Şrift:
Rejimə qarşı aksiyalarda tutulan təbrizli fəal həbs cəzasına məhkum edilib
07.03.2018 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda 2017-ci ilin son günlərindən başlayaraq keçirilən etiraz aksiyaları bir neçə gün ərzində ölkənin müxtəlif şəhərlərini bürüdü, həmin aksiyalarda çox sayda azərbaycanlı saxlanılmışdır.

“Herana” agentliyinin yaydığı məlumata görə, Təbrizdə saxlanılan Əli Qədiri barəsində iki fərqli dosyeyə görə həbs qərarı çıxarılıb.

Fəal qanunsuz yığıncaqlara qatılmaq yolu ilə ümumi asayişi pozmaqda günahlandırılıb. O bu ittihamla Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilib. Hakimin rəyi əsasında 3 aylıq həbs cəzasının icrası şərti olaraq 1 il müddətinə təxirə salınıb.

Ə.Qədiri həmçinin sistemin əleyhinə təbliğ ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 ay həbsə məhkum olunub.

İranda son etiraz aksiyaları zamanı minlərlə etirazçı saxlanılıb, ən azı 25 nəfər təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub. 2017-ci ilin son günlərində Məşhəddə başlayan aksiyalar qısa müddətdə 80-dan çox şəhəri bürüdü, təhlükəsizlik qüvvələri etiraz aksiyalarına odlu silahla cavab verdilər.

Müxtəlif şəhərlərdə tutulanlardan bir çoxu hələ də həbsdədir, onların bəzilərinin harada və hansı vəziyyətdə saxlanıldığı haqda heç bir məlumat yoxdur.

N.S
Bu xəbər oxucular tərəfindən 130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed