Şrift:
Təbriz dünya üzrə əldə toxunma xalça məmulatlarının toxunma mərkəzi seçilib – 2018-ci ildə
21.02.2018 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz və İranın əldə toxunma xalçaları istehsalçıları dərnəyinin rəisi Ticarət Palatasında keçirilən mətbuat konfransında Təbrizin dünya üzrə 2018-ci ilin əldə toxunma xalça məmulatlarının toxunma mərkəzi seçildiyini açıqlayıb.

İsmayıl Çəməninin sözlərinə görə, bu barədə Ümumdünya Əl İşləri Şurası qərar verib.

Xalçaçıların tələbləri, onlara verilən kredit və sığorta haqları barədə danışan İ.Çəməni bildirib ki, “ölkədə azı iki milyon nəfər birbaşa vəya dolayısı ilə xalçaçılıq sənəti ilə məşğuldur. Bu sahədə məşğul olmaq üçün azı 20 milyon tümən vəsait lazımdır. Ötən illərdə istehsalın azalması ilə əlaqədar xalça ixracatı azalıb. Artıq xalça məmulatlarımızın əsas müştərisi kimi Almaniyaya əvvəlki səviyyədə mal ixrac edilmir. Ölkə daxilində isə xalça məlumatları pərakəndə şəkildə istehsal olduğu üçün bu barədə konkret rəqəm demək çətindir, lakin istehsal səviyyəsinin aşağı düşdüyü hiss olunur.”

“Təbriz 2018” və xalça məmulatlarını xarici turistlərə tanıtdırmaq məqsədi ilə Tehranda Təbrizin nəfis əldə toxunma xalçalarının sərgisi keçirildi. İranın iqtisadi və mədəni səfiri sayılan xalçaları görmək üçün, sərgiyə xarici ölkələrin İrandakı səfirləri dəvət edildi. Məqsəd onların keyfiyyətli və nəfis xalçaları görməsi və “Təbriz 2018” ilə yaxından tanış olması olub”- deyə İ.Çəməni qeyd edib.

Xalçaçılıq sənəti Azərbaycan türk millətinin milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Bir çoxları İran rejimini Azərbaycanda bu sənəti zəiflətməkdə günahlandırır.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

N.S
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed