Şrift:
“Məhkəmə edama məhkum edilmiş azərbaycanlı alimə özünü müdafiə etmək üçün yetəri qədər vaxt verməyib” – Millət vəkili
16.02.2018 [11:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın İran parlamentindəki millət vəkili Mahmud Sadiqi casusluq ittihamı ilə edama məhkum edilmiş güney azərbaycanlı alim Prof. Dr. Əhmədrza Calalidən şikayət qəbul etdiyini açıqlayıb.

O bu barədə Twitter səhifəsində məlumat yayıb.

“Dünən düşmən ölkəyə casusluq ittihamı ilə edama məhkum edilmiş Əhmədrza Calalidən mənə şikayət gəlib. İlkin araşdırmalar göstərir ki, məhkəmə prosesi zamanı ona özünü müdafiə etmək üçün yetəri qədər vaxt verilməyib. O bildirib ki, Teleradio Şirkətinə verdiyi müsahibə təzyiq altında baş tutub”- deyə millət vəkili Twitter səhifəsində qeyd edib.

Bundan öncə İran televiziyası azərbaycanlı alimin etirafını əks etdirən video yaymışdır, lakin müttəhim təzyiqlər altında açıqlama verdiyini dəfələrlə vurğulayıb.

Ə.Calalinin həyat yoldaşı Vida Mehranniya isə fevralın 8-də İran prezidenti Həsən Ruhaninin qadınlar və ailə məsələləri üzrə müavini Şəhiddoxt Mövlaverdiyə məktub ünvanlayaraq zindanda yoldaşına qarşı həyata keçirilən insan haqlarına zidd hərəkətlər barədə məlumat verib. O həmçinin vurğulayıb ki, Ə.Calali dəfələrlə ədalətsiz məhkəmə qərarına etiraz edib, lakin etirazlara məhəl qoyulmur.

İran rejimi Əhmədrza Calalini iki iranlı nüvə aliminin qətlində əli olmaqda və İsrailə casusluq etməkdə günahlandırır. Lakin müttəhim avqust ayında zindandan Beynəlxalq Əfv Təşkilatına yazdığı məktubda İran kəşfiyyatına casusluq etməkdən imtina etdiyinə görə həbs olunduğunu vurğulamışdır.

Məlumata görə, Ali Məhkəmə vəkillərin müdafiə mətnini qəbul etmədən edam hökmünü təsdiqləyib.

Tanınmış alim haqda çıxarılan ədalətsiz qərar dünya ictimaiyyəti və insan haqları qurumları tərəfindən kəskin etirazla qarşılanır.

Ə.Calalini islam inqilabından 7 il öncə Təbrizdə dünyaya göz açıb. O bir neçə il əvvəl İsveçin Stokholm şəhərinə gedib. Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.

Ə.Calali Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, o 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir.

Facebook
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed