Şrift:
Əhməd bəy Ağaoğlunun kitabı Strasburqda çap edilib
19.02.2018 [11:09] - Kitab evi
Fransanın Strasburq şəhərində 2017-ci ildə Dilbadi Qasımov, Jan-Emanüel Medina və Nicat Kazımov tərəfindən təsis edilmiş “Kəpəz” nəşriyyatında görkəmli jurnalist və publisist, alim və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun (1869-1939) “Müsəlman dünyasının islahatı (Qərb uğurları Şərq oyanışından ilhamlananda)” adlı kitab çap edilib. Bu, nəşriyyatda işıq üzü görən ilk kitabdır.
Əhməd bəy Ağaoğlu Şuşa şəhərində anadan olub, Parisin Sorbon Universitetində təhsil alıb. Avropada islamşünas alim kimi tanınıb. XX əsrin əvvəlində "Həyat" (Əli bəy Hüseynzadə ilə birlikdə), "İrşad", "Tərəqqi" qəzetlərinin redaktoru olub.
Daha sonra Türkiyəyə gedib, jurnalistlik fəaliyyəti ilə yanaşı, İstanbul Universitetinin professoru kimi mühazirələr oxuyub. Cümhuriyyət qurulandan (1918) sonra vətənə gəlib, Azərbaycan Parlamentinə üzv seçilib. 1919-1920-ci illərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak edib.
Cümhuriyyətin süqutundan (1920) sonra Türkiyəyə mühacirət edib. Türkiyə Böyük Millət Məclisinin (1923-1927) üzv seçilib, "Hakimiyyəti-milliyyə", "Cümhuriyyət", "Millət" qəzetlərinin redaktoru işləyir. 1939-cu ildə Türkiyədə vəfat edib.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed