Şrift:
Təbrizin imam cüməsi Süngün Mis Mədəninin talanmasına etiraz edib
07.03.2018 [10:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin İmam Cüməsi Məhəmməd Al-i Haşim Vərziğan Süngün Mis Mədəni məhsulunun xammal kimi Azərbaycandan çıxarılaraq Kirama aparılmasına kəskin etiraz edib.

O bu barədə bazar günü Azərbaycan istehlakçılarının hüquqlarını dəstəkləyənlərlə bağlı keçirilən tədbirdə danışıb.

“Süngün Mis Mədəninə baxış keçirən zaman çox sevindim. Ona görə ki, Azərbaycan bu sahədə olduqca güclüdür. Lakin təəssüflər olsun ki, Azərbaycan hər zaman diqqətdən kənarda qalır. Uzun illərdir ki, mis zavodu ilə birlikdə bir neçə emal fabrikinin təməli qoyulub, lakin sonralar hamısı buraxılıb. Başa düşmürəm, nəyə görə Azərbaycan Süngün Mis Mədəninin kənarında əritmə zavodu olmamalıdır. Bəziləri bunu ətraf mühit mövzusu ilə izah edir. O zaman bu sual ortalığa çıxır ki, nə üçün mədən fəaliyyətə başlamadan əvvəl bu haqda düşünülməyib! Hətta ətraf mühitlə bağlı problem olarsa, onu yeni texnologiya vasitəsi ilə həll etmək mümkündür”- deyə o bildirib.

M. Al-i Haşim Süngün misinin xammal kimi Kiramana daşınmasını tənqid edərək vurğulayıb ki, “Süngün misinin nəsə istehsal etmək üçün Kirmana daşınması qəbuledilməzdir. Azərbaycanın özündə mütləq belə imkan olmalıdır.”

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bundan öncə Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün Mis Mədəninə aid olduğunu bildirmişdir.

Qeyd edək ki, Güney Azərbaycanın hər tərəfi qiymətli daşlar, qızıl, mis, mineral sular, duz mədənləri, müxtəlif metallar və s. kimi yataqlarla zəngindir. Lakin mədənlərin kənarında emal fabriklərinin olmaması bəhanəsi ilə, əldə edilən məhsullar xammal şəklində İranın digər vilayətlərinə intiqal edilir. Bu isə mədənlərdən əldə olunan qazancın azərbaycanlılara nəsib olmaması dəməkdir. Bu vəziyyət yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkilləri və digər yerli məsulların da etirazına səbəb olur.

N.S
Bu xəbər oxucular tərəfindən 188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed