Şrift:
Təbrizdə basketbol salonuna buraxmamaq üçün iki qadın jurnalistin qapısı bağlı otaqda saxlanılması haqda GÜLÜNC İZAH
09.02.2018 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 6-da kişi müxbirlərlə birlikdə Hədiyyə Xətibi və Səidə Fəthi adlı iki qadın jurnalist Təbrizin “Şəhrdari” və Tehranın “Mehram” basketbol komandalarının oyununu işıqlandırmaq məqsədi ilə Təbrizə gəliblər.

Məlumata görə, jurnalistlər super liqa yarışlarının final oyunu başlamadan öncə təvana salonuna gəliblər. Lakin Basketbol Federasiyasının məsulları insan haqlarını pozaraq qadın jurnalistləri salona buraxmayıb, onları salonun təhlükəsizlik bölümünün otağında bağlı qapı arxasında saxlayıblar.

Bu məsələ sosial şəbəkələrdə bir çox etirazlara səbəb olduğu üçün bir gün sonra Basketbol Federasiyası baş verən hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda qadın juranistlərin otaqda həbs edilməsi gülünc şəkildə izah olunub.

“Əslində hörmətli xanım jurnalistlərin salona daxil olmaq icazəsi olmayıb. Ötən oyunda da belə olmuşdur. Lakin bu oyunda Basketbol Federasiyasının rəisi Dr.Təbatəbayi də salonda olduğuna görə, həmçinin qadın jurnalistlərə hörmət olaraq onlar üçün bir otaq ayrılmışdır. Jurnalistlərin manitordan oyunu izləyəcəyi nəzərdə tutulmuşdur. Təəssüflə xanımların olduğu otağın qıfılı xarab olub və sonra açılmayıb. Lakin heç kim otağı qəsdən qıfıllamayıb. Hərhalda görüşə “Şəhrdari” klubu ev sahibliyi edib, bu işlərlə bağlı ev sahibi olan klub və əyalətin Gənclər və İdam İdarəsi məsuliyyət daşıyır”- deyə federasiyanın bəyanatında qeyd olunub.

Məlumata görə, oyundan əvvəl qadın jurnalistlərin olduğu otağın qapısı məsullar tərəfindən bağlanılıb. Onlar kimsənin otağa daxil olmaması üçün qapını bağladıqlarını bildiriblər.

Basketbol Federasiyası o halda belə bir gülünc iddia ilə çıxış edib ki, qadın jurnalistlər baş verən hadisə ilə bağlı film yayaraq necə saxlandıqlarını ifşa ediblər.

İran stadionlarında qadınlarla bağlı vaxtaşırı gülünc hadisələr baş verir. Bir sözlə, kişi yarışlarında qadınların stadiona daxil olması qadağandır.

2017-ci ilin noyabr ayında İranın Qorqan şəhərində 10 komandanın iştirakı ilə keçirilən 5-ci Asiya Qadınlar Kabaddi Çempionatında olduqca qəribə hadisə baş vermişdir. Qadın idmançıların yarışdığı turnirlərə kişilərin girişi qadağan olunduğundan taylandlı məşqçi hicab geyinərək salona “xanım” cildində daxil olmuşdur.

Məşqçinin bu hərəkəti aşkar edildikdən sonra, o, salondan uzaqlaşdırılıb. Məlum olub ki, kişi baş məşqçi salona daxil olmaq üçün iki dəfə eyni üsuldan istifadə edib.

Baş verən hadisəyə reaksiyalar artdıqdan sonra İran Kabaddi Federasiyası xalqdan üzr istəyərək bildirmişdir ki, kimsə taylandlı məşqçini bu işə məcbur etməyib, onun özü salona daxil olmaq üçün belə bir hərəkətə yol verib.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed