Şrift:
Novruz bayramı münasibətilə birdəfəlik müavinəti-nəqdiyyə verilməsi haqqında qanun layihəsi
13.02.2018 [10:24] - Xəbərlər, Mədəniyyət
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Əvvəlini bu linkdən oxuyun.
İyirmi birinci iclas

10 mart 1919-cu il

İyirmi dördüncü iclasın davamı

17 mart 1919-cu il

Sədr - Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət.

Sədr - Parlamentin iclası açılır. Bugünkü yomiyyeyi-müzakiratımız Divani-Rəyasət tərəfindən bu qərar ilə tərtib verilmişdir:

1 - Daxil olmuş vərəqə və kağızlar. O cümlədən təşriyyə komissiyonu intixabı, Gürcüstan və Ermənistan ilə poçt-teleqraf münasibəti haqqındakı qanun layihəsi; 2 -Hökumət təşkili barəsində; 3 - Məclisi-Məbusan nizamnaməsinin üçüncü qiraəti; 4 - Hökumət məmurlarına bayram münasibətilə 75 faizi miqdarında bir dəfəlik müavinət-nəqdiyyə verilməsi layihəsi; 5 - Şəki şəhərinə səpmə yatalağına mübarizə etmək üçün 200 min manat faizsiz istiqraz verilməsi layihəsi; 6 - Zabit namizədlərinin maaşlarını müəyyən etmək üçün layihəyi-qanuniyyə; 7 - Etibarnamə komissiyonunun məruzəsi; 8 - Yollar və qara yollar, onların təmirat və inşasının təriq və məabir nəzarəti ixtiyarına verilməsi barəsində layiheyiqanuniyyə; 9 - Məclisi-müəssisan intixabı qanunnaməsinin təbi üçün 20 min rublə verilməsi; 10 - 1918 -1919 sənələri üçün vilayət və dairələr vergisi məhkəmələrinə intixab qəvaidi xüsusunda layiheyi-qanuniyyə; 11 - Gömrük idarəsinin təşkili xüsusunda layiheyi-qanuniyyə; 12 -Azərbaycan vilayət sənaye vergisi məhkəməsinin təşkili haqqında qanun layihəsi; 13 - Vergilər xüsusundakı şikayətlərə baxmaq üçün maliyyə naziri indidəki Şuranın Ali bir məhəll olması haqqında qanun layihəsi; 14 - Poçt və teleqraf qanunnaməsinin 131 və digər maddələrinin ləğvi xüsusunda layiheyi-qanuniyyə və qeyri cari məsələlər. Hərgah yomiyyeyi-müzakiratın bu cür tərtib olunmasına etiraz yoxsa, qəbul olunur. Son zamanlar görürsünüz ki, layihələr gündən-günə artır, bu layihələr parlamentdə qəbul edildikdən sonra surətə salmaq üçün bir təşriyyə komissiyonu lazımdır. Rica edirəm iclasın axırında həmin komissiyona namizədlər göstərəsiniz.

Söz Əhməd Cövdət əfəndinindir.

Əhməd Cövdət - Ruznameyi-müzakiratın xüsusunda deyərdim ki, fraksiyamız tərəfindən maliyyə işləri xüsusunda hökumətə verilmiş sual dayamiyeyi-müzakirata daxil edilsin.

Sədr - Bu sual yarım saat bundan əvvəl sənə verilibdir, hərgah Nizamnamə üzrə getsək, bu sual Ruznameyi-müzakiratın axırına salınıb, axırda da müzakirə olunmalıdır. Hərçənd Nizamnamə hələ qəbul olunmayıbdır, lakin izin versəniz daxil olmuş məktublar və vərəqələr cümləsinə salarıq.

Səslər - Sualdır?

Sədr - Sualdır. Bu barədə danışmaq istəyən varsa buyursun, sual maliyyə barəsindədir. Hərçəndi Nizamnamə qəbul olunmayıbdır, amma iki dəfə oxunubdur.

Hər halda bu sualı axırda elan edəcəyəm.

Keçən iclasların birində mənə tapşırılmışdı ki, bir şəxs tapıb hökumət təşkilini ona həvalə edim, indi o adam tapılıbdır. Yusif bəy Nəsibbəyovdur. Hökumət təşkili ona həvalə olunmuş, o da bu barədə lazımi təşəbbüsatda bulunur. Keçəlim növbədəki məsələyə, bir də onu ərz edim ki, yeni əzalardan Cəmil bəy Sultanov Zəngəzur tərəfindən Məclisi-Məbusana gəlmişdir. Mən bilmək istərdim ki, hansı fraksiyona mənsubsunuz?

Sultanov - Gələn iclasda elan edərəm.

Sədr - Divani-Rəyasətdən bixəbər sizi fraksiyalardan birinə yazıblar.

Deməli, gələn iclasda hansı fraksiyaya mənsub olduğunuzu məlum edəcəksiniz.

Keçəlim növbədəki məsələyə. Məclisi-Məbusanın Nizamnaməsi.

Söz məruzəçi Qara bəy Qarabəyova verilir.

Qarabəyov - Nizamnamə üçüncü dəfə oxunmalıdır. Hərgah parlament razı olursa, üçüncü dəfəsini oxumayım. Çünki Nizamnamə əvvəlcə hamı fraksiyalara paylanmışdır, hamı Nizamnamədən xəbərdardır, özü də uzundur, hərgah parlament razı olarsa, bir daha oxumayalım. Böyləcə qəbul edəlim. Onsuz da başqa məsələlər çoxdur. Komissiya belə təklif edir.

Sədr - Nizamnamənin üçüncü qiraəti barədə kim danışmaq istər?

Şəfi bəy (yerindən) - Etiraz yoxdur.

Səslər - Etiraz yoxdur.

Sədr - Komissiyon tərəfindən məruzəçi Qarabəyov təklif edir ki, Nizamnamə maddəbə maddə oxunmasın, ümumən qəbul edilsin. Etiraz yoxsa, səsə qoyuram. (rusca) Onu da bilirsiniz ki, keçən iclasda cüzi təshihlər olmuşdur. Hər kəs Nizamnaməni haman cüzi təshihlər ilə qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Deməli, əksəriyyət ilə Nizamnamə qəbul olunur.

Məmməd Əmin (yerindən) - Mən bu barədə bir söz deyərdim.

Sədr - Buyurunuz.

Məmməd Əmin - Nizamnaməni qəbul etdiniz. Lakin türkcə istilahının təshihata ehtiyacı vardır, ona görə təklif edirəm ki, Nizamnamə təshih üçün təshih komissiyonuna verilsin.

Sədr - Növbədəki məsələ hökumət məmurlarına bayram münasibətilə bir dəfəlik fevral maaşının 75 faiz əlavəsi ilə müavinəti-nəqdiyyə verilməsi üçün hökumət maliyyə və büdcə komissiyonuna bir layihə təqdim etmişdir. Maliyyə komissiyası həmən layihəyə baxıb böylə qərar verdi: Əvvəla bu müavinətinəqdiyyə nə üçün təklif olunur. Hökumət bu bəyannaməsində səbəb olmaq üzrə göstərir ki, hamıya məlumdur, bahalıq günü-gündən artır, maaş çatışmır, hökumət bu barədə lazım bilir ki, bütün idarələrdə qulluqçuların məvaciblərini artırsın. Ona da beynəl idarə bir komissiyon təşkil edilib bu komissiyaya da 15 nəzarətin vəkilləri daxil olubdur. Bu komissiya müzakiratında və komissiya məkulatın bahalanması davamını nəzərə almayıb müzakiratında davamla işini bitirə bilmir.

Yalnız bir proje hazır edibdir. Ona görə hökumət təklif edir ki, fevral ayının məvacibindən başqa müavinəti-nəqdiyyə olmaq üzrə həmən məvacibin 75 faizi də birdəfəlik verilsin və bu müavinəti-nəqdiyəyi Novruz bayramı münasibəti ilə verməyi təklif edir. Büdcə və maliyyə komissiyası layihəyə baxıb bir qədər təbdil etdikdən sonra parlamentə təqdim edir.

Hökumət təklif edir ki, bütün idarə məmurlarına 75 faiz müavinəti-nəqdiyyə verilsin. Amma komissiyon isə təklif edir ki, bütün qulluqçuları üç qismə bölmək. Birinci qismi 1400 manatadək maaş alana 70 faiz, 1400-dən 2000-dək alana 60 faiz, 2000-dən artıq alana 40 faiz verilsin. Bu təbəddülatdan başqa bütün layihə qəbul edilmişdir. Və layihə də belədir. (oxuyur).

Hökumət idarələri qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik müavinəti-nəqdiyyə verilməsi haqqında qanun layihəsi.

a) 1. Novruz bayramı münasibətilə bütün hökumət idarələrinin heyəti və gərək qeyri heyəti qulluqçularına bu sənə fevral maaşının 75 faizi miqdarında bir dəfəlik müavinəti-nəqdiyyə verməli.

2. Birinci maddədə zikr olunan müavinəti-nəqdiyyəyi almaq haqqı hərbiyyə idarələri qulluqçularına və bu sənə yanvar və fevral aylarında artırılmış olan digər idarə qulluqçularına aid deyildir.

3. Bir dəfəlik müavinət-nəqdiyyə almaq haqqı fevral ayının 28-ə qədər Azərbaycan hökuməti qulluğunda bulunan xidmətçilərə aiddir.

b) məzkur müavinəti-nəqdiyyə verilməsi məxarici dövlət xəzinəsi departamentinin 1919 sənəsi smetasının xüsusi fəsli ilə fövqəladə məxaric hissəsinə aid edilməlidir.

v) müqtəzi məbləğ aşkar olduqca hər bir müəssisə dövlət müfəttişi ilə əvvəlcə görüşərək hesab açmağını maliyyə nazirinə mühəvvəl etməli.

Bu layihənin bir tərəfinə də diqqət etmişik ki, bütün qulluqçulara müavinətnəqdiyyə verilsə, hökumət xəzinəsindən bunun üçün nə qədər para veriləcəyi məlum olsun. Bu barədə komissiya hökumətdən sual edib, hökumət böylə cavab vermişdir:

Vaxtın təng olduğunu nəzərə alıb bu barədə nəzarətlərdən məlumat yığmaq mümkün olmadığı üçün hökumət bu barədə heç bir məlumat və bəyanat verə bilmir.

Sədr - Kim danışmaq istəyir? Söz Əhməd bəy Pepinovundur.

Əhməd bəy Pepinov - Əfəndilər! Sosialistlər fraksiyası əsas etibarı ilə bu layihənin əleyhinədir. Bu barədə hökumətin göstərdiyi dəlildən anlaşılır ki, həqiqətən hökumət qulluqçuları aldıqları məvacib ilə çətin keçinirlər. Bu müşkül vəziyyətdən onları qurtarmaq üçün yalnız bir dəfəyə məxsus olmaq üzrə bayram münasibətilə 75 faiz müavinəti-nəqdiyyə verilsin, böyləliklə bəlkə bayram əyyamını bir dərəcə yaxşı keçirə bilsinlər, bu çətin əhvallarda bir az məmurlara kömək olsun. Biz isə deyiriz ki, hər bir qulluqçuya; hər bir zəhmətkeşə öz işlədiyinə, öz xidmətinə və zəhmətinə görə para versin, tainki qulluqçuya aldığı maaş ilə özünü dolandırmaq mümkün olsun, nəinki onlara bəxşiş verilsin. Bu pul bəxşişdir. Bunu biz rədd ediriz. Bu bəxşişin məmurlara verilməsinə tərəfdar olmayırız. İkinci məsələ də budur ki, müavinəti-nəqdiyyə hamıya verilmir.

Əzcümlə dəmir yol qulluqçularına aid deyildir. Bu yaxın zamanda onların maaşı artırıldığına görə bəxşişdən məhrum edilirlər. Hökumət özü qulluqçularının aldıqları məvacib ilə özlərini idarə edə bilmədiklərini bilir və bunu nəzərə alaraq məvaciblərin artırılması üçün bir beynülidarə komissiyon təşkil etmişdir. Bu komissiyon məvacibləri artıracaq və bu sürətlə qulluqçulara insan kimi yaşamaq imkanı verəcəkdir. Amma komissiya öz fəaliyyətində hənuz bir nəticə göstərməmişdir. Heç olmazsa bir ay zərfində deyə bilərdi ki, hökumət qulluqçularına nə qədər verməlidir və bir də bu müavinəti-nəqdiyyə niyə 60-70 faiz olub 100 və ya 50 və qeyri miqdarda verilmir. Bunun da səbəbi bizə məlum deyildir. Əlimizdə bir şey yoxdur ki, bu faizlərin miqdarını təyin edək və yaxud müəyyən bir qayda yox ki, qiyas edək ölçək. Yenə bir məsələ var ki, məlum olmur hökumət xəzinəsindən bu barədə nə qədər para veriləcəkdir. 5-10-100 milyon nə qədər. Bu pul bəlkə bayramın axırınadək bizə çatmayacaq və bugünkü sualda görəcəksiniz ki, əmələlər və fəhlələr hələ fevral məvacibini almamışlardır. Buna görə də tətillər başlanıb, hətta Nobel əmələləri tətil etmişlərdir.

Sədr - Təvəqqe, edirəm sualınızın məzmununa keçəsiniz. Mətləbdən danışasınız, çünki müzakireyi-yomiyyə sırasında sualınız axıra buraxılmışdır.

Pepinov - Zənn edirəm mətləbə gəlirəm.

Sədr - Rica edirəm, mənim ilə bəhsə girişməyəsiniz!

Əhməd bəy (nitqinə davamla) - Bu barədə hökumət deməlidir ki, bu pul bayrama qədər xidmətkarlara veriləcək, ya yox? Şayəd, biz bu qanunu qəbul etsək belə yuxarıdakı ərz etdiyimiz səbəblərə görə hökumət bu məbləği bayramadək verə bilməyəcəkdir. Biz təklif edirik, bütün hökumət qulluqçularının məvaciblərini daimi surətdə artırmaq üçün bir layihə tənzimi və parlamentə təqdim edilsin. Bir də hökumət bizi məcbur edir ki, bu müavinəti-nəqdiyyənin verilməsini qəbul edək. Əgər qəbul etməsək, o vaxt qulluqçuların düşmüş olacağı müşkül vəziyyətin səbəbi biz olacağız. Deməli, istər-istəməz bu layihəyi qəbul etmək məcburiyyətindəyiz. Əsas etibarı ilə bu qanuna ziddisəm də, lakin əleyhinə rəy verməyə məcburuz.

Sədr - Söz Ağa Aşurovundur. Söz istəyənlərdən rica edirəm yazıb versinlər.

Aşurov - Bu layihənin qəbul olunmasına bərəksəm. Parlament gözübağlı bu işə getməməlidir. Hökumət bilmir ki, müavinəti-nəqdiyyə verməklə xəzinədən nə qədər pul çıxacaqdır. Əgər bu gün hökumət neçə min manat, neçə qəpik olduğunu qəti surətdə bilmirsə, barı təxminən də demirlər ki, 5 milyon çıxacaqdır. 10 milyon yoxsa, 100 milyon. Ancaq deyirlər ki, qanunu qəbul edək, amma bunu belə qəbul etmək olmaz. Burada ikinci bir məsələ vardır, bir neçə hökumət qulluqçuları vardır. Məsələn: müəllimlər, teleqrafda olanlar və qeyriləri. Bunlar qədim vaxtdan az məvacib alırlar. Bunların məvacibləri artırılmayıbdır. Nəzarət qulluqçularının halı nəzərə alınıb məvacibləri artırılmışdır. Amma onlar köhnə qərar ilə məvacib alırlar. Onların maaşları ancaq bir neçə prosent artırılmışdır ki, o da bir şey deyildir. Onlara da nəzarət qulluqçuları misalında insan kimi baxıb məvaciblərini artırmalıdır. Məsələn, müəllimlər fəna bir haldadır. İndi 75 faiz müavinətinəqdiyyə verməklə siz onların səsini kəsirsiniz. Çünki bu 4-5 yüz manat edəcəkdir ki, o da bir köməklik deyildir. Bununla onların halı yaxşılaşmaz. Ona görə deyirəm ki, bu layihəyi rədd edək və hökumətdən tələb edək ki, qulluqçuların məvaciblərini artırmaq üçün bir proje tərtib versin. Tainki hamısı bir cür məvacib alsınlar. Mən məruzəçiyə bir sual vermək istəyirəm...

Sədr (natiqi dayandırır) - Natiq əfəndi, rica edirəm sualınızı məclisə deyəsiniz, məruzəçi sonra cavab verər.

Aşurov - Mən elə bunu demək istərdim, mən deyəni başa düşərsiniz. (Kürsüdən düşüb gedir. Ümumi gülüş).

Sədr - Söz təriq və məabir naziri Xudadat bəy Məlikaslanov cənablarınındır.

Məlikaslanov - Möhtərəm məbuslar! Maliyyə naziri burada olmadığına görə hökumət tərəfindən deyirəm ki, komisyonun qərarına etiraz yoxdur. Beynəlidarə komissiyonu idarəsi məsələsinə gəlincə, onu deyirəm ki, komissiyon çoxdan işləyir. Bahalıq günü-gündən artdığından komissiyon bu gün qoyduğu qərarı sabah dəyişdirməyə məcbur olur. Ona görə də işlərini tez bitirmir. Komissiyon yanvar və fevral aylarını hesab etmiş idi. Sonradan əsgər və dəmir yol qulluqçularının məvacibi artdığından işə təzədən baxılması lazım gəldi. Odur ki, iş ləngidi. Ona görə də hökumət borclu idi ki, qanun qəbul olunana qədər bayramqabağı məmurlara kömək eləsin, tainki bayramı bir növ yola versinlər.

Beynəlidarə komissiyonu işləyir. Bu yaxınlarda öz qətnaməsini təqdim edəcəkdir. Ona görə təvəqqe edirik ki, bu qanun qəbul edilsin. Ümidvaram ki, məmurlar bu faizi bayramda da almasalar, bayramdan bir neçə gün sonra alarlar.

Sədr - Söz Heybətqulu Məmmədbəyovundur.

Qarabəyov (yerindən) - Onun əvəzinə mənə söz veriniz.

Sədr - Söz Qara bəy Qarabəyovundur.

Qarabəyov (“İttihad”) - Xatirinizdədir ki, parlament təzəcə açıldıqda büdcə məsələsi müzakirə edilərkən belə bir məsələ vardır ki, parlament qulluqçularına 60 min manat (naqradion) peşkəş verilsin. O vaxt firqələrin çoxu, o cümlədən biz də bunu rədd etdik ki, bu bir həqarətdir, bunu qəbul etmədik. Dedik ki, hökumət qulluqçulara o qədər məvacib versin ki, o məvacib onları təmin etsin və belə həqarətə də ehtiyac qalmasın. Firqəmiz indi də bu təklifin tərəfdarıdır. Bayram münasibətilə heç bir peşkəş olmamalıdır. Biz buna etiraz edirik. Amma az məvacib alanların halları fənadır. Aclıq çəkirlər. Bayram qabağı bu peşkəşin verilməsi ilə bu işlərə əlac olmaz. Buna görə gərəkdir ki, hökumət qanun layihəsi hazırlasın. Və bu layihə mocibincə məvaciblər artırılsın. Hər yerin məvacibi bir cürdür. Binaənileyh qulluqçularının hamısına 70 faiz vermək olmaz. Bakıda hər şey birə on baha olduğu bir halda başqa qiymət ilədir. Oradakı qulluqçuların məvacibini buradakılar qədər artırmaq çox olacaqdır. Ona görə biz təklif edərdik, yaxın gələcəkdə məvaciblərin artırılması hesabına olaraq avans təriqi ilə qulluqçulara müəyyən bir məbləğ verilsin. Sonra da həmin məbləğlər onların artırılmış məvaciblərindən çıxılsın. Biz təklif edərdik ki, məvaciblərin artırılması layihəsini tezliklə tərtib və Məclisi-Məbusana təqdim edilsin. İndi isə müavinəti-nəqdiyyə əvəzinə xidmətçilərə avans adı ilə bir qədər para verilsin.

Sədr - Söz Məmməd Əmin Rəsulzadənindir.

Məmməd Əmin (“Müsavat”) - Burada məsələnin iki cəhəti var. Biri elmi, praktik cəhət ki, bu saat məvaciblər artırılsınmı, ya yox? Əvvəlki natiqlər məvaciblərin artırılmasını nəticə etibarı ilə qəbul edirlər. Bəziləri qəbul etmənin günahını hökumət üzərinə qoyur, bəzisi isə avans təriqi ilə verilməsini lazım bilir. Guya qulluqçulara bayram münasibəti ilə bəxşiş verilməyi qulluqçuların izzətnəfsinə toxunmuş kimi tələqqi edirlər. Fəqət, bu məsələlər məncə elə deyil. Mənə elə gəlir ki, bayram millətlərin həyatında böyük bir hadisədir ki, onda gərək qulluqçu olsun, qeyri qulluqçu olsun onların həyatları üzrə bayramın böyük təsiri vardır. Millətlərin özlərinə görə adəti və ənanatı vardır. İndi bu adət və ənanət dolayısı ilə bayramlar və sair bu kimi əyyam vücud bulmuş ki, bu günlərdə gərək kasıb, gərək dövlətli, hər kim olursa-olsun həyatın digər günlərindən daha ziyadə məsud olmaq üçün bütün il qazancından artırdığı məbləğ ilə bayramda uşaqlarını geyindirəcək, onlara fəzlə-yemiş alacaq, geyinəcək, sevinəcək, sevindirəcəkdir. Belə bir gün üçün onlara vermiş olduğumuz müavinət peşkəş deyil, görkəmli bir paradır ki, o para ilə qulluqçu arzularını vücuda gətirə bilir. Və bəlkə də sizə müavinətinizdən dolayı məsud və mütəşəkkir olar. Millətlərin ənənatı daima kəndi mənliyini mühafizə eylər. O asari mədəniyyəyə başqa bir qiymət bəxş edə bilər. Millətlərin ənənatını daima təqib etməməlidir. Bu məsələnin o surətlə vücud bulduğunu düşünməli ki, sanki məmurların keçmiş məvaciblərindən miqdari-kafi məbləğ qət edərək toplanıb birdən bayram münasibəti ilə mükafat tərzində öz pullarını özlərinə vermək kimidir. Bu surətlə siz lahiyəyi qəbul etsəniz, qulluqçuların hallarını şənləndirmiş olarsınız. Bu mükafata sədəqə nəzəri ilə baxmayıb, ənənatı milliyə təqib və ifa nəzəri ilə baxsanız o vaxt ənənatı xidmət etmiş olursunuz. Əsasən, bu nəzəriyyədə hökumət məmurlarına təslim olmamız, əvət bir fabrika və ya kiçik bir dəzgahda sahibkar kəndi keyfi ilə bir xidmətçiyə qeyri-müəyyən olaraq məbləği-mükafat versəydi, o vaxt bu fikir orada əmələ gəlirdi. Hökumət aparatı ələlsəvayyə hamıya bir nəzər ilə baxır... Ona görə burada bəxşiş deyil, bəlkə məmurların şənlikləri üçün bu layihə təklif edilir. Və hamıya bərabər təqdim ediləcəkdir. İstifadə ayrı-ayrı deyildir. Bu barədə milli ənənatı şənləndirmək və xatırlandırmaq üçündür. Bu surətlə əməli nəzəriyyələr meydanda ikən bir takım əməli nəzəriyyəçilik ilə ortaya çıxmaq həm sol və sağ sosialistlər üçün gülüncdür. Mən və fraksiyamız bu müavinəti-nəqdiyyənin verilməsi əleyhinə deyiliz, zira biz hər kəsi küçədən çağırıb ona vermiriz. Biz o adamlara veririz ki, hamısı bu ana qədər hökumət qulluğunda bulunmuşdur. Əməliyyata gəlincə hökumət bunların məvacibini ümumən artırmalıdır - deyirlər. Bildiyimizə görə, daxiliyyə, maarif nəzarəti və sair qulluqçularının məvaciblərini artırmaq üçün qanun layihəsi tərtib edərək layihə və büdcə komissiyasına göndərmişlər. Komissiya da hal-hazırda tədqilə məşğuldur. Elə zənn etmiyiniz ki, nəzarətlər öz qulluqçularının məvaciblərinin artırılması fikrində olmurlar. Təriq və məabir, hərbiyyə nəzarəti bu layiheyi-qanuniyyə hökmündən istisna edilmişdir.

Çünki onların məvacibləri bu yaxınlarda artırılmışdır. Onlar mükafat əvəzinə artırılan maaş fərqinə qane olacaqlar. O fəzlə məbləğ bittəsadüf bayram münasibətilə onların ehtiyacını dəf edə bilir. Xülasə, təklif edilən qanun layihəsi komissiyonun təshili ilə bərabər qəbul edilsin və bundan da hökumət xəzinəsinə böyük zərər olmaz. Bu sənə üçün təxmin hesaba görə dörd-dörd tam ikidə bir milyon para gedəcəkdir. Bunu da alan surətilə verməyə ehtiyac yoxdur. Əgər bu müavinət-nəqdiyyə məsələsi qəbul edilib də məmurlara veriləcək olursa onların şadlıq və sevinclərinə yardım edəcəyi aşkar.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed