Şrift:
Tədqiqatçılara görə xoşbəxtlik hissinin sağlamlığa təsiri nisbidir
05.03.2018 [10:39] - Sağlıq
ABŞ-ın Viskonsin-Madison Universitetinin psixoloqlarından ibarət tədqiqat qrupu araşdırmalar nəticəsində müəyyən edib ki, müsbət əhval-ruhiyyə və qan təzyiqi, qanda şəkərin miqdarının və ürək-damar xəstəlikləri riskinin azaldılması arasında birbaşa əlaqə mövcuddur. Lakin xoşbəxtlik hissinin insanların tarixi ənənələri, mentaliteti ilə bilavasitə bağlı olduğu da aşkar edilib.

“New York Times” qəzetində dərc olunmuş məqalədə ötən il Viskonsin-Madison Universitetinin tədqiqat qrupunun Birləşmiş Ştatlar və Yaponiyada apardığı araşdırmaların maraqlı nəticələri açıqlanıb. Tədqiqatlar 1017 amerikalı və 374 yaponiyalı üzərində aparılıb. Yüksək əhval-ruhiyyənin qan təhlilləri vasitəsilə sağlamlığa təsiri iki xalqın nümayəndələri arasında mentalitetdən irəli gələn fərqli nəticələri üzə çıxarıb. Belə ki, Şərqi Asiya mədəniyyətində insanlar xoş emosiyaların qaranlıq tərəfi olduğunu da düşünürlər. Ona görə sizinlə söhbət əsnasında gülən və sözlərinizi başı ilə təsdiq edən yapon əslində öz problemləri haqqında düşünür.

Analoji tədqiqatlar Stanford Universitetinin tədqiqatçıları tərəfindən 690 Çin və ABŞ vətəndaşı üzərində də aparılıb. Amerikalılar müxtəlif söhbətlər zamanı xoş əhval və minimum mənfi hisslər nümayiş etdirsə də, çinlilər bir qayda olaraq qarışıq emosiyalar göstəriblər. Alimlər bunun sirrinin ABŞ vətəndaşlarında fərdilik hissinin güclü olmasında görürlər. Belə ki, fərdilik hissi yalnız öz problemlərini pozitiv prizmadan düşünməyə, çinlilərdə olan kollektiv məsuliyyət hissi isə mənsub olduğu qrupun mənafeyini fikirləşməyə vadar edir.

Ötən il Böyük Britaniyada 7 min qadının cəlb edildiyi sorğunun nəticələri göstərib ki, ingilislərin coğrafi şəraiti, mentaliteti və düşüncə tərzi baxımından yaxşı əhval-ruhiyyə ilə uzunömürlülük arasında heç bir əlaqə yoxdur. Optimist olmağa çalışan amerikalılardan fərqli olaraq, “Dumanlı Albion”un sakinləri rəsmi və soyuqqanlı olmağı xoşlayırlar.
Bu xəbər oxucular tərəfindən 192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed