Şrift:
Təbriz universitetində türk dili və ədəbiyyatı fars dilində tədris olunur
12.02.2018 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Universitetində türk dili və ədəbiyyatı fənnini könüllü olaraq seçən (bu dərslik öyrəncilər üçün məcburi olmadığından öyrəncilər yalnız könüllü olaraq onu seçir) bir öyrənci, dərsliyin fars dilində tədris olunduğunu, müəllimlərin türkcə danışmağa qarşı çıxdıqlarını bildirib.

Təbriz Universiteti Türk Dili və Ədəbiyyatı Qrupunun müdiri Əhməd Fərşbafiyan yanvarın 23-də “Anac” xəbər agentliyi ilə müsahibədə universitetdə türd dili fənninin necə tədris olunması ilə bağlı məlumat vermişdir. O sözügedən fənni tədris edən müəllimlərdən ikisinin türk dili və ədəbiyyatı üzrə böyük mütəxəssis olduqlarını, doktorluq dərəcələrini Azərbaycan Respublikasında aldıqlarını iddia etmişdir. O həmçinin bildirmişdir ki, Təbriz Universitetində tədris olunan türk dili bölgədə, o cümlədən Azərbaycan Respublikasında olan türkcədən fərqli və fars dili məktəbinə uyğun şəkildə tədris olunur.

“Azərbaycan Milli Düşüncə” Teleqram Kanalında yayılan məlumata görə, Təbriz Universitetində türk dili və ədəbiyyatı dərsliyini könüllü olaraq seçən öyrəncilərdən biri Ə.Fərşbafiyanın verdiyi müsahibəyə geniş münasibət bildirib.

“Cənab Ə.Fərşbafiyan bu fənni seçən öyrəncilərin ilk öncə 41 nəfər olduğunu, lakin hazırda onlardan 27 nəfərinin qaldığını bildirməkdə haqlıdır. Amma o bunun səbəbini də açıqlamalı idi. Onlar elə Ə.Fərşbafiyanın təşviqi ilə fikirlərindən daşınıblar. Ona görə ki, o bu ixtisasın öyrəncilərə gələcəkdə heç nə verməyəcəyini təbliğ edərək öyrəncilərə təsir edir.

Müəllimlərin türk dili və ədəbiyyatı üzrı mütəxəssis olduqları da doğru deyil. Onlar fars dili və ədəbiyyatı üzrə təhsil alıblar və türkcə danışmağı da qəbul etmirlər. Onlar guya hansı universitetdə türk ədəbiyyatı üzrə təhsil alıblar?! Əgər Azərbaycan Respublikasında təhsil aldıqları iddia olunursa, o zaman Ə.Fərşbafiyanın söhbətlərində çoxlu ziddiyyətlər üzə çıxır.

Cənab Ə.Fərşbafiyan Azərbaycan Respublikasının zəngin ədəbiyyatından istifadə etmək yerinə onu təmami ilə uzaqlaşdırmağa çalışır. Gün keçdikcə dərsliklər türk dilindən uzaqlaşır və fars dilinin möhkəmləndirilməsi istiqamətində yeni bölümlər əlavə olunur. Bundan əlavə öyrənciləri tədricən “azəri” sözünə öyrəşdirməyə çalışırlar. Müllimlər türk dili və ədəbiyyatı üzrə təhsil almayıb. Lakin Təbrizdə türk dilini elmi şəkildə daha yaxşı bilən çox sayda alimlər var, amma universitet həmin şəxslərdən istifadə etmir. Bu, türk dilinə qarşı açıq-aşkar zülm deməkdir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

Təbriz Universitetinin öyrəncisi əlavə edib ki, “cənab müdir sözügedən ixtisas üzrə təhsil almağı təhlükəsizlik məsələsi kimi göstərməkdə çox maraqlıdır. O öyrəncilərin ailəsini belə qorxudaraq onların bu ixtisasa cəlb olunmasına maneçilik yaradır. Müdir hətta öyrəncilərin bu haqda qəzet və xəbər agentliklərinə müsahibə verməsinə qarşı çıxır. Bütün bunlar göstərir ki, türk dilinin bu şəkildə tədris olunması, bəlkə də onun tədris olunmamasından daha çox bu dilə ziyan vurur.”

Qeyd edək ki, hal-hazırda uzun illər mübarizədən sonra Təbriz, Urmiyə, Marağa və Urmiyənin Texnologiya Universitetlərində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü şəkildə seçir.

1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb.
Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

N.S
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed