Şrift:
Ətraf mühit fəalları “Qum Təpə”nin məhv edilməsinə etiraz edib
05.03.2018 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup güney azərbaycanlı ətraf mühit tərəfdarı “Qum Təpə”nın məhv edilərək sıradan çıxarılmasına etiraz bildirib.

Ötən çərşənbə günü “Qum Təpə”yə toplaşan ətraf mühit tərəfdarlarının sayı təxminən 30 nəfər olub. Yığıncaqdan məqsəd bu tarixi məkanın məhv edilməsinə etiraz etmək olub.

Ətraf mühit tərəfdarları səlahiyyətli orqanlar, xüsusi ilə də Ətraf Mühit Təşkilatına etiraz bildirərək ərazidən qum və çınqıl götürülməsinin dayandırılmasını tələb ediblər.

Onlar həmçinin üzərində “Təbriz 2018” layihəsini təbliğ edən plakat qaldırıb, bölgənin potensial olaraq əsas turist mərkəzlərindən biri kimi “Qum Təpə”nin vəziyyətinə baxılmasını istəyiblər.

Məlumata görə, hazırda kiçik səhra sayılan “Qum Təpə”nin əsas hissəsi məhv edilib, onun təxminən 10 faizi qalıb. Son 10 il ərzində fürsətçilər gəlir əldə etmək məqsədi ilə bu tarixi məntəqənin qum və çınqılını daşıyıb onun azı 7 təpəsini sıradan çıxarıblar. Buna Ətraf Mühit Təşkilatı şərait yaradıb və bu talançılığın qarşısı hələ də alınmır. “Qum Təpə”nin təxminən 6 kvadrat kilometr sahəsi olub.

Sözügedən məntəqə Güney Azərbaycanda Təbriz və Sofiyan şəhərlərinin arasında yerləşir. Bu məntəqəni yetəri qədər sərmayə yatırılarsa, bölgənin əsas turist mərkəzlərindən birinə çevirmək mümkündür. Bunun üçün bütün təbii və coğrafi şərait mövcuddur.

N.S
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed