Şrift:
Əhərli milli-mədəni fəal barəsində çıxarılan həbs cəzası ilə bağlı prezidentə məktub ünvanlayıb
13.02.2018 [14:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal, Əhər sakini İbrahim Nuri barəsində çıxarılan həbs cəzası ilə bağlı İran prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb.

Fəal məktubda yalnız öz dosyesi deyil, bütövlükdə Güney Azərbaycanın ümumi problemlərinə cəsarətli şəkildə toxunub.

İ.Nuri Güney Azərbaycana qarşı edilən ictimai, mədəni, iqtisadi və siyasi ayrı-seçiliklərə çox açıq şəkildə işarə edib. O Azərbaycanın üzləşdiyi əksər problemləri ölkədə mövcud olan şovinizm təfəkkürü ilə əlaqələndirib.

“İşsizlik, iqtisadi problemlərdən dolayı Azərbaycanın şəhər və kəndlərində yaşanan mühacirət problemi, Urmu gölü böhranı və ətraf mühit problemi, boşanma hallarının artması, əhalinin pullarının banklar və kredit müəssisələri tərəfindən mənimsənilməsi, İranda qeyri-fars millətlərinin mədəniyyətinə qarşı edilən planlı hücumlar və s.” kimi məsələlər azərbaycanlı fəalın işarə etdiyi ictimai problemlər sırasında olub.

O həmçinin vurğulayıb ki, “artıq azərbaycanlılar bütün verilən vədləri sınaqdan keçirdikdən sonra “Nə sağçıyam, nə solçu – Millətçiyəm millətçi” şüarı ilə çıxış edirlər, bu olduqca mənalı mövqedir.

Azərbaycanlı fəal üzləşdiyi ədalətsiz məhkəmə hökmü ilə bağlı da məlumat verib.
“İki il öncə (hicri-şəmsi təqvimi ilə 1394-cü il) yaşadığım Əhər şəhərində Səudiyyə Ərəbistanı vətəndaşı Şeyx Nəmrə dəstək aksiyası keçirildi, elə həmin il və həmin şəhərdə məlum təhqiramiz “Fitilə” verilişinə qarşı keçirilən etiraz aksiyası təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsinə məruz qaldı, aksiyaçılara yumruq, dəyənək, gözyaşardıcı qaz və s. ilə hücum olundu. Nəhayət isə məhkəmə konstitusiyanın 27-ci maddəsini gözardı edərək hər birimizi 10 ay həbs cəzasına məhkum etdi. Əhərdə ondan sonrakı illərdə də oxşar hadisə baş verdi. Biz Qüds günü münasibəti ilə digər müsəlmanlar kimi, zülmə məruz qalan Doğu Türkistandakı uyğur, Qarabağ və Bayırbucaq türklərinə dəstək nümayiş etdirdik, lakin yenə də konstitusiyanın 11-ci maddəsi gözardı edilərək həbs cəzasına məhkum edildik. Bu problemlər isə Məhkəmə Sisteminin müstəqil olmaması ilə bağlıdır”- deyə o məktubun bir hissəsində vurğulayıb.

Ötən günlərdə xəbər verdiyimiz kimi, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi azərbaycanlı milli-mədəni fəallar İbrahim Nuri və Əkbər Cahangiri barəsində çıxarılan məhkəmə hökmünü təsdiqləyib.

Bundan öncə Əhər Məhkəməsinin 1-ci Şöbəsi İ.Nurini 6 ay, Ə.Cahangirini isə 4 ay həbs cəzasına məhkum edib.

Fəallar “sistemə müxalif olan qrup və təşkilatların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

Apelyasiya Məhkəməsi cinayət məcəlləsinin 455-ci maddəsinin birinci bəndini rəhbər tutaraq müttəhimlərin etirazını rədd edib, məhkəmə hökmünü olduğu kimi qüvvədə saxlayıb.

Əhər şəhəri sakinləri İ.Nuri və Ə.Cahangiri 2016-ci il Rəməzan ayının son cümə günündə (Qüds günü) keçirilən aksiyalarda Uyğur, Bayırbucaq və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlar barələrində dosye təşkil olunduqdan sonra vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

N.S
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed