Şrift:
“Heyvan” filmi növbəti dəfə Azərbaycana uğur gətird
13.02.2018 [14:00] - Güney Azərbaycan xəbərləri
“Heyvan” filmi ilə İranda Fəcr Film Festivalına qatılan təbrizli rejissorlar əkiz Bəhram və Bəhmən yeni uğura imza atıblar.

Dünən axşam saatlarında Tehranın Milad Qülləsində 36-cı Fəcr Film Festivalının bağlanış mərasimi keçirilib. Məlumata görə, Ərk qardaşlarının (Bəhmən və Bəhram) çəkdiyi “Heyvan” filmi festivalın “ən yaxşı qısametrajlı film” ödülü olan Kristal Simurq mükafatına layiq görülüb.

“Heyvan” filmində sərhədi keçərək ölkədən çıxmaq istəyən bir kişinin hekayəsindən bəhs edilir. Filmdə heç bir dialoq yoxdur.

Ərk qardaşlarının filmi bundan öncə Kann Film Festivalının Cinéfondation Seçiminin ikincilik mükafatına layiq görülüb. Film Braziliya və İzmir festivallarında isə “ən yaxşı rejissor işi” və ən yaxşı film mükafatlarını qazanıb.

Təbrizli rejissorların filmi İtaliya Med Film Festivalının yaradıcılıq mükafatını da qazanıb. Bu mükafat beynəlxalq səviyyədə “Cervantes mükafatı” adlanır.

“Heyvan” filmi həmçinin noyabrda Amerika Birləşmiş Ştatlarında keçirilən 40-cı Denver Film Festivalının ən yaxşı qısametrajlı öyrənci filminin mükafatını alıb.

Bəhmən və Bəhram daha əvvəl türk dilində uzun metrajlı “Soyuq” filmini çəkiblər. Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa həm də “Münsiflər Heyətinin Xüsusi mükafatı”nı alıb.

N.S
Bu xəbər oxucular tərəfindən 100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed