Şrift:
''Sizi kim isə telefonla narahat edir, susub danışmır'' – Leyla Bədirbəyliyə anonim zəng edənin kimliyi məktubda açıldı
01.03.2018 [11:05] - Xəbərlər, DAVAMın yazıları
Daha belə məktublar yazılmır. Belə məktubların yazılmasına vəsilə olacaq mühit də yoxdur. Bu kiçik məktubda nə qədər saflıq, səmimilik, paklıq, abır, həya, sənətə, sənətkara sevgi, hörmət var. Təəssüflər olsun ki, indi bu kimi məktublar yazılmır. Demək olar ki, indi ümumiyyətlə məktub yazılmır. Texnikanın gətirdiyi imkanlar məktub yazmağı tarixin arxivinə gömüb. Ancaq bununla belə mütləq məktub janrı yaşamalı və davam etdirilməlidir. Çünki dövrünün doğru dürüst məlumatlarını bir tək məktublar gələcəyə daşıyır. O səbədən da buna ehtiyac var. Amma nə olsun, kimdir daha məktub yazan, kimdir keçmişi, gələcəyi düşünən. Nə qədər belə insan ola bilər? Az, çox az!..

Belə məktublardan birini də gənc bir qızın 11 sentyabr 1967-ci ildə Xalq artisti Leyla Bədirbəyliyə yazıb. Enter.News həmin məktubu təqdim edir:

"Hörmətli Leyla xanım!

Salam. Sizə yəqindir ki, məni tanımırsınız. Bunun o qədər də əhəmiyyəti yoxdur.

Mən Əli Bayramlı (indiki Şirvan şəhəri – red.) şəhərində oluram. Adım Məryəmdir. 23 yaşım var. Teatrı çox sevirəm. Ümumiyyətlə, incəsənətin bütün növlərini sevirəm. Lakin teatr məni hər şeydən çox cəlb edir. Deyirlər hər tamaşanın öz sevimli aktyoru-aktrisası var. Mənim də sevimlim Sizsiniz. İnanın ki, bu sözləri səmimi qəlbdən deyirəm. Sizin hər bir addımınız, səhnədə yaratdığınız hər bir yeni obraz məni hədsiz dərəcədə sevindirir. Mən Bakıya tez-tez gəlirəm və hər dəfə Siz oynadığınız tamaşalara baxıram. Siz həqiqətən çox gözəl oynayırsınız. Son dəfə Əli Zeynalov ilə birlikdə oynadığınız “Mənim günahım” tamaşasına baxdım. Tamaşa olduqca çox xoşuma gəldi.

Gözəl sənətkar olmaq, insanlara sevməyi, nifrəti etməyi öyrənməyi bacarmaq həqiqi xoşbəxtlikdir! Sizin necə gözəl oynadığınızı təsvir etməyi bacarmıram. Bu lazım da deyil. Çünki siz bunu yaxşı bilirsiniz. Xalq da bilir, xalq isə həmişə həqiqi sənətkarları sevir, qiymətləndirir. Rica edirəm, Sizi narahat etdiyim üçün məni bağışlayasınız!

Sizə mənasız, balaca bir hadisəni yazmaq istəyirəm. Yadınıza salım, avqust ayının 22-24-ü Sizi kim isə telefonla narahat edir, susub danışmır. Siz o adamın kim olması ilə maraqlanırdınız. Soruşdunuz ki, əgər gözəl qızsan deyin bilək, bəlkə gözəl oğlansan onu da bilək, - telefon isə susurdu. Onda siz dediniz ki, bəlkə siz Azərbaycan dilinin bilmirsiniz! Adam axı cəsarətli olsun gərək.

Şübhəsiz ki, o “adamın” mən olduğumu tanıdınız.

Bəli, o gündən mən cəsarətli olmağa çalışmışam. Lakin məktub yazmağa yenə cəsarətim çatmırdı. Axır ki, budur sizi narahat edirəm.

Leyla xanım! Mənim bir arzum var, əgər bunu yerinə yetirsəniz həyatım boyu Sizə minnətdar olaram. Xahiş edirəm, öz şəklinizi mənə göndərəsiniz. Mütləq göndərin, xahiş edirəm!

Yeni tamaşalarınıza mütləq baxmağa çalışacağam. Sabah televiziya ilə Sizə həsr edilmiş verilişi səbirsizliklə gözləyirəm.

İndi isə gecə yarıdan keçir, yatmaq vaxtıdır. Axı sabah səhər tezdən oxuduğum tibb məktəbi tələbələri ilə pambıq yığımına gedəcəyik.

Hələlik, sağ olun.

Sizə can sağlığı, xoşbəxt həyat və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.

Xahişimi yerinə yetirəcəyinizə ürəkdən inanıram və səbirsizliklə gözləyirəm.

Əgər yolunuz buralara düşsə buyurub qonağımız ola bilərsiniz.

Hörmətlə, Kazımova Məryəm.

Əlibayramlı şəhəri

11 sentyabr, 1967-ci il."

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed