Şrift:
Tehran metrosunda “Xamneyiyə ölüm” şüarı səsləndirən gənc, bir “Hizbullah”çının hücumuna məruz qalıb
12.02.2018 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 11-i (22 Bəhmən) sübh saatlarında Tehran metrosunda, qatarın içində “Xamneyiyə ölüm” şüarı səsləndirən bir gənc, “Bəsic” təşkilatının üzvü olan “Hizbullah”çı bir şəxsin hücumuna məruz qalıb.

Etirazçı gənc, üzünü digər sərnişinlərə tutaraq onları qorxunu bir kənara ataraq molla rejiminə qarşı üsyana çağırıb. Əvvəlcə “Diktatora ölüm” şüarı səsləndirən gənc etirazçı, sərnişinlərin sakit qalıb ona baxdığını gördükdə, “Ay millət, siz ananızın canı, səsimə səs verin, azadlıq istəyirsinizsə, qeyrətə gəlin, görün bu etirazlar nəticə verəcək ya yox” sözlərini dedikdən sonra şüarını daha da sətləşdirib. Bu dəfə, o “Xamneyiyə ölüm” şüarı səsləndirdikdə, birdən-birə qarşıda duran “Hizbullah”çı bir şəxs onun üstünə cumaraq ona təpik atıb. Lakin hücumçunun bu hərəkətini görən etirazçı gənc və onun dostu, birlikdə “Hizbullah”çı şəxsin qarşısında dayanaraq, ona qarşı əks hücuma keçiblər və onu döyməyə başlayıblar.

Həmin gəncin kameralara düşüb-düşməməsi, onun tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb. Hadisə, islam inqilabının 40-cı ildönümü münasibətilə hakimiyyət tərəfdarlarının Tehranda keçirdiyi yürüşə təsadüf edib.
Xatırladaq ki, ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb.

Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət rejimi hökm sürdüyünə görə, etirazlar pərakəndə şikildə davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed