir qrupun mövqeyi kimi qəbul olunmalıdır. ABŞ Azərbaycan kimi bir strateji tərəfdaşını itirmək istəmir”.

Siyasi ekspert Nəzakət Məmmədova bu cür təzyiqlərin seçkiöncəsi olmasını gözlənilən sayır: “Təəssüf ki, seçki kimi demokratiyanın mühüm bir elementi müasir dövrdə artıq böyük dövlətlərin təzyiq və təhdid vasitəsilə, bir-birilərinin daxili işlərinə müdaxilə vasitəsinə çevrilib. Onlar bununla seçki keçirən ölkələrə təzyiq göstərib güzəştlər qoparmağa, müstəqil siyasət yetirməsinə mane olmağa çalışırlar. Seçkiqabağı ölkəmizə ənənəvi təzyiqlərin olması gözləniləndir. Bu, artıq ABŞ-ın və Qərb təşkilatlarının dəst-xəttinə çevrilib. Hətta həmsədr ölkə kimi bu yaxınlarda Minsk Qrupunun müşahidə missiyasının genişləndirilməsi də Azərbaycanı cilovlamaq, təcavüzkarın cavabını verməməsi üçün düşünülmüş bir plandır. Qərb özü, məsələn, Rusiyanın kibervasitələrlə seçkilərə müdaxilə kimi araşdırılsa, Azərbaycanın da tam haqqı var ki, ölkəyə ötürülən gizli maliyyəni, müxalifət adlandırılan bəzi qüvvələrlə gizli görüşləri, sövdələşmələri araşdırsın.

Çünki xalqın adından danışan, onun iradəsini ifadə etdiyini iddia eləyən heç bir qüvvənin xarici ölkələr qarşısında öhdəliyi olmamalıdır. Ancaq ABŞ və bəzi Qərb ölkələri demokratiyadan danışsa da, əslində xalqın iradəsinin təmsilçilərini yox, özlərinə sadiq qüvvələri hakimiyyətə gətirmək istəyirlər. Bəs bu, xalqın iradəsinə hörmətsizlik, demokratiyanın pozulması deyilmi?! Axı xalq onlara inanmırsa, onlar hakimiyyətə gələ bilmirsə, seçki 6 ay irəli çəkilsə yox, bir il də geri çəkilsə nəsə dəyişməyəcək. Qərbdə bunu yaxşı bilirlər, amma dəstəklədiyi qüvvələrin məğlubiyyətində hakimiyyəti günahlandırırlar".

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed