Şrift:
Düşmənə diz çökdürən əfsanəvi “DİFAİ” təşkilatının yaranması və fəaliyyəti
07.03.2018 [10:54] - Xəbərlər, DAVAMın yazıları
Demək olar ki, xalqımıza qarşı hər zaman məkrli əməlləri ilə birlikdə hərəkət edən erməni-rus birliyinə qarşı xalqın içindən bir dirəniş hərəkatı yarandı. Yarandığı gündən düşməni dizə gətirdi desək yanılmarıq. Bu təşkilatın adını çox az adam olar ki, duyub eşitməsin, onun fəaliyyəti ilə qürur duymasın. Dillərdə əfsanələşən bu təşkilatın adı “Difai” idi.

Azərbaycan Demokratik Cümhuriyyətinin “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi olmuş Nağı bəy Şeyxzamanlı öz xatirələrində “Difai”nin yaranması və faəliyyəti haqqında ətraflı məlumat verib. Enter.News “Difai” ilə bağlı olan hissəni təqdim edir:

Çar üsul-idarəsi 1905-ci il inqilabını puça çıxarmaq üçün Azərbaycan şəhərlərində əsrlərlə yan-yana dost kimi yaşamış türk və erməni millətlərinin arasına nifaq saldı. Çar hökuməti bu zaman ermənilərə kömək etməkdən belə çəkinmədi. Ruslar azərbaycanlıların xoş gününü heç vaxt istəməmişdilər.

Azərbaycan xalqı, bu gün olduğu kimi milli varlığı, din, dil, adət və ənənəsi ilə daima rusların diqqətini cəlb etmişdir. Azərbaycan xanlıqların istiqlalına çar Rusiyası tərəfindən zorla son qoyulduqdan sonra da xalqın tərəqqi və təkamül yolunda göstərdiyi fəaliyyəti və əldə etdiyi uğurları davam etdiyi üçün rusları təşvişə salırdı. Çar Rusiyasının ən mühüm siyasətindən biri Azərbaycan türklərini qaranlıq və cəhalət içində saxlamaq olmuşdur. Azərbaycan ziyalılarının ardıcıl şəkildə nümayiş etdirdiyi qeyrət sayəsində gündən-günə artan bu fəaliyyət xalqı rifah içində bir istiqbala və zəngin vətənlərinin məsud qoynunda idellarının bu sonsuz səadətinin əzəli və əbədi nuruna qərq oldular (28 May 1918). İzahına ehtiyac gördüyümüz bu qeydlərdən sonra, “Difai” firqəsinin yaranma səbəblərini və hadisələri xatirə dəftərindən nəqlən açıqlamağa keçək.

Gəncə şəhəri Gəncə çayı ilə ikiyə ayrılmışdır. Şəhərin dağlıq hissəsində və dağlara doğru olan kəndlərdə ermənilər, obalıq hissəsində obaya uzanan kəndlərdə isə türklər yaşayırdı. Gəncənin türk məhəllələri arasında Noraşen adlı bir erməni məhəlləsi də var idi. Əsas türk məhəllələri isə bunlar idi: Ozan, Zərrabi, Əttarlar, İmamlı, Dördyol, Soflu, Səfərabad, Toyuqçu, Böyük Bağban, Bala Bağban, ermənilərin yaşayış hissəsində isə üç türk məhəlləsi -Molla Cəlilli, Çaylı, Hacıməlikli məhəllələri də var idi. Türklərlə ermənilər arasında nifaq düşəndən sonra bu məhəllələrin sakinlərindən qadınlar, uşaqlar və yaşlılar Gəncə çayını keçərək Türklər yaşayan məhəllələrə pənah aparırdılar. Məhəllədə qalan kişilər isə ermənilərə qarşı vuruşurdular. Ermənilər qadınlı-kişili türk məhəllələrində boş qalmış evlərə soxulur və talan edirdilər.

İgidliyi ilə məşhur Tatoğlu Qara öz adamları ilə birlikdə ermənilərə ağır zərbələr vururdu. Ermənilərin özləri onu öldürməyə cürətləri çatmadığından rus əsgərlərini ələ alaraq onların vasitəsi ilə öldürtdülər. Tatoğlunun ruslar tərəfındən öldürülməsini Gəncə əhalisi hüznlə qarşıladılar. Bu hadisədən sonra türk-erməni münaqişəsi təzədən qızışır. Ermənilər tərəfınə iş üçün getmiş olan müsəlmanlar orda öldürüldüyü kimi, türk məhəllələrində alver edən ermənilər də burada qətl edilirdilər. Diqqəti cəlb edən bu idi ki, çar hökuməti və məmurları bu mühüm qanlı qırğına münasibətdə seyrçi mövqe tuturdu.

Qırğının ikinci günü iki tərəf də hazır vəziyyətdə bir-birilərinə hücum etmək işarəsi gözləyirdi. Bu əsnada Bakıda və Qarabağda da qanlı savaşların başlandığı xəbəri Gəncədə sürətlə yayılmağa başladı. Əldə edilən məlumata görə, Qarabağdan gələn xəbərlər daha faciəli idi. Qarabağda ruslar ermənilərə silah və hərbi sursatla kömək etdikləri üçün türkələrdə silah və hərbi sursatın çatışmadığı hiss olunurdu. Qarabağa yardım etmək isə çətinləşirdi. Səbəbi isə Qarabağa gedən dağlıq yolun ermənilərin, Gəncə-Yevlax dəmir yolu isə rusların nəzarəti altında idi. Bir müddət sonra Gəncədə rus alayında qulluq edən və əslən Qarabağlı olan mayor Zülfüqar bəy Bağırbəylinin (Bağırbəyli Zülfüqar bəyin Birinci Dünya Müharibəsində 1915-ci ildə Qafqaz cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən vurulmuşdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamış və cinayət “məchul güllə ilə törədilmiş” deyə ört-basdır edilmişdir.) şəxsi əşyaları adı altında Qarabağa silah atdırmaq mümkün oldu. Hadisənin üçüncü günü səhər erkən Kazak alayı komandiri general Fleyşerin (əslən alman idi) komandanlığı altında bir bölük süvari kazak bölüyü sürətlə meydana girdi. Kazaklar böyük Gəncə meydanında görünər-görünməz meydanın Dörd yol küçəsində və Sofulu tərəfdən kazakların üzərinə xalq yaylım atəşi açdı vo kazaklar meydanda bir neçə ölü və yaralı qoyaraq tez geri çəkildilər. Bir saat sonra polis rəisi və polislər meydana gələrək, silahları xalq tərəfındən alınmış cəsədləri və yaralıları apardılar. Bu kazak bölüyü meydana nə üçün gəlmişdi və nə etmək istəyirdi? Anlaya bilmədik. O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış iki min silahlı cavan ilə şəhərə girdilər.
Şəhərin məşhur adamları bir yerə toplaşıb, müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Onlar qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəllələrinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfıbəyli tərəfindən idarə olunurdu. “Nəşri-maarif” və “Xeyriyyə Cəmiyyəti” binası qərargah olmuşdur. Ələkbər bəy buradan xalqa müəyyən göstərişlər verir və vəziyyətə nəzarət edirdi. Gəncə şəhərində vəziyyətin gərginliyi çar üsul-idarəsinin yüksək rütbəli məmurlarını narahat etməyə başladığı üçün onlar general-qubernator (vali) Bauyerin ətrafına toplaşmış və nə edəcəklərini bilmirdilər. Nəhayət onlar belə bir qənaətə gəldilər ki, xalq hərəkatını Ələkbər bəydən başqa heç kəs dayandıra bilməz. Onlar bu məqsədlə Ələkbər bəyin yanına gələrək “Ələkbər bəy şəhərin yarısını məhv etmək fəlakətdir və ermənilər də tutduqlan işdən peşmandırlar” deyərək ondan bu xalq hərəkatının dayandırmağı xahış edirlər. Nəhayət, bu xahiş-minnətlərdən sonra Ələkbər bəy bu hərəkatı dayandırmaq əmrini verir.

Hər iki tərəfdə sakitlik təmin olunur və general-qubernator on türk və on erməni dəvət edərək onları barışdırır. Dəli Alı da iki minlik dəstəsi ilə şəhəri tərk edib dağlara çəkilir. Sonradan öyrənirik ki, ermənilərlə türklərin barışmaları Bakıda, Qarabağda olduğu kimi Tbilisidə də olmuşdur.

Ancaq Tbilisi barışığı daha maraqlı olduğu üçün təfsilatı ilə yazıram: Bu dəfə barışıq Qafqaz canişininin yanında olur. Türklər bu barışıq zamanı on nəfər gürcünün də olmasını istəyirlər və on erməni, on türk, on gürcü canişinin hüzurunda toplaşırlar.

Canişin uzun bir nitq söylədikdən sonra barışığın olmasını istədiyini və var qüvvəsi ilə faciənin bir də təkrar olunmayacağına söz verərək və onlara barışmalarını təklif edir. Təbii ki, gürcülər və ermənilər barışıq istəyirlər.

Türklər isə: “biz barışıq olmasın demirik, ancaq Tbilisidə ermənilər əksəriyyət təşkil etməkdədir. Biz türklər isə böyük Tbilisin bir məhəlləsində yaşamalıyıq. Biz qırğın törətmədik, soyqırıma məruz qaldıq. Hökumət də bu faciəli hadisəyə laqeyd qaldı. Əgər gürcü xalqı olmasa idi, əmin olun ki, türklərdən sülh üçün on nəfər də tapa bilməyəcəkdiniz. Demirik ki, barışmırıq, ancaq bizim tələblərimiz var. Canişin tələblərin nədən ibarət olduğunu soruşur. Türklər:

1. Ermənilərin katalikosu Tbilisə gələrək bizim Şeyxülislamdan qətl üçün əfv diləyəcək;

2. Qətl edilmiş türklərin qatilləri hökumətə təslim ediləcək. Ermənilər isə bu maddələrin aşağıdakı şərtlərlə yerinə yetirilməsini istəmişlər: “Katalikos xəstədir. Onun tərəfindən Yepiskop Baturyan Şeyxülislamın yanına gedərək qətllərdən kədərləndiyini bildirəcək. Ancaq, qatilləri rus məhkəməsinə verə bilmərik, çünki məhkəmə olarsa, bu iş uzanar. Bunlan erməni millətinin vicdanına həvalə edək. Onlar öz vasitələri ilə qatillərin cəzasını versinlər”. Ancaq çar hökuməti törətdiyi hadisəni var qüvvəsi ilə örtbasdır etməyə çalışırdı. Məsələ qapanmışdı, ancaq hadisədə ruslarla ermənilərin birlikdə hərəkət etmiş olduğu xalqımızı çox ehtiyatlı və tədbirli olmağa sövq edirdi. Qafqaz canişininin xahişi ilə Bakıda qəzet çıxaran, xalqın, xüsusilə də ziyalıların rəğbətini qazanmış və milli Azərbaycan işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdir. Xalq hökumət tərəfindən böyük cameyə dəvət edilmişdir. Came ağzına qədər dolu idi və mən də orada idim. Əhməd bəyi ilk dəfə görürdüm. Ağaoğlu minbərin ikinci pilləkəninə çıxaraq, xalqa müraciət etməyə başladı: “Möhtərəm gəncəlilər, türklərlə ermənilər arasında baş verən son hadisə hamımızı pərişan etdi. Nə müsəlmanlıq, nə də insanlıq belə vəhşi hərəkətə razı ola bilməz. Bu hadisə nədən oldu, nə üçün oldu, səbəbkarı kimdir, deyə tədqiq və müzakirəyə başlasaq, heç bir nəticə əldə edə bilmərik. Türklər və ermənilər olub keçənləri utmalıdırlar. Onlar bilməlidirlər ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan varsa, başqa heyvanları parçalasa da öz həmcinslərinə toxunmurlar. Nə qədər ağır olsa da, bildirməliyik ki, vəhşi heyvanların etmədiklərini insanlar edir. Çar üsul-idarəsindən əsrlərlə əvvəl Qafqazda türklərlə ermənilərin dost və yaxşı qonşuluq münasibətində yaşadığını unutmaq olmaz. Tarixdə bu naqis hadisəyə oxşar heç bir hadisə qeydə alınmamışdır”.

O vaxt gizli təşkilatımız ilhamını bir neçə məşhur millətpərvərlərimizdən alırdı. Bunların başında Ələkbər bəy Rəfıbəyli, Ələkbər və Ələsgər Xasməmmədli qardaşları, Nəsib bəy Yusifbəyli, doktor Həsən Ağaoğlu dururdu. Onlar camedəki bu görüşdən sonra, Əhməd bəy Ağaoğlunu axşam yeməyinə dəvət edərək, onunla geniş söhbət edirlər. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və irəlidə ruslar ermənilərin əli ilə bir pislik edə biləcəklərini nəzərə alaraq, xalqı yenidən təşkilatlandırmaq lazım idi. Bu təşkilatlanma vasitəsilə rus hökuməti ilə mübarizə etmək və ruslara anlatmaq gərək idi ki, biz asanlıqla istismara baş əyməyəcəyik. Rusların gözünü qorxutmaq üçün bir gizli terror komitəsi qurmağa, gizli firqənin “Difai” firqəsi deyə adlandırmaq qərara alınır. Az keçmədən “Difai” firqəsinə möhür hazırlanır. Firqənin ilk qurbanı Kiresçinski olmuşdur. Bu rus məmuru Gəncə general-qubernatorunun (valinin) Qarabağda müşaviri olmuşdur. Pis əməllərinə görə ona Gəncədə heç kim salam verməzmiş. Qəddar və pis əməllər sahibi olmasını özü də etiraf etmiş, bu məmur başqa yerə təyin olunmasını da hökumətdən xahiş etməyə məcbur olmuşdur. Qətlin ertəsi günü gecə “Difai” fırqəsinin möhürü ilə divarlara bəyannamələr yapışdırılmışdır.

Bir həftə sonra “Difai” firqəsi Bilal adlı bir qarabağlının general Kalasapovu öldürmək üçün Tbilisiyə göndərir. Kim olmuşdur bu Kalasçapov? O, Qarabağda diviziya komandiri olmuş və diviziyada qulluq edən erməni əsgərlərinə mülki paltar geydirərək, silahsız türkləri qətl etdirmişdir. Bu səbəbdən Tbilisiyə göndərilən Bilal iki gün sonra, ermənipərəst generalı küçədə öldürmüşdür.Beləliklə, ermənipərəst rus məmurları məhv edilirdilər.

“Difai” firqəsi öldürülənlərin günahlarını yaydığı bəyannamələrdə aydın göstərirdi. Bu hadisələrdən sonra rus məmurları qorxu içərisində bütün hərəkətlərini ölçərək, addım atırdılar. Onlar ciddi-cəhdlə “Difai” firqəsinin kimlər tərəfındən idarə edildiyini öyrənməyə çalışırdılar. Ancaq cəhdləri boşa çıxır, xalqımızdan bir şey öyrənə bilmirdilər. Çünki xalq bir şey bilmirdi, bilsə də heç nə söyləməzdi. “Difai” firqəsi heç bir yerdə qeydiyyatda deyildi, ancaq bir möhürü vardı. Bu möhürün kimdə olduğunu firqəni idarə edənlər də bilmirdilər. Rus hökuməti “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud möhürü əldə edənə 50000 qızıl pul mükafatı verəcəyini vəd etmişdir. Bu qiymətli vədlərə baxmayaraq hökumət “Difai” firqəsi haqqında heç bir məlumat əldə edə bilmirdi. Ancaq rusların təzyiqi artdığına görə firqə fəaliyyətini müəyyən bir zaman üçün dayandırmaq məcburiyyətində qaldı. Səbəbi isə bir xəbərin alınması oldu. Rus idarələrində “Difai”nin xeyrinə işləyən adamlar var idi. Bunlardan ən mühümü çar hökumətinin gizli polisində tərcüməçi və katib işləyən Sədrəddin adlı bir şəxs idi. Günlərin birində o, “Difai” firqəsinin üzvü olmasını güman etdiyi bir nəfərə xəbər verir ki, Molla Hadı adlı bir şəxs gizli olaraq polisə gəlir və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişinin otağına aparılır. Zənnimcə erməni Molla Hadıya tərcüməçilik edir və onlar bu otaqda qalaraq uzun müddət söhbət edirlər. “Difai” toplantılarına ara verir, ancaq bütün cəhdlərini rusların nəyi təqib etdiklərini öyrənməyə yönəldirlər. Molla Hadı göz altına alınır. Tədqiqat nəticəsində Molla Hadının ruslara satıldığı aydınlaşır. Molla Hadının soyu araşdırılırsa da, onun Gəncəyə nə vaxt gəldiyi müəyyən edilə bilmir. Ancaq öyrənilir ki, Molla Hadını hər axşam mülki geyimli bir polis mühafızə edərək evinə qədər müşayiət edir. Gündüzlər də polis onu mülki paltarda arxasınca gəzərək qoruyur. “Difai” firqəsi Molla Hadının qətlinə fərman verir və bir gün sonra o qətlə yetirilir. Polislər cənazəsini evinə gətirirlər. Cənazə bir gün evində qalır. Mollalardan heç biri cənazə namazını qılıb dəfn eyləməyə cəsarət etmir. Nəhayət Molla Musa adlı birisi “Difai” firqəsinin üzvü ehtimal etdiyi bir tanışına yanaşır və ona “cənazə evdə qaldı, sən icazə ver mən gedim cənazə namazı qılıb dəfn etdirim” deyir. Tanışı Molla Musanın üstünə hirslənib deyir: “Mənə nə, nə üçün məndən soruşursan, kim sənə nə edər get dəfn etdir”. Molla Musa bu cavabı “Difai” firqəsi tərəfındən icazə sayır və Molla Hadını dəfn etdirir. Mən burada uzun müddət fəaliyyət göstərmiş “Difai” firqəsinin gördüyü bütün işləri sadalayası deyiləm. Beləliklə çar hökuməti ilə “Difai” firqəsinin arasındakı mübarizə 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. Xalqımızın da, “Difai” firqəsinin də gəldiyi qənaətə görə, artıq rus məmurları hər vasitə ilə özlərini sevdirməyə çalışırdılar. Bu illərdə mən də gizli təşkilatda çalışırdım. Toplantılarımızın birində yoldaşlarımızdan biri: Artıq “Difai” fəaliyyətini dayandırır. Möhürü saxlayacağammı, yoxsa məhv ediləcək deyə soruşdu. Mirzə Məhəmməd “onu yox etməyəcəyik, o möhür gələcək Azərbaycan muzeyində saxlanacaq” dedi. Bununla da möhürün Mirzə Məhəmməddə olduğu aydınlaşdı.
davamı
Demək olar ki, xalqımıza qarşı hər zaman məkrli əməlləri ilə birlikdə hərəkət edən erməni-rus birliyinə qarşı xalqın içindən bir dirəniş hərəkatı yarandı. Yarandığı gündən düşməni dizə gətirdi desək yanılmarıq. Bu təşkilatın adını çox az adam olar ki, duyub eşitməsin, onun fəaliyyəti ilə qürur duymasın. Dillərdə əfsanələşən bu təşkilatın adı “Difai” idi.

Azərbaycan Demokratik Cümhuriyyətinin “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi olmuş Nağı bəy Şeyxzamanlı öz xatirələrində “Difai”nin yaranması və faəliyyəti haqqında ətraflı məlumat verib. Enter.News “Difai” ilə bağlı olan hissəni təqdim edir:

Yazının əvvəlini bu linkdən oxuyun

1909-cu ildə Gəncə şəhərinə Rusiyadan Kruçkov familiyalı kənd təsərrüfatı mühəndisi olan bir rus gəldi. O, bütün ziyalılar ilə görüşür və hər kəslə səmimi yoldaşlıq edirdi. Bir axşam şəhər klubunda ətrafına bəzi ziyalı gəncləri toplamış. Kruçkovu gördüm və mən də onlara yaxınlaşdım. Kruçkov özünü bizlərə təqdim edir və “mən kənd təsərrüfatı mühəndisiyəm, ixtisasını çoxdan atdım, indi isə mən beynəlxalq “Espiranto” dili təşkilatının üzvüyəm. Burada “Espiranto” dili kursu açacağam və siz gənclərə iki ay içərisində yazmağı, oxumağı və sərbəst danışmağı öyrədəcəyəm. Dünən erməni cəmiyyətindən çox razı qaldım. Siz də kurslara yazılm ki, dərhal dərsə başlayaq” dedi. Beləliklə, maarif idarəsindən icazə alındı. Şəhərin ibtidai məktəblərinin birində dərsə başladıq. Kruçkov bir tərəfdən dərsə davam edir, digər tərəfdən xalqın bütün təbəqələri ilə dil tapır və təbliğat aparırdı. O, demək olar ki, şəhərdəki bütün cəmiyyətlərlə yaxından əlaqə saxlayırdı. O, bir gün məndən “siz ruscadan türkcəyə tərcümə edə bilirsinizmi?” deyə soruşdu. Mən də cavabında “sizi bir nəfərlə tanış edərəm, o sizə kömək edər” dedim. Mən onu gimnaziyada türk dili müəllimi olan Mirzə Məhəmmədlə tanış etdim. Onlar bir-biri ilə tezliklə dil tapdılar.

Kruçkov bir gün mənə özünün inqilabçı sosialist partiyasının uzvü olduğunu söylədi. Aradan iki ay keçdi, ancaq onun dil dərsləri o qədər də müvəffəqiyyət qazana bilmirdi. Bir axşam Mirzə Məhəmmədin xanımı təlaş içində yanıma gəldi və dedi: “Başımıza fəlakət gəldi. Rus gizli polisindən gəlib, evi alt-üst etdilər və nə qədər sənəd var idisə götürüb apardılar. Onlar evdə tapılan möhürdən də şübhələndilər və onu da yoxlamaq üçün özləri ilə idarələrinə apardılar”. Mən dərhal “Difai”nin möhürünün ələ keçdiyini anladım. Mirzə Məhəmmədin xanımı və iki kiçik yaşlı oğlu var idi. Ona təsəlli verib oturmağını xahiş etdim. Ancaq qadın oturmayaraq “Uşaqları evdə tək buraxıb sizə xəbərə qaçdım” dedi və tələsik getdi. Mən dərhal gizli polisdə katib və tərcüməçi işləyən dostumun yanına getdim. O, məni evin bağçasında qəbul etdi. O da mənim qədər kədərli idi. Biz bir müddət bir-birimizin üzünə baxaraq danışmadıq. Nəhayət mən nə edəcəyimizi soruşdum. O isə “bir şey edə bilməyəcəyik, möhür bütün millətçilərimizi məhv edəcək” dedi. “Dostum, bizi bu fəlakətdən qurtarsan, sən qurtara biləcəksən”. O isə cavabında “Mənim əlimdən nə gəlir. Mən bütün sənədləri möhürlə birgə seyfə qoydum. Rəis mənə səhər tezdən gəl bu kağızları tədqiq et, xüsusilə möhür çox əhəmiyyətlidir” dedi. Mən ona belə təklif etdim: “Dram cəmiyyətində saxladığımız inqilabçı sosialist partiyasının möhürünü gətirib sizə verim, siz də bu möhürü səhər “Difai” firqəsinin möhürü ilə dəyişdirin və məhv edin”. O, mənim bu təklifimi qəbul etdi mən dərhal möhürü gətirib ona verdim və sabah axşam görüşməyi qərara aldıq. Biz səhəri gün öyrəndik ki, bizim Kruçkov da həbs edilib. Mən axşamı dörd gözlə gözləyirdim. Nəhayət axşam oldu və tərcüməçi dostumla görüşdüm. O, vəziyyəti belə anladır: “İçəri girəndə gördüm ki, soba gurhagur yanır. Tez seyfi açıb möhürü oradan götürüb sobaya atdım və yerinə cibimdəkini qoyub qapısını bağladım. Sobada əllərimi qızdırarkən rəis içəri girdi və mənimlə salamlaşdıqdan sonra “Tez seyfı aç! Möhür məni bütün gecə narahat edib. Oxu görək o nə möhürdür” dedi. Mən dərhal seyfi açıb kağızları və möhürü götürdüm. Möhürü mürəkkəbə batırıb kağızın üzərinə basdım. Möhürün yazıları aydın görünür. Bir yerdə baxırıq. Rəis möhürün türk dilində olduğunu görüb oxu nə yazılıb deyir. Mən möhürün bir sosialist möhürü olduğunu söylədim. Kağızlardan rusca olan bəziləri türkcəyə tərcümə olunmuşdursa da, bəziləri hələ tamamlanmamış vəziyyətdə idi. Mən tərcüməçi dostumun bu sözlərindən sonra bir ah çəkdim və gözlərimi yumdum və düşüncəyə daldım. Sevinir və həm də kədərlənirdim. Bizə müqəddəs olan “Difai” möhürü - müstəqil Azərbaycan muzeyini zinətləndirəcək möhür - Azəri düşməni, Qarabağ canisi general Kalaşçapovu Tbilisidə, vali müşaviri Kreçkinskini və polis müdiri Banikovu Gəncədə, erməni Vasilini və ən nəhayət, Molla Hadını qətl edilmələrini xalqa bəyan edən kağızı bəzəyən möhür düşmən sobasında yandırasan. Sən ey müqəddəs möhür sobada yanmağınla xalqımızı son dərəcə böyük bir fəlakətdən xilas edirsən.

Gözlərimi açıb tərcüməçi dostuma baxıram. Bilmirəm sevincdənmi, yoxsa kədərdənmi gözlərim yaşarır. Sonra tərcüməçi dostum sözünə davam edərək bunları qeyd etdi: “Biz Kruçkovla Mirzə Məhəmmədi üzləşdirdik”. İstintaq zamanı Mirzə Məhəmməd susur, Kruçkov isə verilən suallara dərhal cavab verirdi: “Mən bu sənədləri Mirzə Məhəmmədə rus dilindən türk dilinə tərcümə etmək üçün vermişəm. Bu zaman polkovnik Mirzə Məhəmməddən “sən sosialistsənmi?” soruşur. Mirzə Məhəmməd “xeyr” deyir. Polkovnik “əgər sən sosialist deyilsənsə, bu sosialist firqəsinin sənin evində nə işi var?” Yenə bu vaxt Kruçkov yenidən söhbətə qarışır və “möhürü mən ona vermişəm, möhür mənimdir” deyir.

Bu söhbətdən sonra Mirzə Məhəmməd yavaş-yavaş “vəziyyəti” anlamağa başlayır. Sonra Kruçkov həbs olunaraq Rusiyaya göndərilir. Mirzə Məhəmməd də Rusiya Daxili İşlər Nazirinin əmri ilə 5 il müddətinə Gəncədən İran sərhəddinə yaxın bir yerə sürgün olunur. Gəncə gəncləri göz bəbəyi kimi sevdikləri Mirzə Məhəmmədin ailəsini 5 il heç bir şeydən əziyyət çəkməyə qoymurlar. Mirzə Məhəmmədin sürgün olunmasından sonra Gəncə gimnazıyasında boş qalan müəllim yerinə “Maarif” Cəmiyyəti tərəfındən Mirzə Hüseyn adlı bir müəllim namizəd göstərilmişdir. Ancaq şəhərin rus olan maarif müdiri bu şəxsi təyin etmək istəmirdi. O, boşalmış bu yerə Əli Rza adlı o qədər də məşhur olmayan bir şəxsi təyin etmək istəyirdi. Gəncə “Maarif” Cəmiyyəti vəziyyəti Ələkbər bəy Rəfibəyliyə bildirdi. O, axşam klubda maarif idarəsinin müdiri ilə görüşəcəyini qeyd etdi. Rəfibəyli klubda yaşlı maarif müdirindən gimnaziyaya Mirzə Hüseynin təyin olunmasına razılıq verin demişdir. Ələkbər bəyin bu sözlərindən sonra müdir bir az fikirləşdikdən sonra Gəncə gimnaziyasına Mirzə Hüseynin müəllim təyin olunmasına razılıq vermişdir. 1917-ci ildə rus imperiyası dağılmış, çar taxtından salınmış və Kerenskinin başçılığı ilə müvəqqəti hökumət qurulmuşdur. Millətlər zindanı olan Rusıyada hər məhkum millət milli qayələri üçün çalışır və imkan düşdükcə mərkəzdən uzaqlaşırlar. Kerenski də Rusiyanın parçalanmasına mane olmaq və Rusiyanın əvvəlki bütü məhkum millətlərini mərkəzə bağlamaq istəyirdi. Bu məqsədlə Peterburqdan Rusiyanın hər tərəfinə təlimatlar göndərilirdi.

Vəzifələrindən uzaqlaşdırılmış valilərin (qubernatorların C.Q., M.Ə.) səlahiyyətləri mərkəzi bələdiyyə rəisinə keçir və bunlara Vilayət Komissarı deyilirdi. Bu dövrdə Gəncə şəhərinin bələdiyyə rəisi olan mərhum Xəlil bəy Xasməmmədli Vilayət Komissarı olaraq işə başladı. Şəhərin görkəmli və siyasi işlərdə özlərini tanıtmış 25 türk və erməni bələdiyyə idarəsinə dəvət edildilər.

Kerenski isə təlimat verməkdə davam edirdi. Təlimatların birində Vilayət Komissarının rəhbərliyi altında icraiyyə komitəsinin təşkili (Исполнительный Комитет) və bu komitəyə siyasi partiya və cəmiyyətlərin də bir üzv daxil edilməsi tələb olunurdu. Gəncə şəhərində əhalinin əksəriyyətini türklər təşkil edirdi. Bu səbəbdən də türklər və ermənilər ayrı-ayrı qurduqları siyasi təşkilatlarından birisi türk və digəri erməni olmaqla sənət və əsnaf təşkilatlarından iki üzv ilə Bələdiyyə Məclisində iştirak etdilər. Bələdiyyə Məclisinin qəbul etdiyi proqramın ətrafında müzakirlər başlandı və seçki keçirildi. Türk və erməni təşkilatlarından İcraiyyə Komitəsinə seçilənlər yüksək təhsil görmüş millətçilər idi. Yalnız sənət və əsnaf cəmiyyətlərindən bir türk və erməni seçilmişdi. Bunlara Bələdiyyə Məclisindən əlavə edildi. Bunların da biri türk, digəri erməni idi. Seçkidən hər iki tərəf razı idi. Növbə siyasi partiyalara gəlmişdi. Sosialist bir erməni söz istədi. O zaman Rusiyada iki sosialist firqəsi var idi. Erməni bu partiyaların tarixlərindən uzunuzadı bəhs etdikdən sonra hər partiyadan iki nəfərin üzvlüyə qəbul olunmasını istədi və namizədlərin adlarını dedi. Bunlardan ikisi rus, biri erməni, biri də gürcü idi. Erməni sözünü bitirər-bitirməz zalda gurultu başladı. Türklərdən bir nəfər söz aldı və erməniyə xitabən: “Vətəndaş, bu saydığın sosialistlər çox qiymətli və bacarıqlı ola bilər, bunların varlığı və dəyəri sosialist mərkəzlərini məmnun edə bilər. Bu vilayətin xalqı sosialist deyil, millətçidir. Bunları ancaq türk və erməni millətindən olan millət xadimləri idarə edir və etməkdədirlər. Hər iki sosialist partiyasından bir türk və bir erməni seçilməlidir. Bunlar da burada yalnız xalqımıza aid məsələlər ilə məşğul olmalıdırlar və sosialist partiyalarının mərkəzləri ilə əlaqələrini kəsməlidirlər”. Müzakirə sona çatırdı. Bu zaman iclasın sədri iki məktubdan bəhs edəcəyini bildirdi. Məktubdan biri Gəncə şəhərində yaşayan ruslar tərəfındən yazılmışdı. Onlar İcraiyyə Komitəsinə ruslardan da bir nəfərin qəbul edilməsini xahiş edirdilər. Buna türklər etiraz etdilər və məktubun müzakirə edilməsi rədd edildi. Ermənilər isə susurdular. İkinci məktub isə əsgərlərin “Soldatski Deputat” adlanan təşkilatına aid idi. Bu məktubda şəhərdə olan 15 min əsgəri təmsil etmək üçün məclisə beş nəfər nümayəndə daxil edilməsi xahiş olunurdu. Yenə türklərdən bir neçə nəfər söz alaraq sərt etirazlarını bildirdilər. Onlar “Rus əsgərləri hayasız və lazımsız yerə Gəncə şəhərində qalmaqdadırlar”. Onların burada qalmağına artıq heç bir ehtiyac yoxdur. Əslində isə İcraiyyə Komitəsinin ilk işi onları Rusiyaya göndərmək olmalıdır. Getmək istəmədikləri təqdirdə zorla tərk-silah edilərək vaqonlara doldurulub dəmiryol idarəsinə təhvil verilməlidirlər dedilər. “Soldatski Deputat” təşkilatından göndərilən məktub rədd edildi və onların rusiyaya göndərilməsi təklifı isə qəbul edildi. İclas öz işini hələlik davam etdirirdi. Türklər məclisə “Adəmi-Mərkəziyyət” Partiyasından bir nəfərin daxil edilməsini təklif etdilər. Təklif qəbul edildi. Dörd saat davam edən müzakirə sona çatmaqda idi. Bu zaman bir erməni ayağa qalxaraq “vətəndaşlar, bilirsinizmi ki, erməni millətinin iki mühüm siyasi partiyası vardır: biri “Daşnak”, digəri isə “Hınçak”dır” dedi. O, “Hınçaq” ın tarixini uzun-uzadı anlatdı və sözünə davam edərək bildirdi ki, bu partiyanın qayəsi qonşularla sülh şəraitində yaşamaqdır. Məclisə bu partiyadan da bir üzv seçilərsə türklər heç bir şey itirməzlər, onsuz da onlar çoxluq təşkil edirlər. Hamı susurdu. Mən dördüncü sırada oturmuşdum. Öndəki bir yoldaşa: “sən də “Difai” firqəsindən də bir üzv qəbul edilməsini və namizəd olaraq firqəni idarə edən Nağı bəyi təklif et” dedim. Yoldaş sözümü dinlədi və dediklərimi yerinə yetirdi. Mən ayağa durub adımı və ünvanımı söylədim. Bu zaman iclasda iştirk edən türklərin və ermənilərin gözləri məndə idi. Onlar on il çar hökumətini dəhşət və qorxu içində saxlayan gizli “Difai” firqəsinin təmsılçisini görürdülər. Bizim qayəmiz məclisdə əksəriyyəti təmin etmək idi. “Difai” firqəsinə ehtiyac yox idi. Xalqımız istədikləri kımi rus üsul-idarəsini ləğv edirdi.

Müzakirə bitdikdən sonra iclasın müfəssəl protokolu tutuldu o ertəsı gün Kerenskiyə göndərildi. Bir həftə sonra Kerenskidən teleqram alındı. Teleqramda “Difai” firqəsinin tarixi və əsasnaməsi barədə məlumat istənilirdi. Tezliklə istənilənləri göndərdik. Biz artıq “Difai” firqəsinin yenidən fəaliyyət göstərilməsinin zəruriliyini hiss edirdik. Biz firqənin fəaliyyətini nizama salmaq məqsədilə ilk iş olaraq silahlı gənclərdən Gəncə şəhərinin hər məhəlləsində “Difai” ocağı qurduq. Bu ocağın üzvlərinə hərbi təlim keçmək üçün hər ocağa bir zabit təyin edildi. İki ay keçdikdən sonra mükəmməl bir hərbi qüvvəsi olan “Difai” firqəsinin yardımı ilə Gəncə Milli Komitəsi rusların 218 və 219-cu ehtiyat alaylarının silahlarını alıb, özlərini isə şəhərdən dəmiryolu stansiyasına gətirdilər. “Difai” firqəsinin hərbi təlim və məşqləri rus əsgərlərini, hətta erməniləri də qorxudurdu.

Birinci Dünya müharibəsində ruslar Qafqaz türklərinin könüllülərindən ibarət olan altı alaydan bir diviziya təşkil edib, ona “Dikaya diviziya” adı verdilər. Bu diviziya rusların Tatar alayı dedikləri Azərbaycan alayı da daxil olmaqla Dağıstan, Kabardin, İnquş, Osetin, Çeçen və müxtəlif Qafqaz millətlərindən təşkil edilmişdi. Ruslar bunlara hörmət və ehtiram etmədiklərindən vəhşi firqə mənasını verən “Dikaya diviziya” demişlər.

Yeri gəlmişkən bunu da qeyd edək ki, Azərbaycan xalqı Azərbaycan türkləri olduğunu ruslara qəbul etdirə bilmədi. Ruslar xalqımıza israrla Tatar, dilimizə Tatar dili dedilər. Onlar ziyalıların etirazları nəticəsində Tatar sözünü işlətmədilərsə də, yenə də türkcəni qəbul etmədilər və “Vətən dili”, yaxud yerli dil dedilər. “Dikaya diviziya” 1917-ci il inqilabında rus əsgərlərinin təbliğatına uymadılar. Rus əsgərləri kimi öz zabitlərini öldürmədilər və hərbi nizam-intizama, ənənə və adətə sadiq qalaraq öz zabit heyəti ilə Qafqazdan özləri ilə apardıqları atlarının üstündə Vətənə döndülər. Diviziyanı təşkil edən və rusların Tatar alayı dedikləri Azərbaycan alayı da şəhərin böyük meydanında sıraya düzüldü. Ətrafda camaat toplaşdı. Bir tərəfdə məktəb tələbələri, digər tərəfdə “Difai” firqəsinin silahlı qüvvələri durmuşdu. Baş tərəfdə şəhərin məşhur şəxsləri, qarşı tərəfdə isə Azərbaycan alayı yerləşdi. Saat 11-də alay nizamla farağat vəziyyəti aldı və alayı şəhər Milli Komitəsi “Xoş gəlmisiniz” deyə salamladı. Sonra Milli cəbhədə xalqımızın nələr etdiyi haqqında çıxışlar edildi. “Difai” firqəsi adından söz mənə verildi. Mən belə nitq söylədim: “Əziz və qəhrəman qardaşlarım! Siz könüllü yazılarkən, rus ordusu ilə bərabər almanlarla vuruşmağa gedərkən sizdən bir heyət gizli təşkilatımıza gəlmişdi. Biz onlarla görüşüb uzun müddət söhbət etdik. Könüllü olaraq cəbhəyə gedişinizi xalqın bəyənmədiyi bizə söyləndi. Siz isə “müharibəyə getməkdə məqsədimiz ruslara kömək etmək deyil, qayəmiz sadəcə olaraq müharibə görmək və müharibə üsullarını öyrənməkdir” deyə cavab verdiniz. Siz haqlı çıxdınız. Göstərdiyiniz qəhrəmanlıqlan mətbuat dönə-dönə qeyd etdi. Rus imperiyası çökdü. Rusiya anarxiya içində qovrulduğu kimi, rus ordusu da cəbhəni tərk etdi. Əsgərlər öz zabitlərini öldürdü. Hərbi nizam-intizam deyilən şeydən heç bir əsər-əlamət qalmadı. Ancaq siz öz zabit heyətinizlə milli ənənə və adətinizə sadiq qalaraq böyük bir enerji və intizamla alqımızın önündə durursunuz, xalqımız sizi sevinclə bağrına basır. Milli Komitəmiz uğurla idarə etməkdə və xalqımızı təhlükəsiz sülh içində yaşatmaqdadır. “Difai” firqəsi Milli Komitəni silahlı qüvvələri ilə dəstəkləyir. Xalqımız Azərbaycan ordusunun nüvəsi olan sizlərdən böyük işlər gözləməkdədir”. Mən sözlərimi bitirdikdən sonra alayın imamı olan şair Məhəmməd Hadi sözə başladı: “Əziz vətəndaşlarım! Alayımızı təşkil edən Azərbaycan türklərinin göstərdikləri hərbi qabiliyyət və qəhrəmanlığı haqqında çox şey söyləmək olar. Ancaq mən burada bir hadisədən bəhs edəcəyəm. Qızğın müharibə gedirdi. Samsonovun komandanlığı altında olan rus ordusu ilə alman qüvvələri möhkəm vuruşurdular. Samsonov ordusunun sağ cinahını “Dikaya diviziya”sı qoruyurdu. Almanlar rus ordusunun müqavimətini qıraraq, onu mühasirəyə aldılar. Almanlar mühasirəni daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın tədbirli rəhbərliyi ilə alayımız almanlara hücum edərək, cəbhəni yardı və alayı ikiyə bölərək, yarılan mühasirənin sağ və solunu sıxışdırmağa başladı. Beləliklə, beş alaydan ibarət olan qafqazlı qardaşları alman mühasirəsindən xilas edildi. Bu mühüm hadisə həftələrlə rus mətbuatının səhifələrində işıqlandırıldı. Çar alayın bu qəhrəman hərəkətinə görə onun bayrağma ən yüksək nişanını taxdı”. Hörmətli və əziz şairimiz Məhəmməd Hadinin sözləri xalq tərəfindən sürəkli alqışlarla alqışlandı. Mən də həyəcanlanmışdım. Hamı kimi məni də sevindirən bu əhəmiyyətli hadisəni 33 ildən sonra İstanbulda sabiq "Dikaya diviziya”nın Dağıstan alayının zabitlərindən olmuş Əhməd bəy Avarlıdan eşitdim.”

SON.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed